Şəkidə 10 gün əvvəl öldürülən kişinin telefonu Bakıda necə satılıb: oğlu həbs olundu

Telefon aksessuarları. Foto: Suphaksorn Thongwongboot/shutterstock

Katif Gülməmmədlinin atasını boğaraq öldürdüyü iddia edilir

Şəki rayonunun İncə kəndində yaşayan 64 yaşlı İsmayıl Gülüyevin meyiti yaşadığı evdə aşkarlanıb. Onun 10 gün əvvəl qətlə yetirildiyi bildirilir. İsmayıl Gülüyevi qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan isə öz oğludur. Daxili İşlər Nazirliyinin (DİN) hadisə barədə yaydığı məlumatda iddia olunur ki, İsmayıl Gülüyev öldürüləndən sonra onun telefonu Bakıda oğlu tərəfindən satılıb.

DİN-in Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları məlumat alan kimi hadisə yerinə baxış keçiriblər. Araşdırma zamanı məlum olub ki, mayın 4-də İsmayıl Gülüyevlə oğlu, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli arasında mübahisə baş verib.

“İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu Katıf Gülməmmədli tərəfindən boğularaq öldürüldüyü, atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə aparıb, orada satdığı müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib”, – DİN-dən bildirilib.

Məlumatı Şəki Rayon Prokurorluğu da təsdiqləyib. Prokurorluğun məlumatında bildirilir ki, mayın 13-də 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin meyitinin yaşadığı evdə tapılıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Ana səhifəBölgəŞəkidə 10 gün əvvəl öldürülən kişinin telefonu Bakıda necə satılıb: oğlu həbs olundu