“Görünür, hakimiyyət bu yolla mənə təzyiq göstərməyi qərara alıb”
19:57- Səid Nuri Facebook səhifəsində yazıb ki, o, Azərbaycandan çıxarılır. Onunla əlaqə saxladıqda S. Nurinin qohumu olduğunu deyən şəxs onun artıq ölkəni tərk etdiyini bildirdi. “Səidi yola saldıq, getdi. Artıq ölkədə deyil”- deyə cavab verdi.
Keçmiş müxalifət fəalı, hazırda ABŞ vətəndaşı olan Səid Nuri İnternetdə onun intim həyatı haqqında video və fotomateriallar yayılmasını Azərbaycan hakimiyyətinin ona qarşı “çirkin kampaniyası” adlandırıb.
S.Nurinin bununla bağlı heç bir narahatlığı yoxdur. “Ötən ilin may ayında mən rəfiqəmlə Azərbaycana gəlmişdim. Bizim münasibətlərimiz sirr deyildi. Görünür, hakimiyyət bu yolla mənə təzyiq göstərməyi qərara alıb”, – deyə Nuri facebook səhifəsində yazıb.
“Turan İA”-nın müxbiri ilə söhbətində o bildirib ki, kadrlar İçəri Şəhərdəki otellərdən birində çəkilib.
Bununla belə, Nuri onun adından bu kadrların guya Moskvada çəkilməsi və bunun arxasında Rusiya xüsusi xidmətlərinin durması haqqında KİV-ə göndərilmiş məlumatları təkzib edib. “Bütün bunlar yalandır”, deyə o bildirib.
Xatırladaq ki, xəstə atasına baş çəkmək üçün Bakıda olan Nuri bir həftə əvvəl ölkədən buraxılmayıb. Sonradan prokurorluq Nurinin bir sıra QHT-lərə qarşı cinayət işi üzrə şahid qismində keçdiyini və ifadə verməli olduğunu bildirib.
Nurinin bu işə necə aidiyyatı ola biləcəyi aydın deyil, çünki o, artıq 8 ildir ki, ABŞ-da daimi yaşayır.