“
Deputatlardan istifadə edib Azərbaycana təzyiq göstərəcəklər”
“Qarşıdan “Şərq tərəfdaşlığı” ilə bağlı noyabr sammiti gəlir. Bu ərəfədə erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr bütün vasitələrdən istifadə edib təzyiq göstərəcəklər ki, bizi bu “Şərq Tərəfdaşlığı” proqramından uzaqlaşdırsınlar, ölkəyə sanksiyalar tətbiq etsinlər, Azərbaycan Avropa istiqamətində getməsin. Ona görə ki, burda TAP var, TANAP var, Azərbaycanın Avropaya alternativ enerji gətirməsi var…”.
Bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azadlıq Radiosuna müsahibəsində deyib.
Millət vəkili ABŞ senatoru Riçard Durbinin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim etməsinə də münasibət bildirib:
“Çox təəssüflər olsun ki, birinci dəfə deyil Birləşmiş Ştatlarda senatorlar, konqresmenlər tərəfindən bu cür sanksiyalarla bağlı təkliflər, qanun layihələri gəlir. Bunlar hamısı Azərbaycanın müstəqil siyasətinə təzyiq vasitəsidir. Heç kimə sirr deyil ki, Azərbaycan müstəqil siyasət aparır, bəzi dairələr, ölkələr bundan özlərini bir o qədər də rahat hiss etmirlər. Mehman Əliyevlə bağlı düzəlişin təqdim olunması da qəribə görünür. Hələlik, onunla bağlı qərar verilməyib, istintaq gedir. Burda vergiylə bağlı məsələlər var, o biri yandan Azərbaycanda ictimai xadimlər, mədəniyyət xadimləri Mehman Əliyevlə bağlı müraciət ediblər. Yəni hələ proses gedir, yekun yoxdur. Qanun pozuntusu var və bu hadisəni tez-tələsik sanksiyalar səviyyəsinə qaldırmaq bunu alətə çevirməkdir. Dəfələrlə bunu görmüşük ki, hansısa məsələdən istifadə edib Azərbaycana təzyiq göstərmək istəyirlər”.
S.Seyidovun fikrincə, xarici deputatlar, təşkilat nümayəndələri bu addımları jurnalistlərdən çəkindikləri üçün atırlar:
“AŞPA-nın Monitorinq Komitəsinin iclasında deputatların bir qismi çıxışlarında belə deyirdilər: “Biz bu məsələni təcili gündəliyə və ya sənədə daxil etməliyik ki, sabah jurnalistlər bizi Azərbaycanla hansısa formada əlaqədə olmaqda ittiham etməsinlər. Ona görə, düzdür, əyridir, həqiqətdir, həqiqətə uyğun deyil, proses qurtarıb və ya gedir, bu, bizi maraqlandırmır. Bizi maraqlandıran odur ki, biz Azərbaycanla bağlı o bəndi salaq ki, həm özümüzə xal qazanaq, həm də kimsə bizi ittiham etməsin, özümüzü sığortalayaq”. Açıq şəkildə söhbət belə gedirdi, mən sizə tam səmimi deyirəm. Bu səviyyədə söhbət gedirsə, biz hansı münasibətlərdən danışa bilərik? Əminəm ki, o amerikalı senator da özünə xal qazanmaq, Azərbaycana təzyiq göstərmək üçün bu addımı atıb. O ki qaldı prosesin özünə, hesab edirəm ki, istintaq obyektiv gedəcək və həqiqət öz yerini tapacaq”.
“Mən prosesin gedişinə müdaxilə etmək istəmirəm. Araşdırmalar gedir. Mənə ən çox təsir edən odur ki, bəzi jurnalistlər, deputatlar, dairələr, rəsmi nümayəndələr tez-tələsik bu məsələdən istifadə edərək iki məqsədə nail olmağa çalışırlar. Birincisi, Azərbaycana təzyiq göstərmək (əllərinə gözəl fürsət düşüb), ikincisi, Azərbaycanın vasitəsilə xal qazanaraq özlərini sığortalayıb əsl demokrat kimi davranmaq. Mən sizə konkret misal gətirdim ki, sentyabrın 7-də Monitorinq Komitəsinin iclasında deputatlardan biri nə deyib. Deməli, bunları nə Mehman Əliyev maraqlandırır, nə də Azərbaycan. Bunları maraqlandıran xal qazanmaq, özlərini sığortalamaqdır. Bu kimi deputatlardan da istifadə edib Azərbaycana təzyiq göstərəcəklər.
İnsan taleyinə qalanda heç kim istəməz ki, kimisə həbs etsinlər. Allah hamının qapısını açsın. Söhbət ondan gedir ki, dərhal bu məsələlərdən istifadə edərək Azərbaycanla bağlı məkrli niyyətlərini həyata keçirmək istəyən dairələr, qüvvələr aktivləşir. Siz də bu aktivliyi görürsünüz, Fransadır, Almaniyadır, Böyük Britaniyadır, ABŞ-dır…”- Səməd Seyidov fikrini yekunlaşdırıb.