BŞİH-in Əhaliyə Vətəndaşlıq Xidməti Tresti açıqlama yaydı: “Ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil”
16.19. Baş Prokurorluğun mətbuat xidmətindən apa-ya verilən məlumata görə, olayla bağlı cinayət işi açılıb. Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
***
“Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir. Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib”.
Bunu İnterpress.az-a BŞİH-in Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov şəhid məzarlarına nəcis yaxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
S.Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil: “Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib”.
S.Həsənov hadisəni kimin törətməsinin araşdırılması ilə bağlı hələlik rəsmi qurumlara müraciət edilmədiyini vurğulayıb.
Xatırladaq ki, avqustun 21-də Şəhidlər Xiyabanına gedən Əşrəf Həşimov adlı Bakı sakini İlham və Fərizənin qəbirlərinin şəkilini paylaşıb. Onun yazdığına görə, əvvəl şəkillərin üzərində boya olduğunu zənn etsə də, yaxınlaşanda bunun nəcis olduğunu görüb: “Bunun necə gözə çarpmadığını anlamadım”.
Foto dünən saat 22.30-da çəkilib.