Sələfilər işgəncəyə məruz qaldıqlarını iddia edirlər (yenilənib)

“Dindarları ən fəal şəkildə polis rəisinin Süleyman adlı müavini döyüb”

Source:


“Dindarları ən fəal şəkildə polis rəisinin Süleyman adlı müavini döyüb”

Bir qrup dindar – sələfi noyabrın 13-də saxlanılması və şəhər polis idarəsində zorakılığa məruz qalması ilə bağlı “Turan İA”a müraciət edib.

Onlar Zöhrab Şıxəliyevin evinin yaxınlığında saxlanılıblar, ibadətgahları həmin həyətdə yerləşir. Z.Şıxəliyev isə özü elə həmin gün həbs edilib və polisin iddiasına görə, onun həyətində silah və döyüş sursatı aşkarlanıb.

Saxlanılanlardan biri, Qarabağ müharibəsinin ikinci qrup əlili Zaur Mehdiyev bildirib ki, mülki geyimli şəxslər ona yaxınlaşaraq, polisə getməyi təklif ediblər.

Orada əlini qandallayıblar və döyməyə başlayıblar. “Kürəyimdən, başımdan vururdular. Yaralandığımı və bədənimdə qəlpələr olduğunu dedim, onlar isə döyməyə davam edirdilər”, – deyə Mehdiyev bildirib.

Ondan başqa daha 8 nəfər saxlanılıb, onları da döyüblər və alçaldıblar – şalvarlarını çıxarıblar, ağızlarına isə dəyənək soxublar.

“Bizi nəyə görə cəzalandırdıqlarını izah etməyiblər. Polisdə tələb etdikləri yeganə şey saqqalımızı qırxmaq idi”, – deyə Mehdiyev bildirib.

Saxlanılanlar 6-7 saat sonra sərbəst buraxılıblar. Mehdiyev qeyd edib ki, o və digər dindarlar Sumqayıt şəhər travmatologiya xəstəxanasında tibbi müayinədən keçiblər. Xəstələrin qeydiyyatı kitabında travmalar qeydə alınıb, lakin əlimizə arayış verməyiblər.

Mehdiyev deyib ki, onlar 102 xidmətinə zəng ediblər və Azərbaycan prezidentinə, baş prokurora, DİN rəhbərinə, ombudsmana teleqram göndəriblər.

Mehdiyevin sözlərinə görə, dindarları ən fəal şəkildə polis rəisinin Süleyman adlı müavini döyüb.

Digər dindar, Qarabağ müharibəsi əlili Vidadi Məhərrəmli bildirib ki, onu böyrəklərindən – döyüş yaraları olan yerlərindən vurublar.

“Başa düşmürük ki, bizi niyə döyüblər. Dövlət müharibə əlillərinin qayğısına qalır, maşın, mənzil verir, bu yaxınlarda məni Naftalan sanatoriyasında müalicəyə göndərmişdilər. İnsanlara qarşı niyə belə davranırlar?”, deyə o bildirib.

Daha bir dindar – Rəşad Sultanov bildirib ki, o, RF vətəndaşıdır. Noyabrın 12-də Sumqayıta qayıdıb, onu da Şıxəliyevin evinin yaxınlığında saxlayıblar və polisə aparıblar. “Əvvəlcə Ramil adlı əməkdaş mənimlə normal danışıb. Lakin sonradan Süleyman adlı rəis müavini gəlib və döyməyə və təhqir etməyə başlayıb.

Mən bu işi belə qoymayacağam”, deyə Sultanov qeyd edib.

Qalan dindarlar ibadətgaha gələn hər kəsin məsuliyyətə cəlb edilə biləcəyi ilə bağlı narahatlıqlarını bildiriblər. Lakin Şıxəliyevin heç bir təqsiri yoxdur və o, həmişə hakimiyyətə loyal olub, zorakılığı rədd edib.

Onun sözlərinə görə, Z.Şıxəliyevin ibadətgahına gələnlər radikal cərəyanlara məxsus deyillər, Sumqayıtda sünni məscidi olmadığına görə onlar orada ibadət edirdilər.

Onlar bildiriblər ki, Azərbaycan prezidentindən və baş prokurordan Sumqayıtda dindarlara qarşı təzyiqə son qoyulması, onlara işgəncə edənlər və hədələyənlər barəsində tədbir görülməsi məqsədilə bu işə müdaxilə etməyi xahiş edirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin imzası ilə AzNews.az-a daxil olan məlumatda bildirilir:

“Noyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə gətirilən bir neçə şəxsin orada təhqir və fiziki təzyiqə məruz qalması ilə bağlı bir sıra KİV-lərə ötürdükləri məlumatların heç bir əsası yoxdur. Polisin işgüzar nüfuzuna və imicinə xələl gətirmək məqsədilə məqsədyönlü şəkildə yayılan həmin dezinformasiyalar böhtan və şantaj xarakteri daşıyır.

Guya polisdə 7-8 saat ərzində təhqirlərə və işgəncələrə məruz qaldıqlarını iddia edən həmin şəxslər, o cümlədən Vidadi Məhərrəmli, Zaur Mehdiyev və qeyriləri həqiqətən adıçəkilən İdarədə olublar, ancaq 1 saat müddətində. Şəxsiyyətləri müəyyən edildikdən sonra sərbəst buraxılıblar.

İdarədə olduqları müddətdə isə onlara qarşı hər hansı fiziki təzyiq göstərirlməyib, yaxud kobud davranılmayıb. Əgər sözügedən şəxslərin kobud rəftara, yaxud fiziki təzyiqə məruz qalmaları barədə iddiaları, şikayətləri varsa, bu müraciətlər də cinayət işinin istintaqı çərçivəsində araşdırılacaq.

Az qala bütün KİV-ləri guya pozulmuş hüquqlarının müdafiəsinə çağıran, özlərini cəmiyyətə mömin bəndələr kimi təqdim edən, müharibə əlili kimi əslində hər bir azərbaycanlının fəxarət duyacağı, ehtiram göstərəcəyi bir mərtəbədə qərarlaşmalı olan həmin şəxslər, təəssüf ki, bu şərəfli məqamdan da, din pərdəsi altında da öz cılız maraqları naminə sui-istifadə edirlər:

Müharibə əlili olmasını xüssusi canfəşanlıqla “vurğulayan” Vidadi Məhərrəmli vaxtilə tağım komandiri olduğu zaman törətdiyi çox “nadir” cinayətə – tabeliyindəki əsgərə zor tətbiq, sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlər etdiyinə-uşaqbazlığa görə Füzuli-Qubadlı Qarnizonu Hərbi Məhkəməsinin hökmü ilə 08.01.2000-cü il tarixdə 3 il müddətinə azadlıqdan məhrum edilib. Yaxud götürək Zaur Mehdiyevi. 18.01.1986-cı tarixdə Siyəzəndə anadan olmuş Z.Mehdiyev isə heç bir xəcalət çəkmədən, utanıb-qızarmadan özünü cəmiyyətə Qarabağ müharibəsinin veteranı kimi təqdim edir. Halbuki Qarabağ uğrunda döyüşlər başlayanda Z.Mehdiyev ən yaxşı halda uşaq bağçasına gedərdi. “Pis xəbər tez yayılar” prinsipi ilə hərəkət edən bir sıra həmkarlarımız isə mənəvi cəhətdən deqradasiyaya uğramış bu “vətənpərvərlər”in yalançı vay-şüvəninə palaz-palaz yer ayırırlar. Görəsən niyə?

Polis əməkdaşları barədə həqiqətdən uzaq və şantaj xarakterli məlumat yayan bu iki nəfərin Sumqayıt Şəhər Xəstəxanasının Travmatologiya şöbəsində tibbi müayinədən keçməsi, xəstələrin qeydiyyatı kitabında guya travmalarının qeydə alınması, lakin onlara bu barədə müvafiq arayışın verilmədiyinə dair səsləndirdikləri fikirlər də aşkar yalandır. Əslində Vidadi Məhərrəmli ilə Zaur Mehdiyev qabaqdangəlmişlik edərək Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etsələr də heç kim onların müraciətini ciddiyə almadığından əlləri ətəklərindən uzun qayıdıblar. Çünki hər ikisinin bədən nahiyələrində iddia edildiyi kimi, hər hansı xəsarət izi, hətta qançır belə aşkarlanmayıb.

Təkcə elə bu faktın özü V.Məhərrəmli, Z.Mehdiyev və qeyrilərinin qərəzli olduqlarını, polis əməkdaşlarını ləkələmək üçün məqsədli şəkildə yalan danışdıqlarını göstərir”.

Ana səhifəXəbərlərSələfilər işgəncəyə məruz qaldıqlarını iddia edirlər (yenilənib)