“Şəhid ailələri və əlillər üçün tikilən hər evə görə nazirliyə 3 min manat verilməliydi”

Foto: Meydan TV

Şahid: “Əlilliklə bağlı pensiyaların ayrılması zamanı bəziləri işlədiklərini gizlətmişdilər”

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 27 milyon manatlıq mənimsəmə və rüşvət almada ittiham olunan Səlim Müslümovun məhkəməsində vaxtilə onun tabeliyində müxtəlif vəzifələrdə işləmiş şəxslər dindirilir. Bu məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Oktyabrın 17-də hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmə iclasında məlum olub ki, Dövlət Sosial Müdafiə Fondunun Ağdam, Sumqayıt, Astara, Ağcabədi, Şirvan, Xocavənd, Yevlax və Göygöl şöbələrinin müdirləri, nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, bu qurumun təchizat şöbəsinin müdiri Səadət Baxşəliyeva bir neçə dəfə çağırılsa da, məhkəməyə gəlmir. Bu üzdən onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Asif Məcidov məhkəməyə iki dəfə teleqram göndərib. Sentyabrın 19-da göndərdiyi birinci teleqramda ezamiyyətdə olduğunu, bir həftə sonra göndərdiyi ikinci teleqramda isə səhhətindəki problemlərlə əlaqədar gələ bilməyəcəyini yazıb. O vurğulayıb ki, keçmiş nazirlə bağlı istintaqda verdiyi ifadəsini təsdiqləyir.

Amma bu cavab hakimləri də, keçmiş nazirin vəkillərini də qane etməyib, onun gəlib məhkəmədə ifadə verməsi tələb olunub.

Budəfəki məhkəmə iclasında tikinti işlərilə məşğul olan Həbib Məmmədov ifadə verib. O bildirib ki, özünün tikinti şirkəti var. 2015-ci ildə Qarabağ əlilləri və şəhid ailələri üçün Naftalan, Zərdab, Şamaxı, Tərtər və Qaxda ev tikilməsilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi tenderdə iştirak edib. Onun şirkəti tenderin qalibi olub. Amma tenderdən əvvəl nazirlikdə bir razılaşma əldə edilib: “Nazirlikdə idarə rəisi Natiq Əzizovla görüşdüm. Ona 39 min manat pul verdim. Hər evə görə 3 min manat müəyyənləşdirilmişdi. 13 ev tikmişəm”.

Məhkəmədə dindirilən daha bir şahid Akif Məmişov 1994-cü ildən Dövlət Sosial Müdafiə Fondunda işləyib. O, 2014-cü ildən 2020-ci ilə qədər Fondun Cəbrayıl rayon şöbəsinin müdiri vəzifəsində çalışıb.

Şahidin sözlərinə görə, işlədiyi dövrdə rəhbərlik etdiyi şöbədə yoxlamalar aparılıb və pozuntular aşkarlanıb. Bundan sonra nazirliyin Daxili Nəzarət Şöbəsinin müdir müavini Nizami Xanlarov onu nazirliyə çağırıb:

“Ciddi nöqsanlar deyildi. Əlilliklə bağlı pensiyaların ayrılması zamanı bəziləri işlədiklərini gizlətmişdilər. Nizami Xanlarov dedi ki, nöqsanların üstünü bağlamaq üçün 15 min manat verməlisən. Dedim ki, o qədərə gücüm çatmaz, 10 min manat verə bilərəm. Sonra 13 min manata razılaşdı”.

O zaman 1115 manat maaş aldığını və 60-a yaxın yaşı olduğunu deyən şahidin sözlərinə görə, işdən çıxarılmaması üçün 13 min manatı verib:

“Məni işdən çıxarmadılar, formal olaraq töhmət verdilər”.

Səlim Müslümov
Foto: Azərtac

Səlim Müslümovun işi üzrə məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

61 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsinə vurulmuş 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyib.

Ana səhifəSosial“Şəhid ailələri və əlillər üçün tikilən hər evə görə nazirliyə 3 min manat verilməliydi”