”Şəhid oğluma dövlətdən müavinət ala bilmirəm”

Rəsmi: “ Rəfail Mətləb oğlu Əhmədov şəhid statusu almayıb”

Source:
Rəfail Mətləb oğlu Əhmədovun məzarı
Rəfail Mətləb oğlu Əhmədovun məzarı


Rəsmi: “ Rəfail Mətləb oğlu Əhmədov şəhid statusu almayıb”

Yevlax sakini Mətləb Əhmədovun şikayəti var. O, şəhid oğluna dövlətin nəzərdə tutduğu müavinəti ala bilmədiyini deyir. Yevlax sakini Meydan TV vasitəsilə prezidentə müraciət edir. Bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məmuru Zərifə Əzizova oğlunun şəhidliyini tanımır və onlara aid təzminatı ödəmək istəmir.



Dövlətin nəzərdə tutduğu müavinəti ala bilmirik”

“Oğlum Rəfail Mətləb oğlu Əhmədov 1999-cu ildə Füzuli rayonunda döyüş təminatı ilə bağlı tapşırığını yerinə yetirərkən dünyasını dəyişib. Şəhidlər Xiyabanında dəfn edilib. Ancaq biz onun üçün dövlətin nəzərdə tutduğu müavinəti ala bilmirik” – deyə Mətləb Əhmədov gileylənir.



16 ildir ki, haqsızlıqlar içindəyik və artıq susa bilmirik”

Mətləb Əhmədov problem ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Müdafiə Nazirliyinə məktubla müraciət edib. İki məktubun cavabına əsasən ailələrinə şəhidlik vəsiqəsi verilib:

“İcra Hakimiyyətinin Hərbi Xidmətə Çağırış üzrə İdarəsi 24 noyabr 2015-ci ilin məhkəməsinə əsasən oğlumun şəhidliyini təsdiq edib. “Şəhid tək sizin deyil, Azərbaycanın şəhididir” – kimi sözlərlə bizə təskinlik verirlər. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məmuru Zərifə Əzizova bizim şəhidimizi tanımır və bizə aid olan təzminatı ödəməkdən boyun qaçırır. İki ildir biz ona görə məhkəmələrdə sürünürük. Qan puluna gözünü tikən məmur şəhid ailəsinə zülm edir. Heç bir qanuna riayət etmir. Biz 16 ildir ki, haqsızlıqlar içindəyik və artıq susa bilmirik. Xahiş edirik, bu haqsızlığa son qoyulsun”.



Ailənin “şəhid ailəsi” statusu yoxdur”

Meydan TV şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev sorğuya cavab olaraq bildirib ki, Mətləb Əhmədovun ailəsinə şəhid ailəsi kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün təyin edilməsi üçün həmin ailənin «şəhid ailəsi» statusu olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən, Mətləb Əhmədovun ailəsinin «şəhid ailəsi» statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən verilən arayış əsasında təsdiqlənməlidir:

“Həmin şöbə tərəfindən verilmiş 16 oktyabr 2014-cü il tarixli 1165 nömrəli arayışda əksini tapan məlumat Rəfail Əhmədovun şəhid statusunun təsdiqlənməsi üçün hüquqi əsas yaratmayıb. Ona görə də aparılan araşdırmalara cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 24 dekabr 2014-cü il tarixli 10904 nömrəli məktubunda Əhmədov Rəfail Mətləb oğluna şəhid statusunun verilməsinin mümkün olmadığı bildirilib”.



Məhkəmə Rəfail Əhmədovu şəhid hesab etməyib”

Sorğuya cavabda bildirilir ki, bundan sonra Mətləb Əhmədov məsələni məhkəmə qaydasında həll etmək üçün oğluna şəhid statusunun verilməsi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edib. İlkin instansiya məhkəməsi Mətləb Əhmədovun xeyrinə qərar çıxarıb və Məhkəmənin 24 noyabr 2015-ci il tarixli, 2(039)-2607/2015 nömrəli qətnaməsi ilə onun bu iddiası təmin olunub, övladının şəhid olması faktının müəyyən olunması qət edilib:

“Lakin həmin qətnamənin ləğvi, Rəfail Əhmədovun şəhid statusunun müəyyən olunması məsələsi ilə əlaqədar işin hallarına düzgün və obyektiv qiymət verilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilib. Apellyasiya şikayətində Rəfail Əhmədovun xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasında ağır yaralanaraq 12 noyabr 1999-cu ildə vəfat etdiyi, bununla belə, onun qanunvericiliyin müvafiq tələblərinə əsasən şəhid hesab edilmədiyi bildirilib. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə açıq məhkəmə iclasında, təqdim olunmuş sübutlar əsasında baxaraq 01 mart 2016-cı il tarixli qərardad qəbul edib. Sənədə əsasən, Rəfail Əhmədova şəhid statusu verilməsi barədə Yevlax Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, işin icraatına xitam verilib”.

Göründüyü kimi, Mətləb Əhmədovun ailəsinə rəsmi olaraq şəhid ailəsi statusu verilməyib. Bu səbəbdən həmin ailəyə Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan aylıq təqaüdünün təyin edilməsi də qanunvericiliyə əsasən mümkün deyil.

Ana səhifəXəbərlər”Şəhid oğluma dövlətdən müavinət ala bilmirəm”