Şəhid xanımı: Pulu verməkdən imtina edəndə özümüzü təhqir olunmuş hesab etdik

”Dövlət deyirsə, belədir, daha nə edə bilərik?”

Source:
Gülnar Məmmədova
Gülnar Məmmədova


”Dövlət deyirsə, belədir, daha nə edə bilərik?”

“Həyat yoldaşım Qarabağ döyüşlərində həlak olub. Şəhid olanda 36 yaşı var idi, 3 övladı yetim qaldı. Prezident İlham Əliyev ötən il sərəncam verdi ki, şəhid ailələrinə 11 min manat birdəfəlik pul veriləcək. Pul 1992-1997-ci illərdə döyüşən və şəhid olanların ailələrinə verilməliydi. Amma biz həmin pulu ala bilmədik”.

Bu sözləri Meydan TV-yə 1994-cü ildə Beyləqanda gedən döyüşlər zamanı şəhid olan Qax rayonu, Zəyəm kənd sakini Fərman Məmmədovun həyat yoldaşı Gülnar Məmmədova deyir:

“Həyat yoldaşımla eyni sinifdə oxumuşduq. Getdi müharibəyə, qayıtmadı. Üç uşağı təkbaşıma böyütdüm. 40 il kitabxanada işləmişəm. Ötən il səhhətimlə əlaqədar işdən çıxdım. 11 min manat pul söhbəti çıxanda fikirləşdik ki, bizə də düşəcək. Lakin arzumuz ürəyimizdə qaldı. Dövlət Sığorta Kommersiya Şirkətindən dedilər ki, bizim həmin pulu almağa hüququmuz yoxdur. Dedilər ki, guya kişi öləndən 4 ay sonra bizə o vaxtın pulu ilə 5 “məmməd” (50 min manat) təzminat veriblər. Əgər belədirsə, bizə sənəd, imza göstərsinlər ki, pulu almışıq, biz də çəkilək bir kənara”.

“Dövlət deyirsə, belədir, daha nə edə bilərik? Dövlətlə dövlətçilik etmək olmaz”, – deyən Gülnar Məmmədova ümidini bugünlərdə verilən növbəti sərəncama bağlayıb:

Fərman Məmmədov
Fərman Məmmədov

“Pulu verməkdən imtina edəndə, özümüzü təhqir olunmuş hesab etdik. Bizim kənddə şəhid ailələri çoxdur. Həmin pul, onlardan yalnız bir ailəyə verildi. Hər halda ümidimi üzmürəm. Bir bizim ailəmiz olsa, özüm işin arxasınca düşərəm. Bizim kimi o qədər adamlar var ki. Yenə də deyirəm ki, əgər bizə pul veriblərsə, ortaya hər hansı bir sənəd qoysunlar, belə haqsızlıq olmaz”.

Dövlət Sığorta Kommersiya Şirkətindən Meydan TV-yə bildirilib ki, prezident İlham Əliyevin bugünlərdə imzaladığı növbəti fərmandan sonra hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsi ilə bağlı problemlər həll olunacaq:

“Bugünlərdə ölkə başçısı vaxtilə müavinət almış şəhid ailələrinə də birdəfəlik ödəmənin verilməsi barədə yeni fərman imzalayıb. O vaxt hərbi qulluqçuların ailələrinə 50 min manat verilmişdi. Bu da cüzi pul idi. Onların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var. Həmin siyahı artıq ləğv olunub, maneə aradan qaldırılıb. Bütün ailələr müraciət edib, pulunu ala bilər”.

Prezident İlham Əliyev ötən ilin aprelin 19-da “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər. Onlar ötən ilin sonlarında müxtəlif qurumların önündə aksiyalar keçirərək haqlarını tələb edirdilər.


Yanvarın 28-də

İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhid ailələri ilə görüş keçirərək, problemin həll olunacağını deyib.


Yanvarın 30-da

İlham Əliyev şəhid ailələrinə verilən prezident təqaüdünün artırılması ilə bağlı fərman imzalayıb.

Ana səhifəBölgəŞəhid xanımı: Pulu verməkdən imtina edəndə özümüzü təhqir olunmuş hesab etdik