Səlim Müslümov: Azərbaycanda kimsə ağır, fiziki işdə çalışmaq istəmir

”Kənd təsərrüfatı batır, məmurlar isə kadr yoxluğundan danışırlar”

Foto: Azərtac


”Kənd təsərrüfatı batır, məmurlar isə kadr yoxluğundan danışırlar”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda iş üçün müraciət edənlərin sayının 2,2 dəfə azaldığını söyləyib.

Nazirin sözlərinə görə, iş istəyənlərin sayının azalması ölkənin əmək bazarında vəziyyətin sabitləşməsindən irəli gəlir:

“Bu ilin ilk beş ayında 69 min 250 nəfər iş üçün məşğulluq orqanlarına müraciət edib. Ötən ilin eyni dövründə isə müraciətlərin sayı 141 min 651 olub”.

Nazirin söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev Azərbaycan əmək bazarının miqyasının çox kiçik olduğunu söyləyib:

“Çünki Azərbaycanda 70 faiz işçi qeyri-leqal çalışır və bu, qeyri-formal məşğulluğun miqyası çox böyükdür. Bununla da əmək bazarının rəsmi görünən seqmenti 30 faizdir. Yəni 30 faiz insan rəsmi şəkildə müqaviləylə çalışır, bunun da yarıdan çoxu büdcə təşkilatlarındadır. Bütün dünyada büdcə təşkilatı işçilərinin yerini dəyişməsi prosesi zəif olur. Həkim bir dəfə işə düzəlirsə, ömrünün sonunacan orada qalır. Əmək bazarının yerini dəyişən seqmenti çox zəifdir”.

Rövşən Ağayev

Rövşən Ağayevin fikrincə, nazirin açıqlaması o zaman inandırıcı olardı ki, 4,9 milyon əmək qabiliyyətli insanın çox hissəsi qeyri-leqal sektorda təmsil olunmazdı:

“İndiki şəraitdə 70 faiz olan qeyri-leqal məşğulluq seqmentində nə baş verdiyi məlum deyil. Bu yöndə hesabatlılıq, araşdırma yoxdur. Söhbət o insanların hansı sahəyə daha çox meyl etdiyini, işçi qüvvəsinin necə olması məsələlərindən gedir. Reallıq odur ki, hökumət mövsümü işdə çalışanları da işləyən sayır. Ancaq qərb ölkələrində məşğulluq və işsizlik göstəriciləri hesablananda qeyri-kənd təsərrüfatı bölməsi götürülür. Çünki aqrar sektor mövsümü məşğulluqdur və orada beynəlxalq əmək təşkilatlarının standartlarına uyğun il boyu çalışma normativləri yoxdur. Ona görə qeyri-formal əmək bazarının həcmi formal əmək bazarından iki dəfə böyük olduğu şəraitdə sabitləşmədən danışmaq az inandırıcıdır”.

S.Müslümov həm də bildirib ki, ölkədə kimsə ağır, fiziki işlərdə çalışmaq istəmir:

“Hazırda ölkədə taxıl biçimi vaxtıdır. Amma əksər rayonlarda traktorçu və kombaynçı tapmaq olmur. Bu peşə sahiblərini tapmaq müşkülə çevrilib. Odur ki, ölkə üzrə peşə tədrisi mərkəzlərinin sayının artırılması planlaşdırılır”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov da traktorçu və kombaynçı üzrə hazırlığa ehtiyacın olduğunu bildirib:

“Bu peşələrin sahibi hazırlıq məktəbi keçməli və təcrübə qazanmalıdır. Hər insan traktorçu, yaxud kombaynçı işləyə bilməz. Azərbaycan məmurları hər kənddə yaşayanın kombaynı idarə edə biləcəyini düşünürlər”.

Vahid Məhərrəmov təəssüflənir ki, uzun müddət peşə məktəblərinin fəaliyyətləri dayandığından aqrar sektor üzrə peşəkar kadrlar hazırlanmadı. Bugün nəinki kombaynçı, bağbanlar, maşınla iş aparan operatorlar da yoxdur:

“Nazir yaxın zamanlarda peşə məktəblərinin açıqlacağını deyir. O zaman sual yaranır: 1 ay biçimdə olmaq üçün oxumalı və 11 ayı gözləməlidir?! Bugün kənd təsərrüfatı batır, amma məmurlar kadr yoxluğundan danışırlar. Kadrı yetişdirmək lazımdır, təmənna ummadan”.

Vahid Məhərrəmov

Ekspert kombaynçıların əmək haqqından da danışıb. Bildirib ki, kənd təsərrüfatında çalışan hər hansı peşə sahibi ortalama ayda 36 manat maaş alır:

“Bu sektorda 1 milyon 700 min insan çalışır. Ümumi istehsal da çox aşağı olduğundan maya dəyərini çıxandan sonra qazanc 36 manat olur. Bununla ailə saxlamaq olarmı? İndi problemə başqa istiqamətdən baxaq. Kəndlərdə 4 milyon 700 min adam yaşayır. Aylıq 36 manatı ən azı 4 nəfərlik ailə üçün hesablayanda bir nəfərə 10 manat da düşmür. Azərbaycanda bu sahəyə cavabdeh məmurlar işi bilmədiklərindən indiki bərbad vəziyyət yaranıb”.

Ana səhifəXəbərlərSəlim Müslümov: Azərbaycanda kimsə ağır, fiziki işdə çalışmaq istəmir