Sumqayıt şəhərində yaşayan Məmmədovlar ailəsinin yeganə övladı Sadiq İlham oğlu Məmmədov ötən il 567 balla daxil olduğu Polis Akademiyasından xaric olunub. Səbəb kimi Sadiq Məmmədovun epilepsiya xəstəsi olması göstərilib.
Ancaq Sadiq Məmmədovun valideynləri akademiyanın Tibb Məntəqəsinin mövqeyi ilə razılaşmırlar.
Sadiq Məmmədovun anası Mahnirə Məmmədova Meydan TV-yə bildirib ki, oğlunun təhsil aldığı 5 ayda heç zaman şikayət almayıblar. Sadəcə imtahan günü səhər naharını etmədiyindən ürəyi gedib və hospitala gətiriblər: “Biz Sadiqi hospitalda gördük. Bir həftə qaldığı hospitalda heç bir müayinə aparılmayıb və sonra dərsə buraxıblar. Amma bir həftə sonra akademiyanın həkimi Sərdar Əliyev kurs rəisi Mehman Həsənovla sövdələşib, hətta tələbə yoldaşlarına da imza atdırıblar ki, oğlum epilepsiya xəstəsidir. Bunlardan sonra Sadiqi bir mayorla həkim komissiyasına göndəriblər, bizim xəbərimiz olmadan müayinə aparılanda həkimlərdən biri oğlumun sağlam olduğunu əsas gətirərək “niyə tələbəni bura gətirmisiniz” deyə sual edib. Hətta Sərdar Əliyevə zəng edib bu barədə deyiblər də. Bu zaman Sərdar Əliyev komissiyanın rəisi Samir Quliyevlə əlaqə yaradıb və bununla vəziyyət dəyişib. Oğlum həmin mənzərənin şahidi olub”.
Mahnirə Məmmədova oğlunun məktəbdən çıxarılması qərarı qəbul olunandan sonra onları çağırıb bu barədə məlumatlandırdıqlarını söylədi: “Bizə dedilər ki, oğlunuzun epilepsik xəstəliyi olduğundan akademiya tələbəsi olması mümkün deyil. Çox xahiş etdik, hətta tibbi arayışlar da göstərdik, bizi dinləmədilər. Sadiqin 18 yaşı var, anası olaraq onda bu xəstəliyin heç bir simptomun hiss etməmişəm. Nəhayət, ən əsası Sadiq Polis Akademiyasına sənədlərini təqdim edəndə, həkim komissiyasının rəyini də verib. O zaman aparılan müayinə zamanı heç bir problem aşkarlamayıblarsa, bu gün dedikləri nədir, anlamırıq. Hətta hospitalda həkim Aygün Quliyevaya nə üçün belə bir xəstəlik olduğunu niyə yazdığını sual edəndə, “mən heç nə yazmamışam, sadəcə, “deyilənlərə görə, belə xəstəlik var” sözlərini yazmışam. Biz uşağın xəstəliyini görməmişik” cavabını eşitdim. Ondan sonra təkrar həkim komissiyasına müraciət etdim və yenidən müayinədən keçirdik. Heç bir xəstəlik tapmadılar. Buna baxmayaraq, əvvəlki diaqnozu yazdılar. Bunun səbəbini həkimlər Aygün Quliyeva və Ənvər Feyzullayevdən soruşduqda “biz bunu yazmasaq, həbs olunarıq” cavabını verdilər”.
Mahnirə Məmmədov DİN kadrlar idarəsinin rəisi Rafiq Abbasovun qəbulunda olduğunu bildirdi: “Rafiq müəllimin tapşırığına baxmayaraq, şikayətimizi eşitmədilər”.
Sadiq Məmədovun valideynləri daxili işlər naziri Ramil Usubova, prezident İlham Əliyevə və millət vəkili Mehriban Əliyevaya Meydan TV vasitəsilə müraciət edib, qarşılaşdıqları özbaşınalığın aradan qaldırılmasını xahiş etdilər.
Meydan TV məsələ ilə bağlı Polis Akademiyasına sorğu göndərib. Sorğunun cavabı verildikdən sonra dərc ediləcək.