Səfirliyin 347 min manat vəsaitini qumara xərcləməkdə günahlandırılan attaşeyə ittiham irəli sürülüb

Foto: Meydan TV

Nəcib Osmanov vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanova 8 il həbs cəzası istənilib.

İyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Nəcib Osmanov Cinayət Məcəlləsinin 179.3.2. (külli miqdarda mənimsəmə) maddəsilə – səfirliyin 347 min manat vəsaitini ələ keçirib, mərc oyunlarına yönəltməkdə ittiham olunur. Prokuror deyib ki, bu ittiham məhkəmədə sübuta yetirilib.

Keçmiş attaşe həm də Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsilə ittiham olunur. Prokuror bu maddə ilə məsuliyyətə cəlbetmə müddətinin keçməsini əsas gətirib, həmin ittihamdan imtina edib. Lakin digər maddə ilə 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Nəcib Osmanov hazırda həbsdə deyil, hökm çıxarılana qədər onun barəsində polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib. Prokuror təklif edib ki, ona 8 il cəza kəsilsin və məhkəmə zalında həbs olunsun.

İyunun 5-də Nəcib Osmanovun vəkili çıxış edəcək, sonra özü son sözünü deyəcək və ardınca hökm oxunacaq.

İttihama əsasən, 1988-ci il təvəllüdlü Nəcib Osmanov 2021-ci ilin may ayından 2022-ci ilin fevral ayına qədər dövlət büdcəsindən səfirliyə ayrılmış 347 min manat vəsaiti mənimsəyib. O, səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişlərinin yerinə yetirilməsi adıyla ödəniş tapşırıqlarını səfir Rəmzi Teymurova möhürlətdirib təsdiqlətdirərək, daha sonra həmin vəsaitlərin bankdan çıxarılıb, hesaba köçürülməsinə nail olub. Lakin sonradan vəsaitlər təyinatı üzrə xərclənməyib, mərc oyunlarına yönləndirilib.

Məhkəmədə ifadə verən keçmiş diplomat özünü təqsirli bildiyini deyib. O bildirib ki, Azərbaycanın Koreyadadakı səfirliyindən əvvəl Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində çalışıb. 2021-ci ilin fevralından isə Koreya səfirliyinə maliyyə məsələləri üzrə attaşe təyin olunub. Onun sözlərinə görə, 2021-ci ilin may ayından mərc oyunlarına aludə olub, onda asılılıq yaranıb.

Mən əməkhaqlarından götürməmişəm, kommunal xərclərdən götürmüşəm. Çox asılılıq yaranmışdı. Səfirlikdə heç kimin xəbəri yox idi. Çox peşmanam. Səfir möhür vururdu sənədlərə, aparıb banka verirdim, hesaba pul köçürdü. Həmin pulları yönəldirdim oyunlara. Çox peşmanam, çox. 77 min dollar ziyandan ödəmişəm. Qalanını da ödəməyə çalışıram”, – Nəcib Osmanov bildirib.

Ana səhifəSiyasətSəfirliyin 347 min manat vəsaitini qumara xərcləməkdə günahlandırılan attaşeyə ittiham irəli sürülüb