DİN rəsmisi üzr istəməyə məcbur edən şəxslərin barəsində cinayət işi başladıldığını deyir
Tovuz rayon sakini Aqil İbrahimov həbs olunub. O, sosial şəbəkələrdə Qarabağ müharibəsində həlak olanlar haqqında xoşagəlməz ifadələr işlətməkdə ittiham olunurdu. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə, Aqil İbrahimovun barəsində 15 sutka inzibati həbs qərarı çıxarılıb. Lakin onun İnzibati Xətalar Məcəlləsinin hansı maddəsilə cəzalandırıldığı məlum deyil.
Bir neçə gün öncə sosial şəbəkələrdə 38 yaşlı Aqil İbrahimovla bağlı video yayılmışdı. Görüntülərdə bir neçə nəfər onu Şəhidlər Xiyabanına gətirərək, orada diz çöküb üzr istəməyə, məzar daşlarını öpməyə məcbur edir. O da deyilənlərə əməl etməklə yanaşı, bildirir ki, şəhidlər haqqında xoşagəlməz ifadələri işlədərkən sərxoş olub.
DİN rəsmisinin bildirdiyinə görə, Aqil İbrahimovu üzr istəməyə məcbur edənlərin kimliyi də müəyyənləşdirilib və onların barəsində cinayət işi başlanıb.
“Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bu iş üzrə aparılan tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov, 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1992-ci il təvəllüdlü Tural Əhmədov, 2000-ci il təvəllüdlü Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və 1967-ci il təvəllüdlü Telman Nağıyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib”, – Elşad Hacıyev bildirib.