***
Teymur Kərimovun anası iyunun 7-də günün ikinci yarısı vəfat edib. Məlumatı jurnalist "Facebook" səhifəsində paylaşıb.
***
Qurum Teymur Kərimovu böhtan atmaqda günahlandırır
İyunun 7-də Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyinin jurnalist Teymur Kərimova qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.
Jurnalist mayın 18-də nazirliyin qarşısında etiraz aksiyası keçirib, onkoloji xəstə olan anasının müalicəsi üçün rüşvət tələb olunduğunu, pulu olmadığına görə paltarlarını satışa çıxardığını bildirib. Bundan sonra nazirlik jurnalistə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb və onun Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atmaq) maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edib.
Hakim Babək Pənahovun sədrliyilə keçirilən hazırlıq iclasında Səhiyyə Nazirliyinin hüquqşünası prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Jurnalist və vəkilləri isə buna etiraz edərək bildirib ki, bu işdə sirr hesab olunan heç bir məsələ yoxdur, ictimaiyyətə.də açıq olmalıdır.
T.Kərimov və müdafiəçiləri Səhiyyə Nazirliyinin iddiasının icraata götürülməsinə etiraz ediblər. Bu barədə vəsatət qaldıran vəkillər bildirib ki, Səhiyyə Nazirliyi hüquqi şəxsdir. Hüquqi şəxs isə xüsusi ittihamçı qismində tanına bilməz. Çünki şərəf və ləyaqət fiziki şəxsə aid anlayışlardır.
Vəkillər əlavə edib ki, iddia ərizəsi hüquqi baxımdan da düzgün tərtib olunmayıb.
Məhkəmənin hazırlıq iclasının qərarı iyunun 10-da keçiriləcək növbəti iclasda məlum olacaq.
Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirən jurnalist bildirib ki, dövlət xəstəxanasında anasının müalicəsi üçün ondan tələb olunan rüşvəti verməli olub. Amma artıq dərmanları almağa pulu yoxdur. Ona görə də nazirliyin qarşısında soyunaraq, paltarlarını satışa çıxarır.
Səhiyyə Nazirliyindən şikayətçi olan, xəstəxalanarda onlardan rüşvət tələb olunduğunu iddia edən başqa şəxslər də jurnalistə dəstək məqsədilə məhkəmədə iştirak edib.