Xalid Bağırov: ”Görünən odur ki, hakimiyyət iqtisadiyyatda dövlət məmur monopoliyasından əl çəkmək istəmir”
Prezidenti İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ticarət nümayəndələri təyin olunduğu ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görəcəklər.
Fərmanda Nazirlər Kabinetinə ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi və diplomatik pasportla təmin olunması məqsədilə “Diplomatik xidmət haqqında” və “Pasportlar haqqında” qanunlara müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək, ticarət nümayəndələrinin fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin İqtisadiyyat Nazirliyinə ayrılmasını təmin etmək tapşırılıb.
Fərmanı “Facebook” səhifəsində şərh edən hüquqşünas Xalid Bağırov düşünür ki, hakimiyyət vəziyyətdən çıxışı sovet institutlarının bərpasında görür.
X.Bağırov xatırladır ki, dövlətin ticarət nümayəndəliklərinin tarixi sovetlərin ilk qurulduğu dövrlərə gedir:
“Sovet Rusiyası dövlət olaraq xarici dövlətlər tərəfindən həm siyasi baxımdan tanınmırdı, həm də iqtisadi embarqoya məruz qalmışdı. Dövlətin inhisarı üzərində qurulan sovet iqtisadiyyatının xarici əlaqələrini təmin etmək üçün “Sentrsoyuz” adlı kooperativ (kooperativ qeyri-dövlət strukturu olduğu üçün emborqoya daxil deyildi) yaradıb, sonra bu kooperativin xaricdə ticarət nümayəndəliklərini təsis etdilər. Uzun dönəm Sovet Rusiyasının, sonra da SSRİ-nin xaricdəki, yeganə təsisatı olan bu qurumlar xaricdə gerçək ticarət nümayəndəliyi ilə yanaşı, həmçinin diplomatik və xaricdəki kəşfiyyat funksiyalarını həyata keçirdirdilər. Sovetlər üzərindən iqtisadi embarqo götürüldükdən sonra, bu ticarət nümayəndəlikləri dövlətin ticarət nümayəndəliklərinə çevrildi. Zatən, SSRİ-də kommersiya dövlətin inhisarında idi”.
Hüquqşünas hazırda müasir dünyada ticarət nümayəndəlikləri institutlarının mövcudluğunu, amma nümayəndəliklərin ayrı-ayrı şirkətlərə aid olduğunu bildirib:
“Məsələn, SOCAR-ın xaricdəki nümayəndəliyi və ya Lüfthanzanın Bakıdakı nümayəndəliyi. Bu qurumların fəaliyyəti də Mülki Məcəllə ilə tənzimlənir. Görünən odur ki, dövlətin ticarət nümayəndəliyini yaradan hakimiyyət iqtisadiyyatda dövlət məmur monopoliyasından əl çəkmək istəmir”.