Səhmdarlar “Nikoil Bank”ı “Azərkabel” ASC-nin əmlakını mənimsəməkdə ittiham edirlər

“Bank 3 milyon manatın mənbəyini göstərə bilmir”

Source:


“Bank 3 milyon manatın mənbəyini göstərə bilmir”


“Hazırda müəssisənin heç bir borcu olmamalıdı. Çünki müəssisə – “Azərkabel” ASC Fərhad Əliyevin vaxtında özəlləşib. Özəlləşmədən sonra Fərhad Əliyev tutulub. Müəssisənin səhmləri bir rusun, bir də Fərhad Əliyevin olub. Dövlət bu müəssisənin 87 faizini ləğv edib, təzə investisiya çıxarıb. İnvestisiyanın da şərtlərinə görə, investisiya müsabiqəsinin qalibi olan fiziki və hüquqi şəxs öhdəlik götürür ki, müəssisənin bütün borclarını ödəsin, işçilərə olan əmək haqqı borcunu ödəsin, 400 000 manatlıq investisiya şərti və 100 nəfərlik işçi götürsün. “Azərkabel” MMC investisiya müsabiqəsinin qalibi oldu. Qalib olduqdan sonra dövlət qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, ASC-nin 4 sexini söküb yerlə yeksan elədi. Oradan əldə olunan təxminən 1 milyon manatlıq metalı yoxa cıxardılar. Şərtlərə əməl olunmadı”.

Bu sözləri “Azərkabel” ASC-nin səhmdarlarından biri- Vaqif Teymurov deyir. Qarşılaşdıqları haqsızlığa etiraz etmək üçün “Azərkabel” ASC-nin iki səhmdarı Meydan TV-yə üz tutub.

V.Teymurovun sözlərinə görə, “Azərkabel” ASC-nin rəhbərliyi söküntünü başa çatdırdıqdan sonra “Nikoil Bank” hərəkətə keçir və “Azərkabel” ASC ilə 02.02.2012-ci il və 14.02.2012-ci ildə iki müqavilə imzalayır. “Azərkabel” ASC və “Nikoil Bank” arasında N6-BİZ-2-0-46-12(G)-A 14.02.2012-ci ildə qiymətləndirilib. Girov müqaviləsinə girov predmeti olan əmlaklar ikitərəfli razılığa əsasən 3820000 AZN məbləğində qiymətləndirilib.12 noyabr 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qərarı ilə səhmdarların xəbəri olmadan 281427 manata endirilib (təxminən 14 dəfə). Burda “Nikoil Bank”ın məqsədi “Azərkabel” ASC-nin bütün əmlakına su qiymətinə yiyələnmək olub. Yəni müəssisənin “Nikoil Bank”a 1230000 borcu ola-ola yenidən 3000000 manat kredit verib.

V.Teymurov deyir ki, hadisənin üstündən 1 il keçdikdən sonra müəssisənin satışında 2 tərəfin maraqlı olduğu üzə çıxıb: “İkinci tərəfin adını açıqlamırıq, ancaq bilirik ki, dövlət məmurlarıdır. Bir də ayıldım ki, mən məhkəməyə verilmişəm. İlyarımdır məhkəmə prosesi keçirilir. Orda elə qanunsuzluqlar var ki, sözlə deyiləsi deyil”.

Haqlarını bərpa etmək üçün səhmdar da “Nikoil Bank”ı məhkəməyə verib. Nəticədə ilkin instansiya məhkəməsini udsa da, Apellyasiya Məhkəməsində uduzub: “Məni axırıncı məhkəmədə uduzdurdular. Deyirlər ki, 3 milyon pul verilib. Pulun sənədi və bu vəsaitin hara xərcləndiyini göstərən sənədlər yoxdu. Bunlar elə bir şeyi ləğv edirlər ki, ancaq rüşvət həll edə bilər. “Nikoil Bank” 3 milyon manatın mənbəyini göstərə bilmir”.

Məhkəmə sənədlərinə əsasən “Azərkabel” ASC-nin 26.03.2012-ci il tarixli Səhmdarların Birinci Ümumi Yığıncağının 1 saylı protokolunda ASC-nin “Nikoil Bank”a 1.230.000 manat borcu olub. Bu borca baxmayaraq cəmiyyət yenidən həmin bankdan 3.000.000 manat kredit vəsaiti götürüb və cəmiyyətin bütün əsas vəsaitləri banka girov qoyulub. Protokolda “Azərkabel” ASC-nin əsas səhmdarı olan “Azkabel” MMC özünə məxsus səhmləri tam şəkildə “Nikoil Bank”a girov qoyub. İddia ərizəsinə əlavə olunan sənədlərdə “Azkabel” MMC 380 520 səhmin sahibidir və bu səhmlərin hər birinin nominal dəyəri 2 manat təşkil edir. Bank isə həmin səhmləri 1 manat məbləğində qiymətləndirir.

Vaqif Teymurov müəssisənin saxta yolla borclandırıldığını iddia edir: “Özü-özlərinə borc yaradıblar. Müəssisəni “Nikoil Bank” götürüb. Qiyməti 8 milyon manatlıq olan torpaq da bir tərəfdədi. “Nikoil Bank” necə edib? Öncə müəssisəni 3 milyon 820 min manata qiymətləndirib. Üstündən bir il keçəndən sonra isə Apellyasiya Məhkəməsinə verib və qətnamə çıxartdırıb ki, əmlakın məbləği 3 milyon 820 min manatdan 281 424 manata endirilsin. Bu vəsait “Azərkabel”-in bir dənə darvazasının qiymətidi. Məhkəməyə vermişəm. Məhkəm də bunların xeyrinə qərar çıxarıb ki, düz edirlər. Niyə 1 milyon yox, 2 milyon yox, o boyda müəssisə 281 424 manata rəsmiləşdirilir? Niyə belə edirlər? Ona görə ki, bu işin arxasında çox böyük qüvvələr durur”.

Digər səhmdar Tahir Axundov da aldadıldıqlarını söylədi: “Dedilər ki, kredit götürüb qazanacağıq. Biz də düşünmüşük ki, müəssisənin inkişaf perspektivi var. İkinci bir halda qeyri-neft sektorunun inkişafı proritet məsələdi dövlətimiz üçün. Müəssisə də kabel istehsalı ilə məşğul olur. Və xarici ölkələrə satışı da var. Müəssisə il bağlı Vergilər Nazirliyinə müraciət etmişəm, ancaq onlardan da cavab gəlmir”.

Səhmdar “Azərkabel” ASC-nin özünə də məktub ünvanlayıb: “Mənə cavab gəlib ki, 2013-2014-cü illərin yekunu üzrə səhmdar cəmiyyət ziyanla işləyib və nəticədə səhmdarlara dvident hesablanmayıb. Cəmiyyətin ziyanla işləməsinin səbəbi hesablaşma hesablarının bağlı olması nəticəsində xammal materialı almağın mümkün olmamasıdır. Bunu “Azərkabel” ASC – 25 mart 2015-ci ildə yazıb”.

Səhmdar Vaqif Teymurov cəmiyyətin nəzdində olan Kabel Zavodunun gizli fəaliyyət göstərdiyini bildirdi: “Bu gün zavod Zabrat qəsəbəsindəki sexlə birgə qara kitabla işləyir. Baxmayaraq ki, mən məhkəmə yolu ilə həm torpağa, həm də dəzgahlara həbs qoydurmuşam”.

Ümumilikdə, 300 nəfər səhmdarı olan ASC-də V.Teymurov 2 faizlik, T.Axundov isə 0,6-0,7 faizlik səhm payçısıdı. Onların sözlərinə görə, müəssisə vaxtilə yaxşı işləyib.

“Müəssisənin istehsalı dayanmayıb. Rəsmi sənədimiz yoxdu, ancaq şahidimiz var ki, həmin müəssisə Əfqanıstana göndərilmək üçün məhsul istehsal edib. Ancaq material yerli adama verilib. Vergilər Nazirliyi də bu işin üstünü açıb. Müəssisə 120 000 manat cərimə olunub. Ödənməyib. Üstünə peniya gəlib və hazırda borc 400 000 manat olub. Bu məbləğə görə də müəssisənin bank hesablarına həbs qoyulub. Həmin vəsaitin az hissəsi ödənib. Müəssisə də gizli fəaliyyət göstərir” – dedi T.Axundov.

“Müəssisə bölünüb – “Azərkabel” MMC yaradıblar. MMC-nin təssisçilərinin ikisi “Nikoil Bank”ın nümayəndəsidir. Müəssisə qalıb havada – kağızı var, ancaq əmlakı yoxdu” – deyən V.Teymurov bildirdi ki, vəsait yeyilib və həmin pulu müəssisənin şişirtmə qiymətlə – ucuz alıb, baha satmaqla – pulun yerini doldurmaq istəyirlər.

Vergilər Nazirliyinin bazasında “Azərkabel” ASC ilə eyni hüquqi ünvanda həm “Azkabel ” MMC, “Azroskabel” MMC, “Azərkabel təchizat və satış müəssisəsi” MMC qeydiyyatdan keçib. Müəssisələrin hüquqi ünvanları eynidi – Mingəçevir şəhəri, Heydər Əliyev prospekti ev 65.

“Nikoyl” Bank “Meydan TV”-nin suallarını cavablandırıb. Cavabda qeyd olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3008/2013 saylı, 17 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən “Nikoyl” İKB ASC-nin, “Azərkabel” ASC, “Azkabel” MMC və Hüseynov Ağabək Balabək oğlundan müştərək qaydada birincinin xeyrinə 2.934.383 (iki milyon doqquz yüz otuz dörd min üç yüz səksən üç) manat əsas borcun, 11.04.2013-cü il tarixədək hesablanmış 407.560,79 (dörd yüz yeddi min beş yüz altmış manat yetmiş doqquz qəpik) məbləğində faiz borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ümumilikdə 3.341.973.79 (üç milyon üç yüz qırx bir min doqquz yüz yetmiş üç manat yetmiş doqquz qəpik) manat məbləğində pulun tutulması qət edilib.

Həmçinin, məhkəmənin aktına əsasən “Azərkabel” ASC səhmlərinin “Azkabel” MMC məxsus olan 87,5862 %, yəni 380520 ədəd adi adlı sənədsiz səhminə və “Azərkabel” ASC məxsus əsas vəsaitlərə, o cümlədən 83 adda, 86 ədəddən ibarət avadanlıqlara, maşın və mexanizmlərə yönəldilməsi, göstərilən daşınar əmlaklar və səhmlər açıq hərracda satış yolu ilə realizə edilməsi, 380520 (üç yüz səksən min beş yüz iyirmi) ədəd adi adlı sənədsiz səhm açıq hərracda satılarkən ilkin satış qiyməti 761040 (yeddi yüz altmış bir min qırx) manat məbləğində, daşınar əmlaklar açıq hərracda satılarkən ilkin satış qiyməti 3820000 (üç milyon səkkiz yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsi “Nikoyl” İKB ASC-yə ödənilməsi qərara alınıb.

Qeyd olunan məhkəmə aktı mübahisələndirilib və Bakı Apellyasiya Məhkəməsində mövcud məhkəmə qərarına yenidən baxılıb.

Bakı Apellyasiya Məhkəməsinin 2(103) -708/2014 saylı, 12 noyabr 2014-cü il tarixli  qətnaməsinə əsasən, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3008/2013 saylı, 17 sentyabr 2013-cü il tarixli qətnaməsi “Azərkabel” ASC-yə məxsus avadanlıqların ilkin satış qiyməti hissəsində dəyişdirilib.

Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyinin tələblərinə əsasən təyin olunan məhkəmə əmtəəşünaslıq ekspertizası 06.08.2014-cü il tarixli, 2652 saylı müvafiq rəyinə əsasən ipoteka ilə yüklü edilən 74 adda avadanlığın (daşınar əmlakın) hazırki vəziyyətdə ümumi qiyməti təxminən 281 427 (iki yüz səksən bir min dörd yüz iyirmi yeddi) manat müəyyən edilib.

Hazırda Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən qanuni qüvvəsini alan məhkəmə aktı mövcud olduğundan qeyd olunan məsələyə əlavə mülahizəmizi bildirə bilmərik.

“Necə olur ki, krediti qaytarmayan adama üstündən 3 il keçdikdən sonra yenidən kredit verilir? Bu necə olur? Bu sualı bankın hüquqşünasına da vermişəm. Cavab verə bilmirlər. Bizim şübhəmiz var. Biz bilirik ki, dövlət orqanları bu işi araşdırıb “Nikoil” Bankın hansı işin içində olduğunu dərhal müəyyənləşdirə bilər. Elə bilirlər ki, dövlət sahibsizdir. Bunların cəzası onsuz da veriləcək. Biz susmayacayıq, dərdimizi dövlət başçısına da çatdıracağıq” – deyir səhmdar V.Teymurov.

(Mövzu davam etdiriləcək)

Ana səhifəXəbərlərSəhmdarlar “Nikoil Bank”ı “Azərkabel” ASC-nin əmlakını mənimsəməkdə ittiham edirlər