Şəhid ailələrinin torpağı başqasına satılıb

Səbail rayonu Salyan şosesindən torpaq alanlar 12 il sonra məhkəməyə müraciət etməli olublar. Çünki onların bələdiyyədən satın aldığı ərazi başqasına da satılıb. Aldıqları torpaqda ev tikə bilməyən vətəndaşlar da digər alıcılarla üzgöz olublar. “2006-cı ildə Səbail rayon bələdiyyəsi tərəfindən bizə 4 sot yarım torpaq təhkim olunub. Hal-hazırda “Atlas ES” MMC torpağımızı əlimizdən alır.

Burada 30 nəfərə yaxın adamın torpağı var. Hərəsinin də təxminən 4 övladı varsa, bu böyük bir kütlə deməkdir”- şikayətçi Adil Həsənov deyir. Şikayətçilərin əlində Səbail rayon bələdiyyəsindən torpaqların alqı-satqı sənədi, qəbzləri var. Onlar deyir ki, əksəriyyəti Qarabağ əlili, şəhid ailəsi olsa da torpağı hansısa güzəştlə yox, haqqını ödəyərək alıblar. “Bacım şəhid ailəsindədir. Onun da burada torpağı var, mənim də. Olan qalanımızı verib almışıq. Şəhid ailəsi olduqlarına görə prezidentdən aldıqları təqaüd kartını girov qoyublar. İndi burada bizi heç qarşılamırlar ki, bilək kimdirlər. Nə qədər borc edib hasar tikmişdik.

Bütün hasarı söküblər, daşları da aparıblar. Gəlirik ki, kimdir? Polis çağırırlar”- Qarabağ müharibəsi əlili İsa Fərhadov danışır. Şikayətçilər məsələni aydınlaşdırmaq üçün torpağların sahibi olduğunu deyən “Atlas ES” MMC şirkətinə üz tutsa da, onları qəbul edən olmayıb. Onlar danışır ki, aldıqları torpağı reyestr qeydiyyatından keçirmək istədikdə rədd cavabı alıblar. Nəticədə iş məhkəməyə daşınıb. Məhkəmədə məlum olub ki, həmin torpaqları qeydiyyatdan torpağın digər sahibləri keçirib.

2017-ci ildə ərazi müxtəlif şəxslərdən satın alınaraq bir əldə cəmlənib – “Atlas ES” MMC-də. Şirkətin əməkdaşı torpağı qanuni yollarla aldıqlarını və lazımi bütün sənədlərin olduğunu deyib. Eyni ərazini müxtəlif şəxslərə satmaqda günahlandırılan Səbail rayon bələdiyyəsi zənglərimizə cavab verməyib.

Səbail rayon İcra Hakimiyyətindən isə məsələni məhkəmənin aydınlaşdırmalı olduğu deyilib. Məhkəmə çəkişməsi artıq 1 ildir ki, davam edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/okv9of

Ən çox baxılan