Ekspert: “Ehtiyac meyarı anlayışı ləğv edilməlidir”
“Mən özüm Laçından olan məcburi köçkünəm. 2012-ci ildə ailə qurdum, 4 övladım var. Çoxuşaqlı ailə kimi yaşamımız çətindir. Uşaqlar xəstədir, müalicə edə bilmirik. Nə ünvanlı sosial yardım alırıq, nə iş tapırıq. Xəstə həyat yoldaşımın fəhlə qazancına möhtacıq”.
“Neçə gündür ki, dərman və qidaya pul tapmırıq”
Şəkinin Çayqaraqoyunlu kəndində yaşayan 33 yaşlı Zərqələm Məmmədova Meydan TV-yə belə deyir.
Laçından olan məcburi köçkün dörd uşaq anasıdır. Olduqca kasıb, ehtiyac içində yaşayan ailədə uşaqların böyüyünün 11, kiçiyinin 1 yaşı var. Nimdaş, təmirsiz evin bir otağında odun sobası istisinə qızınaraq yaşayan körpələrin ehtiyacları çoxdur.
Ana deyir ki, aztəminatlı ailənin dövlətdən heç vaxt gəliri olmayıb. Əqli problemli həyat yoldaşının günəmuzd işlərdən əldə etdiyi fəhlə pulu ilə dolanmaq məcburiyyətindədirlər ki, o da hər gün olmur:
“Böyük qızlarım 5-ci və 3-cü siniflərdə oxuyur. Məktəbə kiminsə köhnəsi, nimdaşı ilə gedirlər. Günlərlə ayaqları su içində olur. Üçüncü oğul övladımın 4 yaşı var, balaca qızım isə yaşyarımlıqdır. Nəm otaqda yaşamaqdan balaca övladım ağciyər xəstəsidir. Neçə gündür ki, dərman və qidaya pul tapmırıq. Həkim deyir ki, o otaqda yaşamaq olmaz. Ev palçıqdır, hər gün nəmişlik, rütubət olur deyə divarlar tökülür. Eyni evdə qaynanam və qaynım ailəsi ilə birgə yaşayır. Biz 6 nəfər bir otağa sığınmışıq, dolanışığımız isə ayrıdır”.
“Qaynanam pensiyası ilə o biri oğlunun ailəsi ilə birgə dolanır. Biz xəstə həyat yoldaşımın günlük fəhlə pulu ilə dolanırıq. Kiminsə həyətində nə iş olur, gedib fəhlə kimi çalışır. Aylıq 150-200 manat gəlirmiz belə olmur. Otaqda odun sobası yandırıb isidirik, qaz işlətməyə pulumuz yoxdur. Pul yazır, ödəyə bilmirik. Pampers belə ala bilmirik. Dükanlara borcumuz var deyə ərzaq vermirlər. Heç kimi qınamıram, ancaq gəlirsiz çoxuşaqlı ailə kimi yaşaya da bilmirik. İşsiz, gəlirsiz çox çətindir”, – deyə o bildirib.
“Dövlət qurumlarına ayaq döyməkdən yorulmuşam”
Onun sözlərinə görə, həyat yoldaşı 32 yaşlı Məmmədov İsmayıl əqli problemli diaqnozu ilə hərbi xidmətdən azad olunub, ancaq ona əlillik dərəcəsinin düşmədiyini deyiblər:
Zərqələm Məmmədova deyir ki, həyat yoldaşı təhsilsiz, xəstə və ətraf hadisələrə laqeyddir. Onun xəstəlik kriteriyaları əsas verir ki, əlillik dərəcəsi alsın. Bu, əlçatmaz olduğuna görə beş ildir ki, ailənin ünvanlı sosial yardım və iş üçün edilən çoxsaylı müraciətləri də cavabsız qalır.
Dediyinə görə, uzun müddət olmayan iki nəqliyyatı həyat yoldaşının adına çıxaraq imtina cavabı verilib. Hətta 2022-ci ildə Dövlət Yol Polisi İdarəsindən Məmmədov İsmayıl Məhərrəm oğlunun adına və istifadəsində nəqliyyat vasitələrinin olmamasına dair rəsmi arayış alınıb alt sistemə daxil edilsə də, yenə imtina gəlib:
“2019-cu ildən müraciət edirik, sənədləri yığırıq göndəririk, cavab gəlir ki, adınızda iki nəqliyyat var. 2022-ci ilin noyabrında Dövlət Yol Polisi İdarəsinin işə qarışması ilə təmizlik kağızı alsaq da, sonra da bəhanə etdilər ki, ailə başçısı işləməlidir. Ehtiyacdan 79 sot olan pay torpağı satmaq məcburiyyətində qaldıq. Onun pulunu da yollara, sənədlərə sərf etdik. “İş olmasa, mümkün deyil”, – deyib dururlar. Halbuki o qədər imkanlı ailələr alır ki. Sadəcə, işi bəhanə edirlər. İşim varsa, işləyib maaş alıb dolanaram da. Məşğulluğa, bələdiyyə və icra nümayəndəliyinə iş üçün beş ildir ki, dəfələrlə müraciət etdim, qeydiyyata düşdüm. Hələ də boş vədlər. Ancaq bizdən sonra yaşıllaşdırma və digər idarələrə işçi götürüldü. Özünüməşğulluq proqramına müraciət etdik, heyvan vermədilər ki, qaynananızın heyvanı var, sizə düşmür”.
“Başa sala bilmirəm ki, o heyvanın bizə aidiyyəti yoxdur, istifadə edə bilmirik. Deyirlər ki, şəxsi eviniz və tövləniz olsun ki, ünvanlı sosial yardım və yaxud heyvan verilsin. Qaynım həyətindən torpaq verib yarımçıq ev tikmişik, hazır edə bilmirik. Şəki İcra Hakimiyyətindən kömək istəməyə getmişdik ki, o evi tikib köçək. Dedi ki, bizim büdcəmizdə fərdi ev tikməyə vəsait yoxdur. Yaxşı olar ki, dolanmaq üçün ikimizə ya iş, ya ünvanlı sosial yardım versinlər. Məktəbdə, xəstəxanada, yaşıllaşdırmada nə kimi fəhlə işi olsa, çalışarıq. Daha dövlət qurumlarına ayaq döyməkdən yorulmuşam. Bizi boş vədlərlə yola verib aldadırlar”, – Zərqələm Məmmədova belə deyir.
“Pulu olmayana ünvanlı sosial yardım verilmir”
Zərqələm Məmmədovanın atası Silduz Həsənov da deyir ki, ailəyə kənardan ərzaq yardımı olmasa, dolanışıq mümkün deyil. Özünün də maddi durumu yaxşı olmadığından qızının ailəsinə, övladlarına kömək edə bilmir:
“Çox fağır ailədir. Biz Mingəçevirdə ərzaq göndərməsək, çox vaxt ac-susuz qalacaqlar. Dəfələrlə ünvanlı yardım üçün müraciət ediblər, müxtəlif bəhanələrlə vermirlər. İş də tapa bilmirik ki, onlara kömək edək. Pulu olmayana ünvanlı yardım verilmir, gərək şirinlik verəsən. Kəndin də torpağını oliqarxlar alıb, əkməyə yer yoxdur. Daş üstündə necə dolansınlar?”.
Aidiyyəti qurumlar nə deyir?
Şəki Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, ev tikintisi üçün büdcədə vəsait yoxdur. Ünvanlı yardımın təyinatına köməklik və işlə təminat da onlara aid deyil:
“Amma ailə kasıb və ehtiyaclı olanda birdəfəlik maddi dəstək kömək ola bilər, yəni yardım mümkündür. O da baxır ailənin şəraitinə. Rəsmi ərizə ilə təkrar müraciət edib komissiyasının qəbuluna yazılsınlar”.
Çayqaraqoyunlu kənd bələdiyyəsinin sədri İsmayıl İbrahimov isə bildirib ki, bələdiyyə işlə təminat və maddi yardım baxımından onlara kömək edə bilməyəcək. O bunu vəsaitin olmaması ilə əlaqələndirib.
Dövlət Məşğulluq Agentliyinin sözçüsü Əsmər Nəcməddinqızı isə deyib ki, Zərqələm Məmmədova və həyat yoldaşı İsmayıl Məmmədovun işlə təmin edilməsinə bağlı müraciətinə baxılıb.
Onun sözlərinə görə, vətəndaş azyaşlı uşağı olduğu üçün özünün işləyə bilməyəcəyini, yoldaşı İsmayıl Məmmədovun isə münasib işlə təmin edilməsinə köməklik göstərilməsini istəyib.
“Vətəndaşa vakansiya bankından münasib iş təklif olunub və göndəriş işəgötürənə göndərilib. İşəgötürən tərəfindən namizəd uyğun hesab edilərsə, işlə təminatı həyata keçiriləcək”, – deyə o qeyd edib.
Dövlət Sosial Müdafiə Fondundan isə bildirilib ki, Məmmədovların müraciətinə ailə başçısının adında nəqliyyat aşkarlandığına görə imtina verilib.
Qurumun sözçüsü Rəşad Mehdili deyib ki, vətəndaş mülkiyyətində nəqliyyat vasitəsi olmadığı barədə arayışı əldə etdikdən sonra elektron sistemə daxil etməyib.
Onun sözlərinə görə, ailə başçısının işsizliyi də yardımın təyinatına əngəldir:
“Ailə 6 nəfərdən ibarətdir. Ailənin əmək qabiliyyətli üzvü Məmmədov İsmayıl hazırda işsizdir. Sözügedən şəxsin məşğulluğu təmin edildikdən sonra müraciət edərsə, ailənin sosial yardımla bağlı müraciətinə baxıla bilər”.
Ölkədə nə qədər aztəminatlı ailə var?
Ən son statistik məlumata görə, ölkədə 2 milyon 401 min ev təsərrüfatı var. 101 min ailə öz zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. 475 min ailə, yəni iki milyon insan zəruri ehtiyaclarını qarşılamaqda isə bəzi çətinliklər, 20 min ailə isə böyük çətinliklər yaşayır.
Bir milyon 681 ailə, yəni 7 milyon insan öz zəruri ehtiyaclarını asanlıqla ödəyir. Ailələrin yalnız beş faizi zəruri ehtiyaclarını çox asanlıqla qarşılayır. Yəni 500 min insan daha yaxşı imkanlar şəraitində yaşayır.
Aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardım ən son statistikaya əsasən, 49.191 min ailəyə verilir. Ötən il isə bu yardım təxminən 72 min ailəni əhatə edib.
2020-ci ildə isə 84 min aztəminatlı ailə bu yardımdan yararlana bilib. İldən-ilə bu yardımın alanların say statistikasında azalma müşahidə olunur.
Məmmədovlar kimi çox aztəminatlı ailələr ünvanlı sosial yardımla təminatda çətinliklər, süni əngəllər yaşayır.
“Minumum istehlak səbəti əhalinin real minumum ehtiyaclarını ödəmir”
İqtisadçı ekspert Fərid Mehralızadə ünvanlı sosial yardımın effektiv mexanizm olması üçün öncə ölkədə yoxsulluq həddinin düzgün müəyyən edilməsini görür.
Onun sözlərinə görə, əks halda yoxsulların əhəmiyyətli hissəsi hökumətin sosial siyasəti çərçivəsindən kənarda qalacaq.
“İndiki yanaşmaya görə, aylıq gəliri yaşayış minimumundan (246 manat) az olan şəxslər yoxsul hesab edilir. Yaşayış minimumunun hesablanması ilə bağlı isə minimum istehlak səbətinə istinad olunur. Həmin minimum istehlak səbəti isə uzun müddətdir yenilənmir. Eyni zamanda, həmin tərkib əhalinin real minimum tələblərini əks etdirmir. Bu baxımdan, ilk öncə minimum istehlak səbətinin tərkibi reallığa uyğunlaşdırılmalıdır ki, onun əsasında ölkədə reallığı əks etdirən yoxsulluq həddi müəyyən edilə bilsin. Bu olmadan istənilən halda yoxsulların əhəmiyyətli bir hissəsi hökümətin sosial siyasətinin çərçivəsindən kənarda qalacaq”.
“Eyni zamanda, hesab edirəm ki, ehtiyac meyarı anlayışı ləğv edilməlidir. Doğrudur, son iki ildə etibarən ehtiyac meyarı və yaşayış minimumunun məbləği bərabərləşib. Amma bunun gələcəkdə də belə olub-olmayacağı dəqiq deyil. Çünki ehtiyac meyarı yaşayış minimumundan az olduqda, bu hal da yoxsulların əhəmiyyətli hissəsinin Ünvanlı Dövlət Sosial Yardım (ÜDSY) almasını mümkünsüz edir. Ünvanlı Dövlət Sosial Yardımının yaşayış minimumu əsasında deyil, ehtiyac meyarı əsasında təyin edilməsi o deməkdir ki, bu mexanizm yoxsul əhali üçün deyil, ən yoxsul əhali üçün nəzərdə tutulub. Bu baxımdan, ölkədə yoxsulluğun ölçülməsi real vəziyyəti ifadə etmədikcə və ölkədə qeyri-rəsmi əmək və mülkiyyət münasibətləri aradan qaldırılmadıqda hökümətin ÜDSY mexanizmi də tam işlək ola bilməz”, – deyə o bildirib.
“Əlavə şərtlərə ehtiyac yoxdur”
Ekspert həmçinin Ünvanlı Dövlət Sosial Yardımın təyinatında nəzərdə tutulan bəzi kriteriyaları uyğunsuz hesab edir:
“Şəxsin avtomobili varsa, vermirlər. Bəlkə, bu şəxs avtomobili gəliri olan vaxt alıb və indi gəliri yoxdur. Yaxud həmin avtomobilin dəyəri çox aşağıdır, yaxud sürücü fəaliyyəti göstərir. Gəliri xərclərini qarşılamırsa, təyinatında əngəl olmamalıdır. Adında olmayan nəqliyyata görə verilməsi isə absurddur. Digər bir absurd şərt var, aylıq kommunal xərclərin ödənişlərinin həcmi ilə bağlı. Bəlkə, kiminsə işi telefonladır, yaxud gördüyü işə görə elektrik enerjisi ödəməli olur. Ünumiyyətlə, əlavə şərtlərə ehtiyac yoxdur. Əgər şəxsin gəlirləri xərclərini qarşılamağa uyğun deyilsə, hökumət yardım etməlidir”.
“Yığılan sərbəst pul vəsaiti hesabına iş yerləri yaradılmalıdır”
İqtisadçı Natiq Cəfərli isə Meydan TV-yə deyir ki, DSMF-nin 1 mlrd. 50 mln manat sərbəst vəsaiti var. Həmin vəsaiti ölkənin 5 böyük bankına depozit kimi qoyub. Üstəlik, DSMF büdcədən bu il üçün 1 mlrd 392 mln manat dotasiya alacaq.
Onun fikrincə, bu, investisiya fəaliyyəti deyil, əksinə, bu vəsaitlə ölkədə yeni iş yerləri açılmalı, işsiz insanlar işlə təmin edilməlidir:
“Dünyada təqaüd fondları var ki, investisiya fondları kimi çıxış edirlər. Məhz həmin investisiya, yığılan sərbəst pul vəsaiti hesabına iş yerləri yaradılmalıdır. Zavod, fabrik yaratsınlar, yəni yeni iş və əlavə dəyər yaradılmasında iştirak etsinlər. Aparıb banklara depozit qoymaq investisiya fəaliyyəti deyil. 1 mlrd 50 milyon məbləğində toplanan sərbəst vəsaitin nədən yaranması sualdır. Açıqlama verməlidirlər ki, bu qədər məbləğ nədən yaranıb? Təbii ki, ünvanlı yardım və əlillik təyinatının azaldılması da bu sərbəst məbləğin yaradılmasına təsir edə bilər. Ancaq biz bunu ehtimal edə bilərik, mənbə dəqiq açıqlanmalıdır”.
Boş vədlər, puç olan ümidlər…
Zərqələm Məmmədova isə düşünür ki, iş olsa, həyat yoldaşı çalışıb ailəni dolandırar, ünvanlı sosial yardım üçün illərlə sürünməzdilər:
“Mənlə əlaqə saxlayıb himayəmdə azyaşlı uşaqlar olduğu üçün həyat yoldaşıma çörək sexində iş təklif etdilər, ancaq dedilər ki, alınması dəqiq deyil. Ünvanlı yardım üçün isə biz arayışı iki dəfə elektron sistemə daxil etmişik. Sonuncu dəfə işsizliyi əsas gətirdilər. İş olsa, həyat yoldaşım məmnuniyyətlə çalışardı. Amma yenə də icra hakimiyyətindən: “İş olarsa”, – deyə bizi yola saldılar”.