Səhər qan analizi verməyin dərdindən…

“Sənə nə var, oturmusan arabada, biz qılçalarımız qırıla-qırıla…”

Source:

Vüktor Hüqo demişdi ki, “tənbəllik anadır, oğlu oğurluq, qızı aclıq”. O burda nədənsə atanı qeyd etməyib. Olsun. Başdan ayağa patriarxallığın bürüdüyü cəmiyyətdə yaşadığımız üçün ağlıma gələn ilk ailə başçısı-kişi, yəni ata oldu. Böyük mütəffəkərin aforizmini müzakirə etmək fikrim yoxdur. Düşüncənizi sətirlərin mənasında birləşdirin. Evin sahibəsi, uşaqları tərbiyə etmək və onları böyütməklə vəzifələndirilmiş ANA tənbəllik özəlliyini üzərində gəzdirirsə, onun oğlu oğurluğu, qızı isə aclığı tərənnüm edəcək.

Bu gün Odlar yurdumuzda oğurluq da, aclıq da kifayət qədər “nüfuza” malik, oturuşmuş ünsürlərdir. Deməli, bu ünsürlərin boy atıb, yetişməsində müəyyən qədər yaşa və təcrübəyə malik ANA, yəni tənbəllik var. Ona görə ölkəmizdə hər tərəfli durğunluq hökm sürür. Düzdür, işıq hələ tamamilə sönməyib. İşığın daim yanması üçün dayanmadan çalışan şəxslər var. Onların hesabına bu gün məmləkətimiz Əfqanıstanın, Pakistanın vəziyyətinə düşməyib. Amma o ovuc boyda işıq keşikçilərinin enerjisinin nə vaxt bitəcəyi də məlum deyil. Reallıq onu göstərirki, durumumuz yaxşı deyil.

Yuxunu bütün dəyərlərdən üstün sayan insanların olduğu cəmiyyətdə yaşayırıq. Onlar asanlıqla yuxu üçün vətən satarlar. Söhbət bioloji yuxudan gedir, yəni yatmaqdan. Zatən uca xalqımız uzun müddətdir mənəvi yuxudadır. İlahi, nə qədər adam tanıyıram ki, günorta 2-də, 3-də yuxudan güc-bəla ilə oyanırlar. Çox yatmaq tənbəlliyin ən əsas nişanələrindən biridir. O cür insanlar həyatının böyük hissəsini yuxuda keçir.

Çox yatan biri deyiləm. Hətta səhər 10.00-a kimi yatdımsa, özümə nifrət edirəm. Sutka ərzində 4-5 saatdan artıq yatmağı vaxt itkisi hesab edirəm. Bizə təqdim olunan belə gözəl həyatı niyə yuxuda keçirməliyəm? Səhərləri 7-da, 8-də oyananda özümü xoşbəxt hiss edirəm. Günüm gümrah halda və səmərəli keçir. Kitab oxuyuram, izləmədiyim filmlərə baxıram. Günümə idmanla başlayıram. Bir qız qohumum var, mənə səhərləri heç bir işə getmədiyim halda oyandığıma görə “mazoxist” deyir. Çünki özü 2-yə, 3-ə kimi yatanlar sinifinə mənsubdur.

O qızın üzündə neçə aylardır səpkilər var. Sırf səhər qan analizi verməyin “dərdindən” üzü o vəziyyətdə qalıb. Hətta onunla bir yerdə gəzintidə olanda mənə deyir ki, “kefdəsənee, oturmusan, biz qıçımız qırıla-qırıla gəzirik”. O, qəzadan sonra istifadə etdiyim əlil arabamı nəzərdə tutur. Düzdür, bu ifadələri zarafata deyir, amma o da var ki, zarafat həqiqətin yarısıdır. Başqa bir qohumum sırf səhərləri yatmağa görə bu yaxında öz çalışdığı iş yerindən ayrıldı. Hələ onun işi səhər 10.00-da idi. Əvvəllər yazılarımı oxuyardı, axır vaxtlar lap tənbəlləşib. Bilirəm oxumayacaq, ona görə belə rahat yazıram o sözləri.

Bir başqa qohumum isə yeni girdiyi iş yerində stolda oturduğu yerdə yatdığına görə işdən uzaqlaşdırıldı. Təhlükəsizlik kamerası da onun yatdığı anı lentə almışdı. Bunları deməklə qohumlarımı ifşa etmək niyyəti duymuram. Sadəcə misalları öz gördüyüm və mənə yaxın insanlardan çəkirəm. Millətin çoxu bu gündədir. Atatürk demişkən, yatan millətlər ya ölür, ya da kölə olaraq oyanar.

Fikir verirsiniz, kimlə söhbət edirsiniz, şikayət edir. Həmin şikayət edənlərin əksəriyyəti tənbəllərdir. Tamam. Razıyam, iş yerləri azdır. Hamını işə götürmürlər. Amma özlərini işə vermək istəməyənlərin çoxluğuna görə də bu səbəb sayılır. Nə qədər adam tanıyıram, nə təhsil alırlar, nə də bir sənət öyrənir. Həvəsləri yoxdur. Yaşamağa heç həvəsləri yoxdur. Onlar valideynlərindən də bunu görüblər, elə valideynlərinin ənənələrini davam etdirirlər.

Baxırsan ki, gəzir,dolaşır. Əlində nə qədər resurs var amma yenə də ağlayır. Resurslardan istifadə etməyə çalışmır. Onların ən böyük problemi tənbəllik və acizlikdir. Mən onu bilirəm ki, heç kimi öz problemlərimlə yükləməməliyəm. Buna heç bir haqqım yoxdur. Niyə kimsə məndən mənfi enerji alıb, günlərlə onun təsiri altında olsun?! Bəlkə elə mən öz problemimi bir günə çözəcəm, amma problemimi danışdığım şəxs günlərlə mənim şikayətlərimin mənfi aurasını öz ruhunda gəzdirməli olacaq.

Belə məqamlara həssas yanaşmalıyıq. Dərdləşmək olar, amma bilsəniz ki, qarşınızdakı adam sizə doğru yol göstərəcək. Yəhudi müdriki deyib ki, az ye, az danış və az şikayət et! Yəni ki qaranlığı qınamaqdansa, özün bir işıq yandır.

İslam peyğəmbəri deyib ki, insanlar iki şeyin qədrini bilməzlər: 1) vaxt; 2)sağlamlıq.. Vaxt itkisi ən böyük itkidir. 1 saatdan sonra həyatda olmaya bilərik. Niyə bizə bəxş olunmuş vaxtın dəyərini haqqı ilə ödəməyək?! Siz özünüzü inkişaf etdirməyə çalışmırsınız. Şəxsi inkişaf üçün nə kitab oxuyursunuz, nə idman edirsiniz, nə teatra gedir nə də nəsə öyrənməyə çalışırsınız. Sağlamlığınıza isə siqaret çəkmək, alkoqollu içki içmək, nə gəldi, neçədə gəldi, yemək və çox yatmaqla zərər verirsiniz.

İndi sizdən həm cəmiyyət, həm də elə özünüzə faydalı olmaq üçün ağac əkməyi, küçədəki heyvanlara bir az yemək, su vermək, insanları kitab oxumağa həvəsləndirmək, hüququnuzu və haqqınızı bilib, tələb etməyi istəsək, nə dərəcədə doğru olar, bilmirəm. Qərb ölkələri tənbəlliyi buraxıb, zəhmətin hesabına yüksəldilər. Şərq ölkələri (müsəlman ölkələri) tənbəllik plaşına bürünüb, qərbdən şikayət etməklə kifayətlənirlər. Tənbəllik genetik keçir deyə bir yazı oxumuşdum. Amma dəyişiklik etmək olar məncə. Həyat bizim, seçim bizim.

Reallığı qəbul etməyimiz, təslimiyyət anlamına gəlməsin. Bizim hər birimiz islahat apararaq, həyatımızda böyük dəyişiklər edə bilərik. Sonra islahatın nəticəsi olan həmin dəyişikliklər cəmiyyətə də sirayət edəcək. Belə bir ifadə var: Cəmiyyəti dəyişmək istəyirsənsə, özündən başla. Nə təəssüf hisslərinə qapanıb, olanlarla barışmaq, nə də “hə də bu gündəyik” deməməliyik. Hər birimizin proseslərə müsbət təsiri ola bilər. Keçmişə baxmaq və onunla öyünmək bizə xeyir gətirməyəcək. Hədəflərimiz və baxışlarımız ancaq – İRƏLİ!

Ana səhifəMənim FikrimcəSəhər qan analizi verməyin dərdindən…