“Ədalət yaxşı şeydir, padşahlarda olsa, daha yaxşı olar”- şəhid atası Xəlil Xəlilov deyir.
11 min manat birdəfəlik müavinəti ala bilməyən şəhid ailələri yenidən Milli Məclisə üz tutublar. Bir həftə öncə deputat Fazil Mustafa ilə baş tutan görüşdən sonra heç nəyin müsbətə dəyişmədiyini deyirlər. Parlamentdə problemin həlli ilə bağlı yaradılan komissiyanın işindən də narazıdırlar.
Bu dəfə şəhid ailələrinin qarşısına deputat Hadı Rəcəli çıxıb. O açıqlayıb ki, 2800 nəfər şəhid ailəsində birdəfəlik müavinətlərlə bağlı problem yaranıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi qrup yaradılıb. Həmin qrup problemi araşdırır. Deputat bildirib ki, İlham Əliyevin fərmanına əsasən ödənilən müavinətlər şəhid olan polis işçilərinə şamil olunmur.
Deputatın cavabından razı qalmayan şikayətçilər Prezident Administrasiyasına üz tutublar. Onlar rəhbərlikdən kiminsə onları qəbul etməsini istəyiblər. Bu mümkün olmayınca Prezident Administrasiyasının qarşısında etiraz etməyə yollanıblar. Bu zaman da qarşılarına polislər çıxıb.
Administasiyadan şikayətçilərə bildirilib ki, problemlərinin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsinlər. Onlar bu cavaba qane olmayıblar. Etirazlarını davam etdirəcəklərini deyiblər.
Ölkə başçısı İlham Əliyevin 19 apreldə verdiyi fərmana əsasən müavinət 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə verilir.
Ölkə başçısı İlham Əliyevin fərmanına əsasən ötən həftədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə başlayıb.