***
Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov Şəhla Hümbətovanın qurumdan çıxarılmasına aydınlıq gətirib. O bildirib ki, Şəhla Hümbətova 6 aydan çoxdur Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmir:
"Vəkillər Kollegiyası bu əsaslarla onun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib".
***
“Anar Bağırovla görüşdükdən sonra, açıqlama verəcəm”
Vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir. Məlumata görə, bu barədə qərar, kollegiyanın noyabrın 28-də keçirdiyi iclasda qəbul edilib.
İclas haqqında kollegiyanın yaydığı rəsmi açıqlmada Şəhla Hümbətova ilə bağlı heç nə deyilməsə də, bir sıra intizam məsələlərinə baxıldığı qeyd olunub.
Vəkil Şəhla Hümbətova Meydan TV-ə bu barədə məlumatlı olmadığını deyib:
“Məlumatı dəqiqləşdirməliyəm. Kollegiyanın sədri Anar Bağırovla görüşdükdən sonra açıqlama verəcəm”, – Şəhla Hümbətova deyib.
Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.