Azər Kazımov və Rübabə Vəliyeva inzibati həbs olundu
“İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov və aparıcısı Rübabə Vəliyeva həbs olunub. Onlar 44 günlük İkinci Qarabağ Müharibəsində həlak olanlar haqqında materiallar hazırlayıb yayımlamaq üçün onların ailələrindən pul almaqda ittiham olunur.
Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, jurnalistlərin şəhid ailələrindən material hazırlamaq üçün pul tələb etməsi haqda saytlarda, sosial şəbəkələrdə yazılanlar araşdırılıb. Araşdırma Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılıb.
“Müəyyən edilib ki, Azər Kazımov Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və bu rayonun kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adıyıla şəhid analarından 240 manat pul alıblar”, – prokurorluğun məlumatında belə deyilir.
Azər Kazımov və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Adları çəkilən şəxslərin hər ikisi məhkəmə qarşısına çıxarılıb. Hakimin qərarıyla Rübabə Vəliyevaya 1 ay, Azər Kazımova isə 2 ay inzibati həbs cəzası verilib.
Rübabə Vəliyeva iyulun 8-də prezidentə videomüraciətində onun haqqında yazılanların qarayaxma olduğunu bildirib: “Xahiş edirəm, mənə ləkə yaxanlar məsuliyyətə cəlb olunsun”.