Seks işçilərinin sayı niyə artıb?

“Ərəblər gələndən seks xidməti göstərən qadınların sayı artıb” – son vaxtlar ən çox eşitdiyimiz ifadələrdəndir

Source:
Seks işçisi
Seks işçisi

“Ərəblər gələndən seks xidməti göstərən qadınların sayı artıb” – son vaxtlar ən çox eşitdiyimiz ifadələrdəndir. Aydın məsələdir ki, əvvəl bu qədər insan bu işlə məşğul olmayıb, tələb gələn kimi təklif də ona mütənasib meydana çıxıb. Yəni ərəblərin müştərisi olduqları əksər xanımlar bu fəaliyyətə təzə başlayıblar. Bəs necə olur ki, bu qədər sərt mühafizəkar mentaliteti olan və 90%-dən çox əhalisi özünü müsəlman hesab edən ölkədə mənzərə qəfil dəyişir?

Bu barədə fikirləşəndə yadıma həmişə 1920-lərin əvvəllərində Vaymer (Weimer) Respublikası dövründə Almaniyada baş verən iqtisadi çöküşün seks işçilərinin sayını sürətlə artırması düşür. Stefan Zveyq (Zweig) “Dünənin Dünyası”nda yazır ki, Berlində birdən-birə çoxlu fahişəxana meydana çıxmışdı. İnflyasiya fantastik hədlərdə idi (1 ABŞ dolları 4 milyon Almaniya markasına bərabər idi). Bir müddət sonra isə dövlət iqtisadiyyatı tənzimləyə bildi, hiper-inflyasiya başa çatdı. Bu zaman qəribə şəkildə həmin fahişəxanalar yoxa çıxdı. Bəs oradakı seks işçiləri hara getdi?

Bunun cavabını son vaxtlara qədər bilmirdim. Bir müddət əvvəl bir nəfərin yazısından oxudum ki, 1990-larda Azərbaycanda da baş verən iqtisadi böhran zamanı çoxlu ənənəvi, yəni patriarxal mentalitetə uyğun həyat sürən qadın seks işçiliyinə başlamışdı. Məsələn, müəllim, həkim və ya başqa peşə sahibi işdən çıxır, seks xidməti göstərdiyi ünvana gedir, orada da işini görüb, evinə gedirdi. Evdə də əri, uşaqları – adi həyat tərzi yəni. 90-ların başa çatması ilə vəziyyət qismən sabitləşdi, əhalinin gəliri bir az artdı və bu xanımlar xidmətlərinə son qoydular, heç nə olmamış kimi öz sakit həyatlarını yaşamağa davam etdilər.

Bu yaxında isə daha maraqlı bir məlumat eşitdim. Deməli, 1990-larda Azərbaycandan Türkiyəyə, Dubaya və digər ölkələrə qadın “ixracı” şəklində insan alveri barədə hamımız bilirik. Xüsusən, Dubay sözü bədnam ifadə şəklini almışdı. Ora gedən xanımların əksəriyyəti adi seks işçisi kimi çalışsa da, bir qismi sutenyor ola bilmişdi. Bu sutenyorlarıın bəziləri ölkəyə qayıdanda həbs olunub. DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları onlara açılmış cinayət işi çərçivəsində şahidləri axtarıblar. Məlum olub ki, onların istismar etdiyi qadınların xeylisi ölkədə yaşayır. Mənim eşitdiyimə görə, polis əməkdaşları bu məsələdə peşəkar davranıblar. Belə ki, məsələn, hansısa xanım əvvəllər Dubayda seks işçisi kimi istismar olunub. Ölkəyə qayıdandan sonra isə evlənib (və ya əvvəlki evliliyini davam etdirib) və adi həyat sürməyə başlayıb. Polislər ailəni dağıtmamaq, onların sabit həyatlarını məhv etməmək üçün qapını döydükdə, özlərini qaz idarəsinin əməkdaşları kimi təqdim edir və evdə borulara baxmalı olduqlarını deyirlər. Evə girəndə baxırlar, əgər qadın təkdirsə, məsələni ona danışırlar. Şəxsiyyətinin gizli tutulacağını, sadəcə şahid və ya zərərçəkmiş kimi ifadə verməli olduğunu bildirirlər.

Bütün bunlara baxdıqda, bu nəticə çıxır ki, nəinki bir xalqın, hətta əksər hallarda ayrı-ayrı fərdlərin də oturuşmuş, heç vaxt dəyişməyən xasiyyəti, xəyanət edə bilmədiyi prinsipləri yoxdur və ya çox azdır. İnsanlar toxluq vaxtı müqəddəs, toxunulmaz elan etdikləri dəyərləri aclıq vaxtı yavaş-yavaş müqəddəslikdən məhrum edir və onların toxunulmaz statuslarını dondururlar. Vəziyyətdən çıxmaq lazımdır, onlar da əvvəllər özlərinə qadağan etdikləri və ya cəmiyyətin onlara tabu hesab etdiyi işi görürlər, nəticədə nəinki acından ölmürlər, eləcə də qazandıqları pulla ailələrini qoruyur, uşaqlarının təhsilini təmin edirlər. Dövr dəyişib, böhran qismən başa çatanda da əksəriyyəti yenə tabulu mövzulara qayıdırlar. Buna bənzər mənzərə tarixdə çox yaşanıb. Məsələn, avropalı müstəmləkəçilər Avropada son dərəcə mədəni olur, ballarda xanımların geniş ətəkli tumanlarının qatlarını xışıldadanda ikiqat olub üzr istəyirlər, amma eyni adamlar Afrikada, Amerikada insanları kütləvi qıra, zorlaya, qul edə bilirdilər.

Adamların nəyisə ayıb sayması üçün əsas həlledici amil onların başlarının üzərindəki hakimiyyətin bu məsələni ayıb sayıb-saymamasıdır. Bu gün seçki saxtalaşdırmaq nəinki ayıb sayılmır, hətta bunu edənlər məclisdə başda oturdulur, elçiliyə onu göndərirlər. Amma demokratik cəmiyyətdə, insanların səsləri uğrunda mübarizə apardıqları şəraitdə seçki saxtalaşdırmaq ən ayıb işlərdən biri sayılacaq. Özü də rahat, heç bir koqnitiv dissonans yaşamadan. Çünki əksər insanlar üçün əxlaqi keyfiyyətləri müəyyən etmək əziyyəti dövlətin, ağsaqqalların, dədə-babanın, Amerikanın, peyğəmbərin, imamların… əlqərəz əlçatmaz, ünyetməz, sözeşitməz subyektlərin işidir. Onların işi isə cəmiyyətdə hamılıqla qəbul olunmuş qadağalara riayət etmək, qadağa altında olmayan hər şeyi sui-istifadə səviyyəsinə qədər istismar etməkdir.

Əgər ölkəyə çoxlu ərəb gəlirsə, deməli, onların ölkələri ilə viza rejimi sadələşdirilib, deməli, dövlət istəyir ki, onlar gəlsin. “Tarqovının ortasında” insan alveri baş verirsə, deməli, dövlət bundan pul qazanmaq istəyir. Vəssalam, bu, əxlaqi qadağaların sərhədlərini müəyyən etmək üçün kifayətdir. Dövlətin niyyəti bəllidir – “Ərəbləri cəlb edin”. Bir də, əlbəttə ki, müqəddəs tələb-təklif əyrisi işə düşür. Əlində çoxlu pul olan adamlar seks işçisi axtarırlar. Ən qapalı, ən mühafizəkar cəmiyyət də bu tələbatın qarşısına mütanasib təkliflərlə çıxacaq. Bir gün bu “ərəb axını” bitəndə və ya səngiyəndə indi onlara pulla xidmət edən xanımlar heç nə olmamış kimi öz həyatlarına geri dönəcəklər, bellərində nəhəng qırmızı lentlə evlənəcəklər. Ətrafdakılar tərəfindən də qəbul ediləcək. Çünki əxlaqın qadağalarının sərhəddini dövlət müəyyən edir, bu sərhəddi dəyişməyə çalışmaqdansa, ona uymaq daha asan və qınaqsızdır. Əksinə bu sərhədləri dəyişməyə cəhd edənlər qınanır.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSeks işçilərinin sayı niyə artıb?