”Şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın”

Milli Məclisdə ”Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edildi

Source:
Əli Məsimli
Əli Məsimli


Milli Məclisdə ”Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edildi

“Hər hansı bankın lisenziyası alınırsa, sahibkar bundan əziyyət çəkir. Müəssisənin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülsə belə, nəticədə minlərlə sahibkarı müflis vəziyyətinə düşür”. Bunu parlamentin iclasında “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Əlİ Məsimli deyib.

O, məsələ ilə bağlı konkret misal da çəkib: “Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. “Dəmirbank”ın lisenziyası alınıb və sahibkarın orada olan pulu almasında problem yaranıb. Əgər bankın lisenziyası alınıbsa, onu başqa banka keçirsinlər. Yüzlərlə işadamının müflis olmasının qarşısını ala bilər”.

Deputat Əli Məsimli banklardan götürülən dollar kreditləri ilə əlaqədar yaranmış problemə də diqqət çəkib. O, problemin aradan qaldırılması üçün tədbirlər görməyə də çağırıb:

“Biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015-ci ildə səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlar heç bir günahları olmadan, çox ağır zərbə alıblar. Bu insanların problemi həll edilməlidir. Bu yaxınlarda Azərbaycan prezidenti gözəl bir fərman imzaladı, vətən uğrunda şəhid olanların ailələrinə 11 min manat vəsait ayrılması barədə qərar verdi. Elə olmasın ki, vətən uğrunda şəhid olanlara ayrılan vəsait bank kreditlərinə ödənilsin”. Deputat 3 min dollara qədər borcu olan insanların, şəhid ailələrinin, pensiyaçıların durumunun daha ağır olmasına diqqət çəkdi:

“Artıq elə bir vəziyyətdədir ki, borclarını qaytara bilmirlər. Təklif edirəm ki, 3 min dollara qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın” – deyə deputat bildirib.

“Müflisləşmə və iflas” haqqında qanun layihəsi borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə hazırlanıb.

Dəyişikliyə əsasən, borclunun iflas prosesinə başlanması məqamından əvvəlki 6 ay ərzində bir kreditoru digər kreditorlara münasibətdə ödənişlərin növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda əmlak inzibatçısı borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə biləcək.

Mövcud qanunvericiliyə əsasən, hüquqların verilməsi və ya girov hüququnun yaradılması qanunun 2-ci maddəsində göstərilmiş iflas prosesinə başlanılması məqamından əvvəlki 90 gün ərzində həyata keçirildikdə borclu məhkəməyə müraciət edə bilir.

Qanun layihəsi Milli Məclisdə səsə qoyularaq qəbul edilib.

Ana səhifəXəbərlər”Şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın”