O, maddi durumu ilə bağlı imkanlı şəxslərə də müraciət edib
“Kiçik oğlum Nəcməddin İkinci Qarabağ müharibəsi zamanı şəhid olub. O, Agdərə, Tərtər, Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliklərə görə medallarla təltif edilib. Onun vəfatından sonra tək və köməksiz qalmışıq”.
Bunu Meydan TV-yə Balakənin Şərif kənd sakini Əli Sarkayev deyib.
Valideyn şəhid ailəsi olaraq sosial təminatının yaxşılaşdırılması məqsədilə imkanlı şəxslərdən və ölkə başçısından kömək istəyir.
“Həyat yoldaşımla mən müxtəlif vaxtlarda ağır ürək əməliyyatı keçirdik. Evimizdə nə vardısa, hətta mal-qaranı da satıb, sağlamlığımıza sərf etdik. İki oğlumuz da xeyli borca girdi. Hər ikisi normal iş tapa bilmədiklərindən mühafizə işində işləyirdilər. Kiçik oğlum Nəcməddin İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə həlak olandan sonra tək qalmışıq”, – valideyn bildirir.
Əli Sarkayev hazırda ailəsinin vəziyyətinin ağır olduğunu deyir:
“Böyük oğlum Abdulla hazırda Bakıda kirayədə yaşayır. Mühafizə işindən aldığı 400 manatla üç azyaşlı övladını birtəhər dolandırmağa çalışır. Həyat yoldaşımla mən kənddə xəstə və köməksiz vəziyyətdə qaldığımıza görə Abdulla yanımıza gəlib, bizimlə yaşamaq istəyir. Bilirsiniz ki, rayon yerində də iş tapmaq çətin məsələdir. Kənddə ancaq təsərrüfatla məşğul olmaq adamı vəziyyətdən çıxarır. Biz də həmişə təsərrüfatla məşğul olub, dirrik məhsulları yetişdirmişik”.
Əli Sarkayev ailəsinə məxsus beş sot torpaqda istixana inşa etmək istəyir:
“Bunun üçün isə xeyli pul tələb olunur. İmkanlı şəxslərdən, aidiyyəti qurumlardan, Prezident İlham Əliyevdən xahiş edirik ki, maddi vəziyyətimizi yaxşılaşdrımaq üçün bizə yardım göstərilsin”.
Şəhid ailəsinin imtiyaz və sosial təminat hüquqları arasında özünüməşğulluğun təşkili də var.
Bu proqram çərçivəsində şəhid ailəsi üzvlərinin özlərinin kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir.
Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir.
Şəxs onlayn qaydada “Məşğulluq Altsistemi”nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracət etməlidir.
“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü Rey Kərimoğlu Meydan TV-yə şəhid ailəsinə onlar tərəfindən yardım göstəriləcəyini deyib:
“Dövlət Məşğulluq Agentliyinin xətti ilə şəhid ailələri, müharibə əlillərinə işlə təmin üçün məşğulluq layihələri reallaşdırır. Dövlət müraciət edənlərin istəklərinə uyğun avadanlıq pulu ayırır. Bura təsərrüfat işləri də daxildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü olaraq həmin şəhid ailəsinin müraciətinin həll olunması məsələsinə çalışacağam”.
“Dövlətin şəhidə, qaziyə, veterena diqqət qayğı göstəmək borcudur. Digər tərəfdən isə hesab edirəm ki, özəl sektor da bu məsələyə diqqət ayırmalıdır. Hər şeyi də dövlətin üzərinə yıxıb, arxayın olmaq olmaz. Azərbaycanda böyük iqtisadi potensial var, pul qazanırlar. Özəl sektorlara da müraciət etmək lazımdır”, – Rey Kərimoğlu bildirib.