4 iyun ABŞ-ın Müstəqillik Günüdür. Bu münasibətlə ABŞ-ın Azərbaycandakı səfirliyi bayram tədbiri keçirib. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, iki vacib yubileyi qeyd edirlər: “Amerikanın müstəqilliyinin 240-cı ilini, Azərbaycanın müstəqilliyinin 25-ci yubileyini”.Tədbirə qatılan Azərbaycanın maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin ABŞ-a son səfərindən danışıb: “Cari ilin mart ayında ABŞ prezidenti, cənab Obamanın dəvəti ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfəri və keçirdiyi yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaratdı”.R.Sekuta 25 il müddətində ABŞ-ın hər zaman Azərbaycana maddi dəstək verdiyini bildirib: “Birləşmiş Ştatlar Azərbaycanın yanında olub. Bu 25 il ərzində Azərbaycana 1,3 milyard yardım göstərib. Bundan əlavə, 115 milyon dollar məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına vəsait ayırıb. Bütün bu müddət ərzinə Birləşmiş Ştatlar Azərbaycanın kənd təsərrüfatı, sənaye, adını çəkmədiyimiz digər sahələrin inkişafına öz köməyini göstərib”.R.Sekuta Meydan TV-nin sualını da cavablandırıb. O, “Azərbaycanda siyasi məhbusların olması Amerikanı narahat edirmi və hansı tədbirləri görür ki, bu problem birdəfəlik həll olunsun” sualına cavabında deyib : “Mən keçən ilin fevralında ölkəyə gəldikdən bəri Azərbaycanda insan haqları, qanunun aliliyi, demokratiyanın gücləndirilməsi istiqamətində birgə işləmişik. Qeyd etmək istəyirəm ki, bizim Azərbaycanla ikitərəfli əlaqələrimiz 3 əsas sahəni əhatə edir ki, bunlardan təhlükəsizlik, iqtisadiyyat, bir də demokratiya, insan haqları sahəsidir. Şahidi olmusunuz ki, son aylarda Azərbaycanda bu istiqamətdə əldə olunan irəliləyişləri Vaşinqton bəyənib, təqdir edib. Biz ümidvarıq ki, Azərbaycan bu istiqamətdə irəliləməkdə davam edəcək”.