Səfir: Ermənistanda güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır

Rauf Mirqədirov: ”Səfir tərəflərin bir-biri ilə razılaşmasının tükəndiyini göstərir, bu, çox təhlükəlidir”

Source:
Riçard Mills
Riçard Mills
Riçard Mills
Riçard Mills


Rauf Mirqədirov: ”Səfir tərəflərin bir-biri ilə razılaşmasının tükəndiyini göstərir, bu, çox təhlükəlidir”

Diplomatik missiyası başa çatan ABŞ-ın Ermənistandakı səfiri

Ricard Mills

bu ölkədə Qarabağ münaqişəsinin həlli yolları və ya güzəştlər üçün məqbul yol haqqında heç bir müzakirə aparılmadığından təəccübləndiyini deyir.

Səfir bildirib ki, Qarabağ münaqişəsinin həll olunması “işğal olunmuş ərazilərin müəyyən hissəsini qaytarmadan” mümkün deyil:

“Erməni xalqı hansı nizama salınmaya hazır olduğunu müəyyən etməlidir. Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıq prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan “ərazilər statusa əvəz olaraq ” düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəcüblənmişəm ki, bu variant artıq dəstək qazanmır”.

Diplomat vurğulayıb ki, 2016-cı ilin aprel döyüşü bu yanaşmanı kəskinləşdirib:

“Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov səfir Ricard Millsin bəyanatında məzmun baxımından yeni heç nə olmadığını bildirib:

“Amerikanın rəsmi siyasəti ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər azad olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünü ABŞ, Avropa Birliyi, NATO və Avropa Şurası tanıyır. Yəni Qərb münaqişəyə beynəlxaq hüquq normaları çərçivəsində yanaşır”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Amma Rauf Mirqədirov səfirin fikirlərində fərqli məqamların da olduğunu söyləyib:

“Bu, ondan ibarətdir ki, səfir danışıqların Azərbaycan üçün o qədər də məqbul olmadığı çərçivədə aparıldığını göstərir. Yəni Azərbaycanın “torpaq əvəzinə status” prinsipi əsasında danışıqların aparılmasına razılaşması düzgün deyil. İkinci, səfir Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəyə toxunub. Tərəflərin “vaxt bizə işləyir” mövqeyi doğru deyil. Çünki hər iki cəmiyyətdə müəyyən proseslər gedir. Ermənistan cəmiyyətində nəyisə dəyişməyin, hansısa çərçivədə əvvəlki dövrlərə qayıtmağın vacibliyinə, zəruriliyinə heç bir ehtiyac qalmayacaq. İndiki geopoltik situasiyada münaqişə hər iki dövlətin ziyanına olduğundan xarici qüvvələr bundan istifadə edəcək. Səfir prinsipcə “vaxt bizə işləyir” psixologiyasının ağır nəticəsinə işarə vurub. Yəni Ermənistan cəmiyyətində əgər əvvəllər “status əvəzinə ərazilər” düsturuna razılaşanlar çox idisə, indi bunun sayı azalıb. Səfir bundan ona görə təəccüblənir ki, Qərbdə bu variant münaqişənin həllinin yeganə yolu sayılır. Digər yol münaqişənin həllinə məcbur etməkdir, keçmiş Yuqoslaviyada olan Deyton razılaşması, kimi. Bu, xarici qüvvələrin hansısa qərarın qəbuluna məcbur etməsi variantıdır. Səfir tərəflərin bir-biri ilə razılaşmasının tükəndiyini göstərir, bu, çox təhlükəlidir. Çünki razılaşma resursu tükənəndə güc variantlarından istifadə olunacaq. Tərəflərdən biri güc variantından istifadə edəcəksə, indiki geopolitik şəraitdə xarici qüvvələrin müdaxiləsinə imkan yaranacaq. Problem ondadır ki, indiki şəraitdə tərəflərin alver predmeti də azalıb. Məsələn, Azərbaycan deyəcək ki, ərazilərimizi istəyirik, Ermənistan qaytarmağa hazır olduğunu, amma əvəzində nə verirsən deyə bildirəcək. Nəticə etibarı ilə Ermənistan 15 il əvvəl qazanacaqlarının bir çoxunu itirib, konkret olaraq BTC, Şərq-Qərb nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars dəmiryolu”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.

Ana səhifəXəbərlərSəfir: Ermənistanda güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır