Səkkiz illik qaz yolu, iki milyardın yüz yolu…

Keçmiş redaktorlarımdan biri daim yerli qəzetləri izləməyi tövsiyə etmişdi

Source:

Keçmiş redaktorlarımdan biri daim yerli qəzetləri izləməyi tövsiyə etmişdi. Sözün əsl mənasında “yerli hakimiyyətin “orqanı”na çevrilmiş məddah rayon qəzeti kimə nə verəcək?” – deyə biz heyrətlənəndə gülümsədi:

– Kimə nə verəcək, məni maraqlandırmır. Sizə məlumat verəcək və o məlumatlar işinizə yarayacaq.

O vaxtdan əlimə keçən yerli qəzetləri kitab dolabının bir küncünə atırdım. Bugünlərdə təsadüfən həmin qəzetlərdən birinə göz atanda redaktorumun nə qədər haqlı olduğunu anladım.

Gəncliyimdə əməkdaşı olduğum qəzetin bu sayı fövqəlnazirin “Qəbələ II Beynəlxalq Musiqi Festivalı”na həsr olunmuşdu. Heç nə demirik, olsun. Adam bütövlükdə rayona şəxsi mülkiyyəti kimi baxır. Musiqi festivalı da keçirdər, atom sınağı da. Canımız da, malımız da, hətta zövqümüz də onun əhval-ruhiyyəsinə hesablanıb. Hər kəs də halından məmnun görünür.

Əlimdəki qəzet də həmçinin qəzetlikdən çıxıb əzik-üzük kağız parçası kimi ölkə “qaymaqlarının” ayaqlarına elə məmnuniyyətlə döşənib ki, başqaları sanki festivala tum çırtlamağa gəliblərmiş. Sənətə dəxli olmayan yersiz tərif, pərəstiş dolu cümlələrdən ürəyim bulandı. Şablon vərəqləri izləməkdən sıxılıb qəzeti yerinə qoymaq istəyəndə birdən hansısa küncdə kəndimizin adını görüb təəccübləndüm. Təmtəraqlı festival ortamında mənim yetim kəndimin nə işi vardı?

Demə bir neçə ətraf kəndlə bərabər bizim kəndimizə də qaz çəkilişinə başlanıbmış. Balaca yazıda çəkilişin ilin axırına qədər başa çatacağı barədə məlumat verilirdi. Hərçənd qazlaşası kəndlərin arasında bacımgilin kəndini görüb daha çox sevindim. Həştadı haqlamış bacımın və həyat yoldaşının pensiyasını aylarla yığıb hər il min manata yaxın oduna pul verirlər. Üstəlik odun-ocaqla əlləşmək evində yataq xəstəsi olan beli bükülmüş yaşlı adamın əziyyətini xeyli artırır.

Oxuduğum xəbəri dərhal bacımla paylaşıb onu da sevindirmək istədim. Yazığın işi nə qədər yüngülləşəcəkdi! “Qazlı qəzeti” sevə-sevə götürüb müjdə vermək üçün bacıma zəng vuranda gözümə səhifənin yuxarısındakı tarix sataşdı: 2010-cu il, 29 avqust!

Təkrar oxudum. Ondan bəri səkkiz dəfə ilin sonu çatıb axı… Bacımın səsini eşidən kimi çaşdığımdan “qaza görə zəng etmişdim”- deyərək özümü daha axmaq vəziyyətə saldım. Yanar qazla bağlı xəyalları çoxdan külə dönmüş bacım yaxşı ki, məni yanlış anlayıb halsız-halsız dilləndi:

– Bizdə qaz qalmadı ki. Bilirsən, qaz quruda əmələ gəlməz, dilsiz-ağızsız canlını sudan məhrum saxlamaq da günahdır. Kəndin arxını kəsib böyüklərin sahələrinə veriblər. İçməyə suyu güc-bəla ilə tapırıq. Uşaqlar mən evdə olmayanda qazları suyu hələ kəsilməmiş kəndlərin birinə dəyər-dəyməzinə satıblar.

Sənin qazın da onların arasında gedib. Odunumuz qurtarıb, indi mən çay qaynatmaq, xörək bişirmək üçün bağa çırpı yığmağa gedirəm.

Odsuz-susuz bacımın bükülmüş belindəki çırpı ocağını elə bil ürəyimdə qalayırdılar. Bir gün tüstüm təpəmdən çıxa-çıxa ana əvəzim cəfakeş qadını “can!” deyib əzizləmək istədim. Amma qorxdum… Qorxdum bacım bu dəfə cavab verə ki, canımızı kəsib dördqat deputat Fəttah Heydərova yapışdırıblar. Beşinci, altıncı, yeddinci və sairinci dəfə Qəbələdən mandatını daha qıvraq alsın deyə…”

Bitdimi? Bitmədi, bitməz. Abırsızlıq, haqsızlıq, zorakılıq, ədalətsizlik, daha nə bilim nə qədər “sizlik”lər biz istəmədən bitməz. İstəyə bilsək, hər şey fərqli olar. Ən azından “analoqsuz inkişaf ölkəsində” nənələr bellərində çırpı daşımazlar. Bəlkə istəməyi sınayaq? Bundan ötrü ki, “Baksovet”in icazəsi lazım deyil…

Yazını gündəlik həyatımızın reallıqlarından yığcam bir həyat hekayəti ilə bitirmək istədim.

***

Körpəsinin süd pulunu almağa gedən kasıb ata Sosial Müdafiə İdarəsində klassik maneələrlə qarşılaşır: “Adına nəsə var, sənə düşmür!”

Adam südlə bağlı həmin ödənişin analara aid olduğunu izah etməyə çalışır. Sosial müdafiəçilər təslim olmayıb gender bərabərliyinə qədər gedib çıxırlar. Nəhayət, sülhməramlı bir əməkdaş yüz manatlıq işi yarılığına boynuna götürür. Əllərinə çatası əlli manatın artıq yarısını yola-rizə, sənəd-sünədə xərcləmiş ata soruşur:

– İndi deyirsiniz uşağı bir gün anası, bir gün siz əmizdirəcəksiniz?

P.s. Bu arada gedənin dalınca danışmıram. Mən sadəcə Səlim Müslümovun iki milyardındakı yüz manatın yerini çoxdan bilirəm. Yəni, südpulusuz böyüyən o uşaq artıq məktəblidir, bir neçə ildən sonra isə vətəni qorumağa cəbhə bölgəsinə yollanacaq…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSəkkiz illik qaz yolu, iki milyardın yüz yolu…