Səlim Müslümov: 2017-ci ildə 40 minə yaxın insan işlə təmin edilib

İqtisadçı: ”Bu, inandırıcı deyil”

Source:


İqtisadçı: ”Bu, inandırıcı deyil”

“Azərbaycan yüksək gəlirli, inkişaf etməkdə olan dövlətlər sırasındadır. Biz bunu qoruyub saxlayırıq”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, bu hal çətin iqtisadi durumda, maliyyə böhranının davam etdiyi şəraitdə əldə olunan əsas nəticədir:

“Ailələrin gəlirlərindəki əsas yük dövlət tərəfindən təmin edilən sosial ödəmələrə deyil, ailənin əmək qabiliyyətli üzvlərinin işləyərək əldə etdiyi qazanca düşür”.

Nazir ölkədə öznəməşğulluq proqramının geniş çapda həyata keçirilməsinə start verildiyini söyləyir:

“Bu şəraitdə Dövlət Məşğulluq Xidməti orqanlarının üzərinə mühüm iş düşür. Dövlət şirkətlərində sosial məsuliyyət prinsipi əsasında yeni iş yerləri açılacaq. İnsanlar bu işlərə cəlb olunacaq. 2017-ci ilin ilk 2 ayı 40 minə yaxın insan işlə təmin edilib. Bütün bunlar ölkədə yoxsulluğun səviyyəsinin azalmasına imkan verib. İşsizliyin səviyyəsinin 5-6 faiz arasında olmasına nail olmuşuq”.

İqtisadçı Oqtay Haqverdiyev nazirin fikirlərini şərh etməkdə çətinlik çəkdiyini söyləyir. Xüsusilə 2 ayda 40 min iş yerinin açılmasının onun üçün anlaşılmaz olduğunu deyir:

“Bəli, iş yerləri açıla bilər, amma bağlananlar da çoxdur. Monitorinq aparmadığımdan detalları bilmirəm. Ancaq 2 ayda 40 min iş yerinin açılması inandırıcı deyil. Çünki zavod, fabrik, sənaye kompleksi açılmamışdan 1 ay öncədən elan edirlər. Bu dəfə belə bir anons olmayıb”, -deyə iqtisadçı fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərSəlim Müslümov: 2017-ci ildə 40 minə yaxın insan işlə təmin edilib