AŞPA və Avropa Parlamentində Mehman Hüseynovla bağlı müzakirə olacağı gözlənilir
Yanvarın sonunda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında, eləcə də Avropa Parlamentində həbsinin bitməsinə az qalmış yeni ittihamlarla üzləşən bloqer Mehman Hüseynovun məsələsi müzakirə predmeti olacaq.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azadlıq Radiosuna müsahibəsində deyib ki, beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasında, Avropa Parlamentində müzakirə olunacaq bu məsələlərə görə narahatdır. Deputat hesab edib ki, burda Azərbaycana qarşı qüvvələr öz rolunu oynayır:
“Son hadisələr buna dəlalət edir ki, Azərbaycanla bağlı hər hansı məsələ gündəmdən çıxan kimi başqası gündəmə gətirilir. Xüsusilə İlqar Məmmədov azadlığa çıxandan sonra beynəlxalq qurumların gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yox idi. İndi yenə bu məsələlər beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasında, Avropa Parlamentində müzakirə olunacaq. Təbii ki, bu məsələlərlə bağlı ünsiyyətdə olmaq çox çətindir, bu yaxınlarda nümayəndə heyətimiz Strasburqa gedəndə bunların hamısı ilə rastlaşacağıq, fikirlər dinləyəcəyik. Bu, o qədər də asan deyil. Ancaq düşünürəm ki, normal və heç bir problem olmadığı vaxtda yaxşı nailiyyətlər də əldə etdik. Məsələn, Avropa Parlamentində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələləri qaldırdıq, Avropa Şurasında məruzəçilərlə danışıqların normal gedişinə nail olduq. Amma hamısı yenidən imtahana çəkilir. Birinci dəfə olmadığından bizdə belə bir fikir formalaşır ki, bu, təsadüf ola bilməz”.
Cavab verməyə sözümüz var
Səməd Seyidov deyib ki, cavab verməyə sözləri var:
“Əlimizdə sənədlər, əsaslar aparırıq. Hüquq-mühafizə orqanlarının arayışları var, qeyri-dövlət təşkilatlarının, Azərbaycandakı diplomatik korpusun, ombudsmanın, həbsxanadakı insanların özlərinin fikrilərini aparırıq. Bütün sənədlər əlimizdədir. Bu baxımdan biz həqiqəti, reallığı Avropa deputatlarına, bununla maraqlananlara çatdıracağıq. Amma mən bilirəm ki, bizə, Azərbaycan nümayəndə heyətinə təzyiqlər, ittihamlar, suallar olacaq”.
“Mən faktlara əsaslanıram. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə şübhə etməyə əsasım yoxdur. Hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin, Penitensiar Xidmətin işi ilə bağlı sənədlər əlimizdədir, – deyən deputat daha sonra vurğulayıb:
“Biz bilirik ki, bu saat Mehman Hüseynov aclıq etmədiyi halda aclıq aksiyası ilə bağlı beynəlxalq təşkilatlardan suallar gəlir. Beynəlxalq təşkilat da bunu hansısa formada gündəmə gətirməyə cəhd edir, ancaq real vəziyyəti öyrənməyə cəhd edilmir. Söhbət şübhələnməkdən getmir. Bu saat elə dövrdə yaşayırıq ki, beynəlxalq təşkilatlarla işləmək o qədər də asan deyil. O ki qaldı sizin şübhələnmək haqda dediklərinizə, şübhə yox, faktlarla danışmaq lazımdır. Faktları rəsmi qurumlardan, ombudsmandan əldə edirik. Nəhayət, özümüz də baş verənləri təhlil edə bilirik”.
Diqqəti yayındırmağa çalışırlar
Səməd Seyidovun fikrincə, beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlıq etməyə başlayanda bu cür məsələlər ortaya çıxır:
“Məsələn, bir qədər əvvəl qərəzli korrupsiya məsələsi ortaya çıxdı və s. Məqsəd konstruktiv əməkdaşlıqdan, Avropaya inteqrasiyadan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində işləməkdən diqqəti yayındırmaqdır. Diqqət yenə insan haqları məsələsinə yönəldilir. Hətta düşünürəm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çətin gözə görünən, amma müsbət dəyişikliklər də, ola bilsin, kimisə narahat edir. Bu gün (müsahibə yanvarın 15-də götürülüb – A.R.) Elmar Məmmədyarov həmsədrlərlə görüşür. Baxaq görək nə olur. Hər bir halda təcrübəm deməyə əsas verir ki, müsbət istiqamətdə gedən proseslər xoşagəlməz bir proseslə müşayiət olunur, diqqəti yayındırırlar, qanunların pozulmasından danışmaqla süni müzakirələr yaratmağa, beynəlxalq təşkilatlarda qətnamələr, bəyanatlar verilməsinə yönləndirirlər. Birinci dəfə deyil və təəccüb də etmirik”.
“Bəlkə hökumət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Avropaya inteqrasiyanı başa çatdırmaq üçün işə ilk növbədə qarşısına əngəl kimi, baryer kimi çıxan insan haqları sahəsindəki problemləri, siyasi məhbus problemini kökündən həll etməklə başlamalıdır?” – sualına cavabında Səməd Seyidov deyib ki, İnsan haqları, demokratik inkişaf məsələsi birtərəfli proses deyil. Azərbaycan beynəlxalq sistemə inteqrasiya etmiş ölkədir. Bu baxımdan insan haqları, bəşəri dəyərlər, demokratiyanın inkişafı bu saat bir ölkənin təkbaşına fəaliyyətindən asılı deyil:
“Ermənistanda dəfələrlə qanunsuz, saxta seçkilər keçirilib, ancaq beynəlxalq qurumlar hesabatlarda əksini yazıb. Maraqlı dünyada yaşayırıq. Beynəlxalq dairələr onların oyununu oynamadıqda sizi başqa cür təqdim edirlər. Ona görə Azərbaycan çətin mövqedədir. Azərbaycan postsovet ölkələri arasında bəlkə də yeganə dövlətdir ki, tam müstəqil siyasət aparmaq gücündədir. Bu, asan deyil. Ermənistan, hətta bizimlə dost olan Gürcüstan tam müstəqil siyasət aparmaq iqtidarında deyillər. Azərbaycan isə aparır deyə, çətin, xoşagəlməz nəticələrlə üzləşir. İnteqrasiyadan danışırıq, mitinqlərə icazə veririk, amma demokratik dəyərlərə əməl edilmədiyi deyilir. Ona görə çox ehtiyatlı davranmaq lazımdır. Nəzərə alınmalıdır ki, insan haqları həssas məsələdir. Bəzən beynəlxalq təşkilatlar bundan sui-istifadə edirlər”.
Avropa Parlamenti qətnamə qəbul edə bilər
Avropa Parlamentinin Almaniyadan olan deputatı Rebecca Harms deyib ki, yanvarın 17-də Avropa Parlamenti Mehman Hüseynovun işinə görə Azərbaycan üzrə təcili qətnamə qəbul edilməsini müzakirəyə çıxaracaq.
Bu barədə
“Toplum TV”-yə
danışan hüquq müdafiəçisi Rəsul Cəfərov həmin müzakirələrdə iştirak edəcəyini vurğulayıb. Onun sözlərinə görə, sözügedən qətnamə məcburi xarakter daşımır:
“Hüquqi baxımdan götürəndə qətnamə Azərbaycan üçün məcburi xarakter daşımır. Çünki Azərbaycan Avropa Birliyinin üzvü deyil və ona görə də Avropa Birliyinin hansısa sturukturlarının, o cümlədən Avropa Parlamentinin qətnaməsi daha çox siyasi mövqe ifadə edir, nəinki hansısa bir öhdəlik yaradır. Məsələ burasındadır ki, Avropa Parlamenti Avropa Birliyinin imzaladığı razılaşmaları ratifikasiya etmək səlahiyyətinə malikdir. Eyni zamanda Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli strateji razılaşma üzərində iş gedir. Avropa Parlamenti ötən ilin iyulunda qətnamə qəbul etdi və açıq şəkildə mesaj verdi ki, əgər Azərbaycanda siyasi məhbus problemi və insan haqları ilə bağlı problemlər həll edilməsə, Azərbaycanla Avropa Birliyi arasında imzalanması gözlənilən müqaviləni ratifikasiya etməyəcək. Müqavilənin ratifikasiya edilməməsi o anlama gəlir ki, həmin müqavilə faktiki olaraq qüvvədə olmur. Çünki müqavilənin qüvvəyə minməsi üçün sözügedən müqavilə ratifikasiya edilməlidir. Bu prizmadan yanaşdıqda cümə axşamı baş tutacaq iclas istər məsələnin müzakirəsi baxımından, istərsə də hansısa qətnamənin qəbul edilməsi baxımından önəmlidir. Həmin qətnamə siyasi mövqe baxımından çox vacibdir. Yəni Avropa Parlamenti kimi bir qurum Azərbaycanda siyasi məhbus problemini bildiyi və bu məsələdən narahat olduqları haqqında mesaj vermiş olacaq. O ki qaldı sanksiyalara, Avropa Parlamenti özü birbaşa sanksiyalar tətbiq etmir, amma sanksiyanın tətbiqinə digərlərini çağıra bilər. Avropa Parlamentinin müzakirələrindən mənim gözləntim bunlardır”.
Xatırlatma
Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış qarşı yeni cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə təqsirləndirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. Sonradan bu aksiyaya ictimai fəallar, siyasətçilər və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər də qoşulublar.