Zəhərlənənlər arasında müəllimlər də var
Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəllimi zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Kənddən bildiriblər ki, məktəbin binasında təmizlik işləri aparılıb və bundan sonra uşaqlarda zəhərlənmə əlamətləri müşahidə edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.
TƏBİB-dən isə bildirilib ki, Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib.
20 qadın, 7 kişi olmaqla 27 nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilir.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi də Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslər barədə açıqlama verib.
İdarədən bildirilib ki, Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb.
Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Bununla əlaqədar olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.
Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir.
Qeyd edilib ki, ilkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub:
“Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir. Hadisə haqqında əlavə məlumat veriləcək”.