”Hökumətdəkilər gözlərini açıb ölkədəki mənzərəyə diqqətlə baxsınlar”
“Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır”.
Bu açıqlamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Karyerada ilk addım” devizi altında məşğulluq tədbirində jurnalistlərə söyləyib.
Nazir fikrini isbatlamaq üçün misal çəkib:
“Bu ilin ilk rübü ərzində nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclər olub”.
Onun sözlərinə görə, Azərbaycanda interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşməsinə xidmət edən müəssisələrin yaradılması beynəlxalq əmək bazarı tərəfindən yüksək qiymətləndirilir:
“Ötən il ölkənin 10 ali təhsil müəssisəsində 370 müəssisə tərəfindən 1838 vakant iş yeri gənclərin seçiminə təqdim olunub”.
Səlim Müslümovun açıqlamasının heç bir iqtisadi əsası olmadığını Meydan TV-yə söyləyən Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu bildirdi ki, onların tədqiqatları gənclər arasında işsizlik səviyyəsinin daha yüksək olduğunu göstərir:
“İndiki halda əmək bazarında rəqabət artır, hər ay bazara ixtisaslı işsizlər ordusu daxil olur və gənclər də onlarla rəqabətdə iş qazanmaq imkanlarını itirirlər. Ona görə də gənclər arasında işsizlik daha geniş yayılıb”.
Onun sözlərinə görə, rəsmi statistikada əksini tapan göstəricilər hazırkı vəziyyəti təhrif edir:
“Çünki hökumətin bu istiqamətdə tətbiq etdiyi metodologiya işsizliyin səviyyəsini düzgün müəyyənləşdirməyə imkan vermir. Metodologiyaya görə, işsizlər qeydiyyata dayanmalıdırlar, qeydiyyatda olanlar isə müavinət almırlar. Qeydiyyatdan keçənlərin böyük əksəriyyəti isə gənc yaşında olmayanlardır. İstənilən halda nazirin fikirlərilə gerçəklik arasında böyük uçurum var. Ona görə Səlim Müslümovun fikirləri siyasi xarakter daşıyır, heç bir iqtisadi əsasa söykənmir.
NIDA İdarə Heyətinin üzvü Ülvi Həsənli düşünür ki, məmurlar həmişəki kimi vətəndaşları aldatmaqla məşğuldurlar:
“Birincisi, hətta rəsmi statistiaya görə, 2014-cü illə müqayisədə 2015-ci ildə işsizlik artıb. 2016-cı ilin rəsmi statistikasını isə hələ açıqlamayıblar deyə rəqəmlərə istinadən danışmaq mümkün olmayacaq. Amma son 2 ildə ölkədə sosial vəziyyətin pisləşməsi, iqtisadi göstəricilərin aşağı düşməsi, çoxlu sayda bankların bağlanması, ixtisarların artması onu deməyə əsas verir ki, işsizlərin sayı ciddi şəkildə artıb. Sosial şəbəkələrdə də, ictimai həyatda da indi daha box rast gəlirik ki, bir xeyli gənc iş axtarır. İkincisi, deyəsən nazir ölkədən qaçan gənclərin sayından xəbəri yoxdur. Hökumətdəkilər gözlərini açıb ölkədəki mənzərəyə diqqətlə baxsınlar. İşsizlik, hökumətin yaratdığı ümidsizlik onminlərlə, yüz minlərlə insanın, gəncin Azərbaycandan qonşu ölkələrə, Avropaya getməyinə səbəb olub. Belə halda hansı inkişafdan, işsizliyin az olmasından danışmaq olar?”
Ülvi Həsənli bidlirib ki, təşkil olunan əmək yarmarkalarında o da olub:
“Tələbə vaxtımda universitet yoldaşlarım da yarmarkalarda olub. Onların heç bir praktiki faydası yoxdur. Çox cüzi sayda insan o yarmarkalardan faydalanır. 99 faiz gənc ümidlə gedib, ümidsiz qayıdır. Hesabat xətrinə keçirilən, şəkil çəkdirmək üçün təşkil olunan tədbirlərdi. Statistika üçün yaxşı tədbirlərdi, amma real nəticələrini isə heç kim görmür, işsizlik günü-gündən artır”.
İctimai fəal Bəxtiyar Hacıyev bildirib ki, nazir Səlim Müslümov “gənclərin işsizliyi” dedikdə hansı yaş qrupunu nəzərdə tutduğu, 15-24, yoxsa, 15-29 yaş arasında olan gəncləri nəzərdə tutduğu aydın deyil:
“Hər iki qrup üzrə, hətta Statistika Komitəsinin açıqladığı rəsmi statistika belə – istər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, istər Avropa İttifaqı üzv dövlətləri, istərsə də başqa MDB ölkələri ilə müqayisədə – qeyd edildiyi kimi, “ən aşağı olan” ölkələr arasında deyil. Nəzərə almaq lazımdır ki, hətta Statistika Komitəsinin açıqladığı statistika da reallığa uyğun deyil.
2015-ci ildə bu rəsmi göstərici 15-29 yaş arasında təxminən 14 min nəfər göstərilib. Halbuki, reallıqda bu göstəricidən dəfələrlə çox gəncin hər il ali məktəblərdən, orta məktəblərdən məzun olub, iş axtarışına başladığını və əksəriyyətinin işsiz qaldığını müşahidə edirik”.
Bəxtiyar Hacıyevin sözlərinə görə, son 2 ildə iqtisadi aktivliyin azalması, manatın devalvasiyası fonunda bir çox qurumlar, xüsusi ilə də özəl sektordakı bir çox müəssisə ya qapanıb, ya da işçiləri ixtisara salıb. Bunların da böyük əksəriyyəti 18-29 yaş aralığında gənclərdir: “Biz öz müşahidələrimizdən deyə bilərik ki, sadəcə sosial şəbəkədə 10-15 min nəfər tərəfindən izlənən hər hansı bir səhifədə sıradan bir iş elanı yerləşdirdikdə, cəmi 1-2 gün ərzində 700-800 gənc bu vakansiyaya müraciət edir. Hamısı da kifayət qədər yaxşı təhsil almış, müəyyən qədər iş təcrübəsi olan gənclərdir.
Əgər cənab nazir Səlim Müslümov işsizliyin həqiqi göstəricilərini müəyyənləşdirmək istəyirsə, biz işsiz olan, iş axtaran gəncləri Əmək və Əhalinin Sosial Müdafiəsinin qarşısına, yaxud internet saytına yönləndirə və iş tələb etmələrini xahiş edə bilərik. O zaman, gənclərin işsizliyinə görə Azərbaycanın durumunun heç də qeyd edildiyi kimi yaxşı olmadığı gözlə və real sayla görünər”.
Gənc fəal Turqut Qəmbər hesab edir ki, nazir insanları çaşdırmaq məqsədiylə belə danışıb:
“Hamı bilir ki, bu yalandir, gənclərin mütləq əksəriyyəti işsizdir, ya da mövsümi, müvəqqəti işlərdə çalışırlar. Böhran bu durumu lap ağırlaşdırıb. Nazir təbliğat məqsədli belə açıqlamalar vermək əvəzinə bu hakimiyyət ölkədəki durumun ağırlığını dərk edib islahatlar barədə düşünsə, yaxşı olar”.