Seks işçiliyi ilə bağlı xəbərlər
Tez-tez istər müxalifət, istər iqtidar, istərsə də müstüqil mətbuatda seks işçiliyi ilə bağlı xəbərlər, gizli çəkilişlərə va digər yeniliklərə rast gəlirəm. Diqqətimi ən çox cəlb edən bu mövzunu işıqlandıranda jurnalistlərin istifadə etdikləri dil, terminologiya və təqdimetmə tərzidir. “Əxlaqsızlıq yuvası aşkarlandı” “Fahişəlik baş alıb gedir”, “Azərbaycanlı qadınların Türkiyədə rüsvayçı əməlləri” kimi başlıqların altında bizə təqdim olunan xəbərlərib mahiyyətinə bir az nəzər salaq.
Başlayaq təqdimetmədən. Əvvəla, xəbərin qəhrəmanı kim olur olsun, nə edir etsin, nədə ittiham olunur olunsun, jurnalistin başlıqda, yazıda, təqdimetmədə qınayıcı, alçaldıcı, itithamedici tondan istifadə etməyə haqqı yoxdur. Tutaq ki, bir massaj salonunda müştərilərə massajla yanaşı seks də təklif olunur. Bu xəbəri “Massaj salonu adı altında əxlaqsızlıq yuvası aşkar edildi” kimi başlıqla təqdim etmək özü jurnalist qeyri-etikliyindən xəbər verir. Dünyada elə ölkələr var ki, məsələn, elə Türkiyə, seks işçiliyi leqallaşdırılır, seks xidmətləri göstərilən müsəssisələr qanunla işləyir, vergi ödəyirlər. Bir insan olaraq, biz bu tendensiyanın əleyhinə ola bilərik. Amma jurnalist olaraq, belə yerlərə “əxlaqsızlıq yuvası” adı vermək, xəbər təqdimatından kənara çıxmaqdır, bir hadisəyə münasibət bildirməkdir, tərəflilikdir, insanlara əxlaq dərsi keçməkdir ki, peşəkar jurnalist bunu özünə icazə verməməlidir.
Keçək dilə. Dünya jurnalistikasında, özünə hörmət edən media qurumlarında “fahişəlik” termini “seks işçiliyi” termini ilə əvəz olunub. Çünki, “fahişəlik” sözünün özündə bir aşağılama, mənfi münasibət, işə əxlaq donu geyindirmə cəhdi var. Buna görə “seks işçiliyi” kimi daha neytral, daha dəqiq və tərəfsiz bir termin tapılıb və əvəzlənib. Təbii, bu da var ki, seks işçiliyini təsnif edərkən qanunvericiliyimizdə bu fəaliyyət növü “fahişəlik” termini ilə ifadə olunur ki, jurnalist işin hüquqi tərəfindən yazanda rahatca bu sözdən istifadə edə bilər. Amma daha seks işçisini “yüngül həyat sürən qadınlar”, “mama rozalar”, “millətimizin üz qarası” və daha nələr kimi aşağılayıcı, təhqir edici, mənfi münasibət əks etdirən, qərəzli təsvirlərlə oxuculara çatdırmaq jurnalistika deyil, psevdoəxlaq dərsi keçməkdir.
Xəbərin mahiyyəti. Bir də görürsən, iki jurnalist oğlan parkda bir ya iki qadın tapır, gizli çəkiliş apararaq, onların seks işçiliyi təklif etdiyini göstərməyə çalışır, yalandan guya qiymət danışaraq, xidmət növünün detallarına kimi qadına dedizdirərək, öz aləmində guya sensasiya yaradır. Əziz jurnalist bacı və qardaşlar, qadınların (ümumiyyətlə istənilən cinsin) parkda, barda, nə bilim daha harda pullu seks təklif etməsi qanunvericiliyə görə ancaq inzibati xətadır və 100 manat cərimə ilə həll edilir. Yəni ortada bu hadisəni xəbər edəcək heç bir cinayət, qanun pozuntusundan söhbət getmirsə, allahın iki ya üç fağırını videoya çəkib, insanlara söydürməyin nə mənası var? Bu qadınlar hansı qanunu pozublar, hansı cinayəti ediblər?
Seks işçiliyi faktı o vaxt oxucu üçün vacib xəbərə çevrilə bilər ki, ortada ciddi qanun pozuntusu aşkarlansın. Məsələn, azyaşlıların seks işçiliyinə cəlb edilməsi, zorla, şantajla ya fırıldaqla seksual istismar edilmə, dövlət məmurunun adının işdə hallanması, polislə əlbirlik və qanun keşikçisinin hansısa belə ciddi faktlara göz yumması və s. Yəni elə hallar ki, orda cinayət qadının bədənini satması deyil, bunu ona məcbur etdirən hallar, insanlar olsun. Yoxsa yaşı 18 keçmiş, ağlı başında qadın ya kişi parkda durdu, bədənini təklif elədi, ondan sizə nə, oxucuya nə? Ayıb deyilmi?
Başa düşürük, oxucular belə xəbərlərə qarşı meyllidirlər, xeyli baxış gətirir, material sizin dillə desək, “partladır” bəs sonra? Bəs sizin jurnalist kimi adınız, imiciniz, peşəkar etikanız? Axı o xəbər sabah heç kimə lazım olmayacaq, amma siz həmkarlarınızın, ciddi tələbləri olan oxucuların yanında imici zədəli jurnalist olaraq qalacaqsız həmişəlik? Dəyərmi, 2000-3000 baxışa, oxu sayına görə öz ləyaqətli adını, imicini belə zədələməyə?
Nəhayət, bu problemdən yazanda, lütfən, mentaliteti, dini, milli-mənəvi dəyərləri, özünüzün bu məsələyə necə yanaşmağınızı o yazını bitirənə qədər unuda bilərsinizmi? Azərbaycanlı, nə bilim, namus-qeyrətli adam kimi yox, sadəcə işini yaxşı görən jurnalist kimi yaza bilərsinizmi?