Səid Nurinin ölkəni tərk etməsinə qadağa qoyulub (yenilənib)

Amerika səfirliyi yasağın səbəbini aydınlaşdırmaq üçün hökumətə sorğu göndərib

Source:

14.30. Səid Nuri öz Facebook səhifəsində yazıb ki, Azərbaycan hökuməti Amerika səfirliyinə bildirib ki, o, həm də Azərbaycan vətəndaşıdır və onlar suveren ölkənin daxili işinə qarışa bilməzlər. S.Nuri cinayət işi açıldığını və vəkil axtardığını da deyib.


***


Amerika səfirliyi yasağın səbəbini aydınlaşdırmaq üçün hökumətə sorğu göndərib

Sentyabrın 4-də səhər ABŞ vətəndaş Səid Nurinin Bakıdan ABŞ-a getməsinə qadağa qoyulub.

“Sərhəd nəzarətindən keçərkən mənə bildirdilər ki, Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi ölkədən çıxışıma qadağa qoyub”, – Xalq Cəbhəsi Partiyasının keçmiş fəalı, bir neçə il əvvəl ABŞ-da vətəndaşlıq almış Səid Nuri “Turan İA”-a bildirib.

Milli Təhlükəsizlik Nazirliyindən isə “Turan”-a bununla bağlı  məlumatın  olmadığını bildiriblər.

 Baş Prokurorluqdakı mənbə S. Nurinin  ölkədən  çıxışına qadağa qoyulması ilə bağlı faktı təsdiqləyib. Lakin səbəblərini açıqlamayıb.

Qeyri-rəsmi məlumatlara görə, bu, hansısa cinayət işilə bağlıdır.

“Aeroportda mənə dedilər ki, əgər ölkədən çıxışa qadağa qoyulubsa, deməli, həmin şəxsin barəsində cinayət işi var” -S.Nuri qeyd edib.

S.Nuri Bakıya Azərbaycanın Vaşinqtondakı səfirliyinin verdiyi viza ilə xəstə atasına baş çəkmək üçün gəlib. Vizanın müddəti sentyabrn 21-nə qədərdir.

Cümə axşamı səhər S.Nuri ABŞ-ın Bakıdakı səfirliyinə müraciət edərək kömək istəyib. Səfirlikdən bildirilib ki, hakimiyyətə sorgu göndərilib və cavab gözlənilir.

S.Nuri vaxtilə müxalifətdə olan “Yeni Fikir” gənclər təşkilatı sədrinin müavini olub. 2005-ci ildə hakimiyyətin zorla ələ keçirliməsi ittihamı ilə 3 il şərti olaraq azadlıqdan məhrum edilib. Sonralar ölkəni tərk edib. ABŞ-da siyasi sığınacaq, sonra isə vətəndaşlıq alıb. Hazırda Amerika ordusunun mülki qulluqçusudur.

O zaman “Yeni Fikir” hərəkatının lideri Ruslan Bəşirli 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Azərbaycanda hakimiyyəti ələ keçirmək məqsədilə Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunmuşdu.

Ana səhifəXəbərlərSəid Nurinin ölkəni tərk etməsinə qadağa qoyulub (yenilənib)