Sel Xınalığa gedən yolu bağladı

Yağış bir neçə rayona ziyan vurub

Source:


Yağış bir neçə rayona ziyan vurub

Güclü yağış Quba rayonunun kəndlərinə də ziyan vurub. Xınalığa gedən yol bağlanıb. Faktı Meydan Tv-yə Quba rayon icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun əməkdaşı Cəfər Cəfərov təsdiqləyib. Bildirib ki, Xınalıq yolunun 29-cu kilometrliyindəki körpünü sel aparıb. Kəndə gedən yolda hərəkət məhdudlaşıb:

“Körpünün bərpası üçün əraziyə işçilər cəlb edilib. Ancaq tək problem körpü ilə bağlı deyil. Yağış yola torpaq kütlələri gətirib. Nəticədə, yol tamamilə bağlanıb. Ümid edirik problem tezliklə aradan qalxacaq”.

Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov isə “Report”a bildirib ki, Qubanın Qonaqkənd kəndində sel evlərə və həyətyanı sahələrə dolub: “Bundan başqa, sel rayonun Utuq kəndində “Niva” markalı avtomaşınla çayı keçən kənd sakinlərini cənginə alıb. Sürücü və sərnişinlər maşından çıxsalar da, sel nəqliyyat vasitəsini aparıb”.

Komissiya sədri qeyd edib ki, Xaltan kəndində pay torpaqlarına və evlərə ziyan dəyib:

“Sel Qubanın Qırmızı qəsəbəsində elektrik dirəklərini yuyub aparıb. Bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qudyalçayın daşması nəticəsində 37-ci km-dən 39-cu km-ə qədər yolu su yuyub. Çayın üzərində olan körpünü sel tamamilə aparıb. Hazırda Qubanın Qrız, Cek, Əlig, Haput, Bostankeş və Xınalıq kəndlərinə nəqliyyatla gediş-gəliş yoxdur. Həmin ərazidə texnika işləyir. Quba “Azəravtoyol” 6 saylı Yol İstismar İdarəsinin texnikaları və canlı qüvvəsi alternativ yol çəkilməsinə yardımçı olur. Bundan əlavə, Vəlvələ körpüsünün beton dirəklərini də sel yuyub. Hazırda, Vəlvələ körpüsü qəzalı vəziyyətə düşüb. Körpünün üzərindən nəqliyyat vasitələri keçən kimi körpü silkələnməyə başlayır”.

Xaçmazda da sel nəticəsində köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib. Fövqəladə Hallar Nazirliyinin saytındakı məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazoba kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahəni su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.

Ana səhifəXəbərlərSel Xınalığa gedən yolu bağladı