Şəki sakini: Bacımın ölümündən 36 gün keçib, araşdırma aparılmır

Tibbi heyət 3 gün ərzində xəstəyə bütün lazımi tibbi müdaxilələri ediblər, lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Source: meydan tv


Şəki sakini bacısının Bakıdakı tibb müəssisəsində baş vermiş ölümüylə bağlı araşdırmadan narazıdır

“Bacımın xəstəxanadakı ölümündən 36 gün keçib, hadisə baş verən gündən prokurorluq orqanlarına etdiyim şikayətlərimə baxılmayıb. Zəng vurub mayın 24-də Bakı Şəhər Prokurorluğuna – prokuror müavininin qəbuluna çağırıblar. Səhər o başdan Şəkidən gəlmişəm Bakı Şəhər Prokurorluğuna, deyirlər, adın qəbula gələnlərin siyahısında yoxdur. Saatlarla gözlədim, heç kəs qəbul etmədi…”

Şəki sakini Rahim Nəsirov belə deyir. Bacısı Sədaqət Əhmədova Tibb Universitetinin Terapevrtik Klinikasında müalicə olunarkən aprelin 18-də vəfat edib. Rahim Nəsirov hələ ötən ay bu barədə

Meydan TV

-yə danışmışdı.

O bildirmişdi ki, bacısı həkim səhlənkarlığı üzündən həyatını itirəndən sonra nəşi 4 saatdan çox palatada qalıb və xəstəxana işçiləri yaxın gəlməyib. Baş Prokurorluğun qaynar xəttinə zəng vurduqdan sonra da nəticə əldə etmədiyi üçün özü meyiti şəxsi avtomobilinə qoyaraq Şəkiyə yollanıb. Nəsimi Rayon Prokurorluğundan onunla Şəkiyə çatana yaxın əlaqə saxlanılıb və tapşırılıb ki, meyiti geri – Bakıya qaytarsın. Rahim Nəsirovsa “mənim ölüm sizincün oyuncaq deyil, maşına qoyub o baş-bu başa aparıb gətirim” deyərək, bacısının nəşini Şəkidə məscidə apararaq yudurdub və dəfn edib. Rahim Nəsirov bir neçə gün sonra səhiyyə naziri Oqtay Şirəliyevin Şəkidə vətəndaşların qəbulunu keçirəcəyini eşidib və qəbula yazılıb. Ancaq qəbul vaxtı həm onun, həm də başqa şikayətçilərin nazirlə görüşməsi əngəllənib. Rahim Nəsirovun şikayətlərindən sonra mayın əvvəli ona zəng vuraraq bildiriblər ki, yaxın günlərdə Baş prokuror Zakir Qaralov onu qəbul edəcək. Ancaq bu da baş tutmayıb.

image_from_ios (11).jpg
Sədaqət Əhmədova


“Prokurorluğa çağırdılar, ancaq qəbul eləmədilər”

“Adam əzizini itirir, onsuz da yarası dərindir, bir az da dövlət qurumları adamı ələ salır sanki… Gah zəng vurub deyirlər, hazırlaş, Baş prokuror səni qəbul edəcək, gah zəng vurub deyirlər, dur sabah təcili gəl Bakı Şəhər Prokurorluğuna, prokuror müavini qəbul edəcək… Əvvəla, xəstələrin tibb müəssisələrində həkim baxımsızlığı üzündən ölməsi şəhər prokurorunun müavini səviyyəsində baxılacaq məsələ deyil. Bu işə ölkənin güc strukturlarının başında dayananlar qarışmalıdır, adamlar xəstələrini tibb müəssisələrinə aparmağa qorxur. Necə ki, mən də qorxurdum və qorxduğum başıma gəldi,”- Rahim Nəsirov deyir.

Beləcə, mayın 24-də Bakıya gələrək Bakı Şəhər Prokurorluğunun qapı arxasında qalan Rahim Nəsirov oranı tərk edərək Prezident Administrasiyasına gedib. Orada da onu qəbul edən olmayıb. Bildiriblər ki, nə sözü varsa, Baş Prokurorluğa gedib söyləsin:

“Ordan çıxdım gəldim Baş Prokurorluğa, orda adlı bir əməkdaşa yönləndirdilər. O da qulaq asdı, son sözü də bu oldu ki, araşdırılır, vəssalam. Nəsimi Rayon Prokurorluğu müraciətimdən 4 saat sonra bizimlə maraqlanıb, hansı ki, dediyim kimi, bacımın nəşini artıq Şəkiyə çatdırmışdım. Prokurorluğun hərəkətindən şikayət vermişəm, eləcə deyirlər, daxili təhqiqat aparılır. Bacımın nəşinə 4 saat yaxın durmayan həkimlər hələ də cəzasız qalıb. Səhiyyə və prokurorluq orqanları bir-birlərinin əməllərini ört-basdır etməklə məşğuldular”.

image_from_ios (12).jpg
Ölüm şəhadətnaməsi


Prokurorluq: “Zənglərə cavab verməyib”

Bakı Şəhər Prokurorluğundan bildirilib ki, Rahim Nəsirov səhər saatlarında prokurorluğa gəlib, anlaşılmazlıq olub, ona əvvəlcə adının qəbula gələnlərin siyahısında olmadığı bildirilib. Rahim Nəsirov prokurorluğu tərk edəndən az sonra prokurorluq əməkdaşları onunla telefon əlaqəsi yaratmağa çalışsalar da, zənglərə cavab verməyib.

Bundan əvvəl Meydan TV Rahim Nəsirovun şikayətini işıqlandırarkən Tibb Universitetinin Terapevtik Şöbəsindən bildirmişdilər ki, Şəki sakini Sədaqət Əhmədova 15-də şöbəyə proqressivləşən sistemli skleroz dianozu ilə qəbul edilib. Qəbul edilərkən vəziyyəti ağır olub. Tibbi heyət 3 gün ərzində xəstəyə bütün lazımi tibbi müdaxilələri ediblər, lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb. Aprelin 18-də günorta saatlarında xəstə vəfat edib. Mərhumun yaxın qohumu Rahim Nəsirov onun ölümündən təsirlənərək tibbi heyətlə mübahisə edib və ekspertiza olunmasına imkan verməyərək mərhumun nəşini xəstəxanadan özü çıxarıb.

Ana səhifəXəbərlərŞəki sakini: Bacımın ölümündən 36 gün keçib, araşdırma aparılmır