“Bələdiyyənin 22 hektar torpağının 20 hektarını Zakir Ağayev alıb”
Cəlilabadın Kazımabad kəndinin bir qrup sakini – Birinci və İkinci Qarabağ əlilləri, şəhid ailələri etiraz edirlər.
Narazılıqları isə həmkəndliləri Zakir Ağayevdəndir.
Vətəndaşlar iddia edirlər ki, Zakir Ağayev 2007-ci ildə kənd bələdiyyəsinin ehtiyat fondunda olan iyirmi iki hektar torpağı qanunsuz mənimsəyib.
Birinci Qarabağ mühribəsində həlak olan Vidadi Ağayevin qardaşı Nəhməd Ağayev Meydan TV-yə deyir ki, ötən il ailəsinə icra hakimiyyəti tərəfindən kəndin örüş sahəsindən torpaq verilib. Lakin həmin torpaq istifadəyə yararsızdır:
“Kənd bələdiyyəsinin ehtiyat fondundan torpaq istəyirik. Bələdiyyə deyir ki, Zakir Ağayev ehtiyat fondunun iyirmi iki hektar torpağını özbaşına zəbt edib. Bir dəfə məhkəmə yolu ilə torpaqları aldıq. Nə hoqqa işlətdilərsə, təzədən həmin torpağı ona icarəyə verdilər. Əvəzində də kəndin örüş sahəsindən əkinə yararsız torpaqdan şəhid ailələrinə pay veriblər. Bələdiyyəyə müraciət edirik, sədr deyir ki, mən qol çəkməmişəm, bizim xəbərimiz yoxdur. Şikayət edirik, aidiyyəti qurum da deyir ki, torpağı bələdiyyə verib. Zakir Ağayev də deyir ki, mən torpağı icra nümayəndələrindən qanuni icarəyə götürmüşəm”.
İkinci Qarabağ müharibəsində həyatını itirən Murad Bədirovun atası Qismət Bədirova isə bələdiyyə torpaqlarından iki sot ayrılıb:
“Lakin hələ də o torpağı ala bilməmişik. Zakir Ağayev torpaqları zəbt edib, vermir. İki ildir ki, məni incidir. İyunun 13-də məni döyüb, xəstəxanalıq etdi. İki hektar torpağı prezident mənə həlak olan uşağıma görə verib. Onu əlimdən almaq istəyir ki, mənimdir. Daxili İşlər Nazirliyinə, yerli icra hakimiyyətinə müraciət etmişəm. Heç kim də şikayətimizə qulaq asmır, baxmır. Yalandan gəlib, hay-küy salırlar, sonra da gedirlər. Məni döydüyünə görə polisə şikayət etmişəm, heç baxan da yoxdur. Məni vurduğu üçün qanun qarşısında cavab verməlidir, torpağımı qaytarmalıdır”.
Füzuli istiqamətində gedən döyüşlərdə yaralanan, üçüncü qrup əlil Kənan Ağayev də deyir ki, ona da torpaq verilib. Lakin hələ də torpağından istifadə edə bilmir:
“Ötən il payız aylarında mənə əlli sot torpaq verilib. Həmin yerdən şəhid ailələrinə, digər qazi və veteranlara torpaq verilib. Zakir Ağayev də gəlib şəhid atasının torpağını, ümumi kəndin torpaqlarını mənimsəyib. Neçə illərdir ki, belədir. Biz də torpaq istəyəndə aidiyyəti qurumlar deyirlər ki, bacara bilmirik. Onun arxasında kimlərsə var ki, bu hərəkəti edib. Otuz ildir ki, torpaqlarımız işğal altında idi. Biz onu canımız, qanımız bahasına aldıq. İndi kənd torpağından istəyirik ki, dolanışığımızı düzəldək, vermirlər”.
Birinci Qarabağ müharibəsi əlili Rövşən Ağayev dəfələrlə rayon icra hakimiyyəti başçısının yanında olduğunu qeyd edib:
“Biz qazilər, veteranlar, şəhid ailələri torpaqsız qalmışıq. Bizə kəndin mal örüşü torpağından verilib. Həmin torpaq da şorandır, əkinə yararlı deyil. Bitki əkirsən, həmin torpaqda inkişaf edə bilmir. Əkinə yararsızdırsa, mən o torpağı neynirəm? Yalandan ad olur ki, qazilərə, şəhid ailələrinə torpaq verilib. Bələdiyyənin ehtiyat fonduna aid olan iyirmi iki hektar torpaq da əkinə yararlıdır. Onun üstündə böyük mübahisələr gedir. Rayonda icra hakimiyyətindən böyük struktur yoxdur. İstəyirik ki, icra başçısı köməyimizə gəlib, bizim torpağımızı versin. Bu torpaq uğrunda sağlamlığımızı itirmişiksə, bizə əkinə yararlı torpaq versin. Heç olmasa istifadə edək, maddi durumumuzu yaxşılaşdıraq”.
Meydan TV Cəlilabad Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələrinə dəfələrlə zəng etsə də, cavab verən olmayıb.
Kazımabad kənd bələdiyyəsinin sədri Arif Əliyev Meydan TV-yə deyib ki, bələdiyyənin 22 hektar torpağının 20 hektarını 2003-cü ildə Zakir Ağayev alıb:
“Vətəndaş həmin torpağın iyirmi hektarını alıb, əlində çıxarışı var. Oradan iki hektar ayırıb, şəhid atası Qismət Bədirova vermişəm. Məsələ ondadır ki, Zakir Ağayev öz torpaqları ilə kifayətlənmir, bələdiyyənin örüş sahələrini də zəbt edir. Torpağın relyefini pozur. Kənar yerdəki torpaqlara müdaxilə etdiyi üçün də əhalidə qıcıq yaranır”.
Zakir Ağayev açıqlamasında deyib ki, həmin torpaqla əlaqədar əlində sənədləri var.
“Aidiyyəti qurumların nümayəndələri tərəfindən yoxlanılıb, sənədlərimin qaydasında olduğu bildirilib”, – Zakir Ağayev deyib.