Seksual inqilab nəyimizə lazımdır?

Bizim Ayıbın dairəsi yanlışdır

Source:
Zaur Qurbanlı –
Zaur Qurbanlı –
Zaur Qurbanlı – Banner
Zaur Qurbanlı – Banner

Əvvəllər bu barədə daha çox yazılardı. Xüsusən, “Alma” qəzetinin dönəmlərində. Sonra problemlər o qədər artdı ki, yer yaddan çıxdı, “göy”lə (hakimiyyətlə) əlləşməyə başladıq.

Amma mentalitet canlar almağa davam edir axı. Gənclər kütləvi surətdə bədbəxt olur, fərdi surətdə və ya ikilikdə ölürlər. Son günlər artıq ikinci hadisədir – maşında sevişən gənclər avtomobilin sobasının buraxdığı qazdan boğulub ölüblər.

1960-larda Britaniyada belə bir deyim var idi ki, ingilis valideynlər maşınların arxa oturacağında bakirəliyini itirən qızlarına baxır və İngiltərənin dəhşətli gələcəyi haqqında düşünürdülər.

“Seksual inqilab” və ya “seksual liberalizasiya” sözü də elə həmin bu valideynlərin dəhşətə düşdüyü dövrdə yaranıb və Qərbdə baş verib. Nədir bəs seksual inqilab? Öz mənasında – genişləndirmədən qəbul etsək, seksual inqilab seksuallıq və şəxslərarası münasibətlər barədə ənənəvi davranış qaydalarının dəyişdirilməsinə çağıran hərəkat olub və Qərb dünyasında 1960-cı illərdən başlayaraq, 1980-ci illərə qədər baş verib. Seksual liberalizasiyaya həmçinin ənənəvi heteroseksual və monoqam münasibətlərdən fərqli münasibətlərin artması, hamiləliyə nəzarət mexanizmləri (kontrasepsiya), ictimai nudizm, pornoqrafiya, nikahdan əvvəlki seks, homoseksuallıq və seksin alternativ növləri, abortun leqallaşdırılması da daxildir.

Bütün bu sadalananlar seksual inqilabın artıq başlanandan sonrakı dövrdə meydana gələn tələbləri və tərəfdarlarının seçməyə çalışdıqları həyat tərzidir. Seksual inqilab anlayışına bir az geniş baxsaq, onu meydana gətirən səbəbləri və cəmiyyətə verə bləcəyi nəticələri də görə bilərik. Əslində seksual inqilab tərəfdarları nə istəyirdilər? Cəmiyyətin onların şəxsi həyatına qarışmamasını və xüsusən, gənclərin öz şəxsi həyatlarının qədrini bilməsini, bunu digərlərinin, xüsusən də, qocaların diktəsi altında saxlamamasını. Vəssalam. Qalan bütün sadalananlar vasitələrdir.

Bəs Azərbaycanda bunu zəruri edən nədir? Prinsip etibarilə, eyni səbəblərdir. Şəxsi həyat adından da göründüyü kimi şəxsi olmalıdır, başqalarının nəzəri altında olmamalıdır, cinsiyyət orqanları digər orqanlar kimi insanın özünə məxsusdur və başqalarına zərər vermədəyi şəkildə bütün istifadə formaları sərbəstdir. Bizdə “Ayıb” institutu, əsasən cinsiyyət orqanlarına münasibətdə qüvvədədir və ictimai reqressiv formada inkişaf edib. Təsadüfi deyil ki, “əxlaq” sözünün anlamı hüquqa alternativ (bəzən hüquqla üst-üstə düşən) davranış qaydaları toplusu olsa da, bizdə “namus” mənasında işlədilir. Əxlaq ayıbı müəyyən edir. Bizdə “əxlaqsız” “fahişə” deməkdir. Ayıb əslində yaxşı şeydir, ictimai qınağın ifadə formasıdır. Amma bunun proqressiv olması çox vacibdir. Bizdə ayıb proqresə qulluq eləmir.

Rüşvət almaq, seçki saxalaşdırmaq, başqasının üzünə durmaq, adamları haqsız yerə həbs etdirmək, xalqın əmlakını talamaq ayıb sayılmır, amma açıq-saçıq paltar geyinmək, nikahdan əvvəl sekslə məşğul olmaq, homoseksual olmaq ayıb sayılır. Bizim Ayıbın dairəsi yanlışdır. Başqasına ziyan vurmayan fəaliyyətin Ayıb kateqoriyasına aid edilməsi özü ayıb sayılmalıdır.

Bunun niyə belə olduğu uzun söhbətdir – biz ənənəvi cəmiyyətik, çünki bizdə kapitalizm, kapitalist əxlaqı, nəticədə individualizm formalaşmayıb, biz uzun müddət insanın yatağına, seksual pozalarına, əl-ayağını yuma qaydalarına qədər həyatının hər anını tənzimləyən şəriət altında, sonra da yenə həyatın hər anını tənzimləməyə çalışan SSRİ-də yaşamışıq. Bizim ənənəvi cəmiyyətimizdə “Biz” anlayışının altına yığılan insanlar iqtisadi-siyasi formasiya, dil, irq, din fərqinə görə yığılmayıblar (bu xüsusiyyətlər də olub, amma köməkçi səviyyədə). “Bizi birləşdirən dəyər” adlı məşhur termin həmişə mentaliteti ifadə edib. Bizi birləşdirən bir-birimizin həyatına soxduğumuz burun olub. Başqasının həyatına burun soxmayan, öz həyatına başqasının burun soxmasını qəbul etməyən insanlar “Biz”dən deyil. Budur bizim mentalitetin onurğa sütunu.

İndi gənclərin bir hissəsi bundan qaçmağa çalışır, dünya internetin köməkliyi ilə xeyli kiçilib, gənclər fərqli mədəniyyətləri görürlər, başqalarının necə rahat yaşadıqlarına həsədlə baxırlar, bu rahatlığın səbəblərini axtarırlar və nəticədə mentalitetdən qaçırlar. Amma bu qaçmaq çox vaxt üzdə olur. Cəmiyyətə özünü necə göstərmək problemindən sonra daha ağırı – özünü özünə necə göstərmək problemi gəlir. Sən özünü aldadıb, mentalitetin məcbur elədiyi davranışı “fərdi seçim” adlandıra bilərsən, amma bu, lağ etdiyin mentalitetorlarla sənin arandakı fərqi ləğv edir.

Məhz bunlara görə Ayıb proqresə qulluq etməlidir. Azərbaycan iqlimində qadınlar və kişilər düşündüyümüzdən də əvvəl normal cinsi əlaqəyə girmə yaşına çatırlar. Amma psixoloji təsirləri də nəzərə alan qanunverici çox gözəl bir yaş həddi müəyyən edib – 16 yaş. Bizim qanunvericiliyə görə, 16 yaşa çatan şəxslə cinsi əlaqəyə girmək olar. Ehtiras, cinsi əlaqə istəyi isə bundan 3-4 il əvvəl yaranır. Amma bizim gənclər nəinki 16, heç 18 yaşından sonra da cinsi əlaqəyə girə bilmirlər. Xüsusən də, qadınlar. Oğlanlar fahişə xidmətindən istifadə edib “siftə” edirlər. Amma qızların vəziyyəti daha ağırdır. Təbii istək isə inkişafdadır. Bədən tələb edir. Seks istəyi də təbii bir şeydir. Əvvəl-axır bununla məşğul olmalısan. Bakirəlik qadağasına görə Azərbaycanda anal seks öz intibah dövrünü yaşayır. Kim kimi aldadır? Belə baxanda, hamı hamını. Bakirəliyini qoruyan, tikdirən xanımlar seksin ən ağlagəlməz növlərindən istifadə edirlər ki, ehtirasları təmin olunsun. Amma vaginal seksin əvəzini heç nə verə bilməz, təbii ki. Çünki vaginal seksdən başqa hamısı qeyri-təbiidir. Nəticədə milyonlarla insan təmin oluna bilmir, əsəb, aqressiya, hamıya qıcıq yaranır.

Bütün bunları dəyişməyin yolu seksual inqilabdan keçir. Sadə ifadə etsək, başqasının həyatına burun soxulmamalı, öz həyatımız da başqalarının burnuna görə yox, öz təbii ehtiyaclarımıza, şəxsi istəklərimizə görə qurulmalıdır.

Bayaq İngiltərədəki valideynlərin 1960-lardakı kədərindən danışdım. İndi bilirsiniz, Britaniyada vəziyyət necədir? Mən Qlazqodayam, burada təzə köçdüyüm evə internet çəkdim, ilk dəfə internet xidmətindən istifadə edəndə dərhal pəncərə açıldı ki, “Siz valideyn nəzarəti tətbiq etmək istəyirsinizmi?” Yəni uşaqlarınıza hansısa saytlara girməyi qadağan edə bilərsiniz. Üstəlik, telefonda internetdən (mobil operatorun xidmətindən) istifadə edərkən, 18+ ehtimalı olan (seksuallıq, zorakılıq və s.) hər sayt açılmamışdan məndən adımın və şifrəmin yığılması tələb olunur. Nəticədə mənim profilimə baxılır, yaşımı müəyyən edirlər, sonra bu saytlara girməyə icazə verirlər. Burada spirtli içki satmaq üçün yaşı 25 olmadığı görüntüsü olan hər kəsdən şəxsiyyəti təsdiq edən sənəd istənilir. Tütün məhsullarına da yaş həddi var. Axşam saat 10-dan sonra spirtli içkilərin satılması, ümumiyyətlə, qadağandır – hər kəsə.

Bizdə isə 5 yaşlı uşağı siqaret almağa göndərmək olar, kim istəsə, spirtli içki ala bilər. Uşaqlar məktəb yaşından mobil telefon istifadə edirlər. Və onların hər biri – yaşından asılı olmayaraq, porno saytlara girə bilirlər və çoxu girir də. Hansı daha əxlaqlıdır? Britaniya, yoxsa Azərbaycan? Uşaqlarımıza daha xeyirli cəmiyyət hansıdır? Seksual inqilab baş vermiş, yoxsa verməmiş? Burada iki gay-in əl-ələ tutub gəzməsi normal bir şeydir, hətta öpüşmələri də. Bunları görə-görə böyümüş insanlar indi öz övladlarını bizdən 100 qat daha əxlaqlı yetişdirirlər. Gay-ə “petux” deyə-deyə böyüyən bizlər isə uşaqlarımızın pornoya baxmasına hər cür şərait yaradırıq. Çünki başqasının yatağına burun soxmaq mentalitetimizdə var.

Bizi pozan Avropa dəyərləri deyil, çünki bu dəyərlər bəşəriyyətin indiyə qədər yetişdirdiyi hələ ki, ən mükəmməl sistemdir. Günel Mövlud demişkən, Avropa üzü görməyən insanların 18 yaşında əsgərlikdə bir-birini zorlaması, alçaltması, öldürməsi hansı tərbiyənin məhsuludur?! Biz Avropa dəyərlərindən nə qədər uzağıqsa, gəncliyin məhvinə, reqresə, faciələrə, əxlaqsızlığa bir o qədər yaxınıq.

Ana səhifəMənim FikrimcəSeksual inqilab nəyimizə lazımdır?