Səhiyyə Nazirliyi: Uşaqlarda aşkarlanan virus sudan keçib

“İnfeksiyanın səbəbinin su şəbəkəsi olduğu ehtimal edilir”

Source:
Ceyranbatan
Ceyranbatan


“İnfeksiyanın səbəbinin su şəbəkəsi olduğu ehtimal edilir”

“Uşaqlardan götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələrinə görə, onlarda “Rotavirus” infeksiyası aşkarlanıb. Bu virus infeksiyası azyaşlı uşaqlar arasında baş verən bir xəstəlikdir və əsasən sudan keçir”, – Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev Lent.az-a açıqlamasında belə deyib.

İ.Abdullayev bildirib ki, 4 gün ərzində 136 uşaqda belə infeksiya əlamətləri müşahidə edilib:

“Hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir. Onların vəziyyəti kafidir və yaxın vaxtda evə buraxılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifləndirmə işləri davam etdirilir”.

İ.Abdullayev əlavə edib ki, “Rotavirus”un yayılma yolunun əsasən su olduğu nəzərə alınaraq, infeksiyanın səbəbinin su şəbəkəsi olduğu ehtimal edilir:

“Bu qeyd olunanlarla əlaqədar olaraq, suyun təmizlənməsi istiqamətində tədbirlər ciddi nəzarətə götürülüb. Aparılan laborator müayinələrin sayı da artırılıb. Bu gün də biz həmin ərazidən su nümunələrinin götürülməsini davam etdiririk. Hazırda ayın 9-10-da götürülmüş su nümunələrinin nəticələrinə görə, suyun tərkibi bütün standartlara cavab verir. Amma hadisə ayın 7-də baş verib və o gün suyun tərkibində nəyin olub-olmadığına dair nə isə demək mümkün deyil. Çünki ayın 7-dən sonra suda xlorlama işləri aparılıb”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti də Sumqayıtdakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Bildirir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmə içməli sudan olmayıb:

“Hadisə ilə əlaqədar “Azərsu” ASC-yə ilk məlumat iyunun 9-da daxil olub. Əraziyə dərhal mütəxəssislər, Mərkəzi Laboratoriyanın əməkdaşları baxış keçirib, mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb. Suda insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb”.

İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Uşaqlardan bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb. 60-a yaxını isə xəstəxanaya yerləşdirilib.

Valideynlər infeksiyanın sudan düşdüyünü təxmin edirdilər. Ancaq “Azərsu” ASC sudan nümunələr götürüldüyünü və bu deyilənlərin təsdiqlənmədiyini bəyan edib.

Ana səhifəXəbərlərSəhiyyə Nazirliyi: Uşaqlarda aşkarlanan virus sudan keçib