Şəhriyar parkının hasarlanmış hissəsində nə tikiləcək?

Fotolar: Meydan TV

Ərazidəki ağacların köçürüləcəyi deyilir

Bakının Nərimanov rayonu Təbriz küçəsində yerləşən Şəhriyar adına parkın bir hissəsi uzun müddətdir hasarlanıb və ərazidə tikinti işlərinə hazırlıq gedir. Park uzun illərdir baxımsız qaldığından xarabalığı xatırladır. Vaxtı ilə paytaxtın ən böyük istirahət mərkəzlərindən biri hesab edilən parkda irigövdəli, çoxillik ağaclar qurumaq üzrədir, oturacaqlar sındırılıb, uşaqların əyləncəsi üçün quraşdırılmış yellənçəklər yoxa çıxıb, hovuz dağıdılıb. Ağacların ətrafı zibil tullantıları ilə əhatələnib.

Ərazidə istirahət edənlər Meydan TV-yə bildiriblər ki, park hasarlanmadan əvvəl yaxınlıqdakı evlər köçürülüb. Yaşlı sakinlərdən biri danışıb ki, parkın hasarlanmış ərazisinə yaxın evlər köçürülərkən ciddi narazılıqlar yaranıb, əraziyə şəxsən polis rəisi, icra hakimiyyətinin nümayəndələri gəlib və bildiriblər ki, etirazlara baxmayaraq köçürülmə onsuz da olacaq. Sakinlərin də köçməkdən başqa çarələri qalmayıb.

Parkın hasarlanmış ərazisi ADA Universitetinin yaxınlığında yerləşir. Köçürülmə olarkən sakinlərə həmin ərazidən universitetin korpusunun tikiləcəyi bildirilib, çünki həmin ərazi birbaşa universitetə çıxır. Parkda dincələn təqaüdçü isə ərazidə universitetə məxsus yataqxananın inşa ediləcəyini, parkın ərazisindəki ağacların köçürüləcəyini söyləyib.

“Ecofront” təşkilatının nümayəndəsi Kənan Xəlilzadə bildirib ki, parkın təxminən 2 hektar ərazisi hasarlanıb və hələ də ərazinin hasara alma prosesi davam edir. Parkın yerində Azərbaycan-İtaliya Universitetinin tikiləcəyi gözlənilir.

“Parkın ərazisində təxminən bir hektar ərazidə ağaclar götürüləcək və orada bina tikiləcək. Yəqin ki, Şəhriyar parkına giriş mümkün olmayacaq, çünki ora universitet binası hesab ediləcək”,- Xəlilzadə deyib.

Nərimanov Rayon İcra Hakimiyyətindən parkın taleyi ilə bağlı sualı cavablandırmaq istəməyiblər. Halbuki, 1-2 il əvvəl parkda yenidənqurma aparılacağı vəd edilmişdi. İcra Hakimiyyətinin qəbul şöbəsindən rayon təsərrüfat şöbəsilə əlaqə yaratmağı tövsiyə etsələr də, şöbədən parkla bağlı məlumatsız olduqlarını deyiblər.

Şöbənin memarı Azər Məmmədov isə telefonlara cavab verməyib.

Ana səhifəSosialŞəhriyar parkının hasarlanmış hissəsində nə tikiləcək?