Şəhid xanımı: Məni 4 aydır qapılarda süründürürlər

Polkovnik-leytenant Raquf Orucovun uşaqları müavinət ala bilmir

Source:


Polkovnik-leytenant Raquf Orucovun uşaqları müavinət ala bilmir

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun ailəsi diqqətsizlikdən və etinatsızlıqdan şikayətlənib.

Femida.az-a açıqlamasında şəhid polkovnikin həyat yoldaşı Sevinc Orucova deyib ki, uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilmir. Şəhidin həyat yoldaşı aidiyyatı qurumların onu get-gələ saldığından da şikayətlənib.

“Mən bu sözləri cəmiyyət arasına çıxarmağa utanıram. Ancaq məni məcbur etdilər. Yoldaşım şəhid olandan bəri bir nəfər də olsun məmur bizimlə maraqlanmayıb. Sadə xalqdan başqa heç kim qapımızı döyməyib. Mən bunu ona görə deyirəm ki, arxamdan bir dağı, bir əzizimi itirmişəm. Raquf necə hərbçi olubsa, onu tanıyanlar yaxşı bilir. O, Milli Qəhrəman adına layiq olsa da, o adı vermədilər. Bütün olanları, haqsızlıqları keçdim. Ancaq bunun iki azyaşlı övladı var. Bu övladlara verilməli olan pul niyə indiyə kimi verilmir? Məni 4 aydır qapılarda süründürürlər. Halbuki, bunu mən etməli deyiləm. Aidiyyatı qurumlar özləri bu işi həll etməlidir. Bir neçə gün bundan qabaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oldum. Orada məlum oldu ki, Müdafiə Nazirliyi lazım olan sənədləri onlara tam tərkibdə göndərməyib. Ölüm haqqında şəhadətnamə və digər sənədləri Müdafi Nazirliyi onlara təqdim etməyibsə, necə uşaqlara pensiya kəsə bilərlər?

Sevinc Orucova
Sevinc Orucova

Bir daha deyirəm ki, bu hərəkət mənim yoldaşımın adına yaraşmır. Ayıbdır belə söhbətlə gündəmə gəlmək. Ancaq nə edim? Özüm ali təhsilli hüquqşünasam. Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir? O boyda zabiti itimişik biz. Budurmu şəhid ailəsinə qoyulan hörmət?

Yoldaşım 25 il vətənə xidmət edib. Şəhid olana kimi onun ayağı çəkmədən çıxmayıb, rahatlıq görməyib. İndi də diqqətsizlik bizi üzür. Mən müdafiə naziri cənab Zakir Həsənovla görüşmək istəyirəm”.

Müdafiə Nazirliyindən Meydan TV-nin suallarını cavablandırmaq istəmədilər. Qurumun mətbuat xidmətindən sualı eşidən kimi dəstəyi asdılar.

Polkovnik-leytenant Raqub Orucov aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid polkovnikin anası da Qarabağ müharibəsi zamanı vəfat edib. Atası isə artıq yaşlı olduğu üçün hərəkət etməkdə çətinlik çəkir.

Ana səhifəXəbərlərŞəhid xanımı: Məni 4 aydır qapılarda süründürürlər