Qurum vətəndaşları ehtiyatlı olmağa çağırır
“Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir”.
Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyi depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir.
Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.
Səhiyyə Nazirliyi bildirib ki, bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.
“Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.
Eyni zamanda, bilidiririk ki, artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb”, – nazirlik vurğulayıb.