Səlim Müslümov: “Nazir kimi səhlənkarlıq etmişəm”

Foto: Azərtac

Keçmiş nazir mənimsəmə ittihamı ilə razılaşır, israfetmə ilə yox

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ona verilmiş 27 milyonluq ittiham üzrə özünü qismən təqsirli bilir.

Sabiq nazir sentyabrın 5-də məhkəmədə ittihamlara münasibət bildirərkən deyib ki, özünü mənimsəmə ittihamı üzrə təqsirli bilsə də, israfetmə hissəsilə razılaşmır.

Səlim Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır. Üç məhkəmə iclasıdır ki, sabiq nazir haqqında 107 səhifəlik ittiham elan olunurdu. İttihamın elanı sentyabrın 5-də başa çatıb. İttihama Səlim Müslümovun münasibəti belə olub.

“Özümü təqsirli bilirəm. Amma israfetmə ilə bağlı hissədə razı deyiləm. İsrafetmə kimi hesablanmış ziyanın ödənilməmiş 7 milyon manat hissəsi mənim günahım deyil. O vəsaiti tenderlərdə qalib gələn şirkətlər israf edib.

“Mən nazir kimi səhlənkarlıq etmişəm. Amma işlərin görülməsi zamanı tenderlərdə qalib gələn şirkətlər də öhdəlikləri yerinə yetirməyiblər. Buna görə onlar məsuliyyət daşıyır”, – sabiq nazir bildirib.

Səlim Müslümova ifadə vermək təklif olunsa da, o, hazırki mərhələdə ifadə vermək istəməyib.

Keçmiş nazirin işi üzrə növbəti məhkəmə iclası sentyabrın 12-ə təyin olunub.

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsi vurulmuş 27 milyon manatlıq ziyanın 2 milyonunu ödəyib.

Ana səhifəSosialSəlim Müslümov: “Nazir kimi səhlənkarlıq etmişəm”