”Cavabdeh idarəetmə, qanunun aliliyi kimi demokratik prinsiplər sabitlik, rifah və uğur üçün vacibdir”
İyulun 7-də ABŞ-ın Azərbaycandakı səfirliyi Birləşmiş Ştatların Müstəqillik Bəyannaməsinin imzalanmasının 241-ci ildönümü münasibətilə qəbul keçirib. Tərbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov, prezidentin köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının beynəlxalq şövəsinin müdiri Novruz Məmmədov, siyasi partiya sədrləri, QHT nümayəndələri və jurnalistlər iştirak edib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, 2017-ci ildə ABŞ-ın müstəqilliyinin 241-ci ildönümünün qeyd olunması ilə yanaşı, həm də ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümü və Azərbaycanın 1918-ci ildə bəyan etdiyi müstəqilliyin 99-cu ildönümü qeyd olunur:
“Amerika xalqı üçün 4 iyul demokratiyanın qeyd olunmasıdır. Biz demokratiyamızı, sadəcə, 1776-ci ildə tamamlanmış bir nailiyyət kimi deyl, davam edən danışıq prosesi kimi qeyd edirik. Biz özümüzü daim və usanmadan sorğulayırıq. Amerikanın daxili tənqidçiləri xarici tənqidçilərindən çoxdur. Özünütəhlil və daha yaxşı olmağa can atma bizi biz edir və bizi güclü edir. Biz davam edən işik -hər bir demokratiya belədir”.
Səfir bildirib ki, Azərbaycan qadınlara səs vermək hüququ verən ilk müsəlman ölkəsi olub.
Səfirin fikrincə, demokratiya siyasi fəaliyyətlərlə məhdudlaşmır:
“Bu, həm də iqtisadi uğurlara nail olmaqda önəmli rol oynayır. Düşünün, demokratiya şəxsin yaradıcı olmaq ixtiyarı, qanunun aliliyi ilə səciyyələnən ədalətli mühitdə səmərəli rəqabət apara bilmək, müsbət dəyişikliklərə səbəb olmaq, fikirlər demək, istehlakçıların istədiyi mal və xidmətləri təqdim etmək, ictimai firavanlıq və rifahı yaxşılaşdırmaqdır. Cavabdeh idarəetmə, qanunun aliliyi kimi demokratik prinsiplər sabitlik, rifah və uğur üçün vacibdir. Buna görə iş yerləri, inkişaf və investisiyalara yeni imkanların lokomotivi olan iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq, iqtisadi inkişaf və rifahı yüksəltmək üçün yaradıcı və yenilikçi sahibkarlara malik olmaq məqsədilə biz iyirmi beş ildir Azərbaycanı dəstəkləyirik”.
R. Sekuta iki ölkə arasında əlaqələrin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
“Amerika dövləti müstəqillikdən bəri Azərbaycan xalqı ilə çiyin-çiyinə olub. Biz müstəqil, sabit, çiçəklənən və demokratik Azərbaycanı dəstəkləməyə davam edəcəyik”, -səfir belə deyib.
Maliyyə naziri Samir Şərifov söyləyib ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir.
“ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında dəstək və kömək etməyə hazır olmasına dair məktubu əlaqələrimizin möhkəm tərəfdaşlığa söykəndiyini göstərir. Azərbaycan bu əlaqələrin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq ruhunda davat etməsini dəstəkləyir”.
Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 200 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın həyata keçidiyi transmilli layihələrə hər zaman güclü dəstək ifadə edib və bu mövqe heç zaman dəyişməyib:
“”Cənub-qaz dəhlizi” layihəsinin reallaşmasında da ABŞ-ın göstərdiyi dəstək yüksək qiymətləndirilir və bu dəstəyin davam edəcəyinə ümid edirik. Beynəlxalq təhlükəsizlik və terrora qarşı mübarizədə də ikitərəfli əlaqələr güclüdür. Xüsusilə, Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak edir və bundan sonra da terrora qarşı mübarizəyə töhfə verməyə davam edəcək”.
Nazir Samir Şərifov iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki vətəndaşların öldürülməsini xatırladıb:
“Münaqişə təhlükəsizlik və yüksək səviyyədə əməkdaşlığa mane olan əsas səbəblərdən biridir. İşğala son qoyulması və Ermənistan qüvvələrinin qeyd- şərtsiz Azərbaycandan çıxarılmasının, sərhədlərin bərpasının, qaçqın və məcbüri köçkünlərin öz evlərinə qayıtmasının regionda təhlükəsizliyə və sosial rifaha töhfə verəcəyinə inanırıq”.