“Səfir Azərbaycanın daxili işlərinə qarışır”

Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan uğrunda beynəlxalq aləmdə böyük bir vuruş gedir

Source:


Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan uğrunda beynəlxalq aləmdə böyük bir vuruş gedir

ABŞ-nin Azərbaycandakı səfiri Riçard Morninstarın Azadlıq Radiosuna müsahibəsi gündəmin müzakirə obyektindədir. Səfirin insan haqları, demokratiya məsələləri, məhkəmə hökmləri haqqında səsləndirdiyi tənqidi fikirlərin yaratdığı sualları YAP-çı deputat Aydın Mirzəzadəyə ünvanladıq.



 Aydın müəllim, Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Azadlıq Radiosuna müsahibəsində “Azərbaycan hakimiyyəti monolit deyil” fikrini işlədib. Cənab səfir mətbuata, QHT sektoruna təzyiqləri nəzərdə tutur, siz deyilənləri necə şərh edərdiniz, bölüşürsünüzmü?

– Ümumən Morninqstar Azərbaycanda səfir olduğu dövrdə özünü hər iki ölkə əlaqələrini möhkəmləndirməyə, Azərbaycanla işləməyə meylli olan, Azərbaycandakı proseslərə obyektiv qiymət verən insan kimi tanıdıb. Onun Azadlıq Radiosuna verdiyi müsahibə bizim tanıdığımız Morninqstarla ziddiyyət təşkil edir. Məsələn, səfirin hökumətlə bağlı dedikləri Azərbaycanın daxili işlərinə qarışmasıdır. Səfir daxili siyasətə, hökumətin necəliyinə qiymət verməli deyil, onun yeganə vəzifəsi iki ölkə arasındakı münasibətlərdə körpü rolunu oynamaqdır. Hökumətə qiyməti Azərbaycan vətəndaşı verir, Azərbaycanın siyasi qüvvələri verir, o cümlədən, yerli mətbuat verə bilər. Bu baxımdan səfirin qiyməti sadəcə diplomatik cəhətdən korrektəli deyil. Azərbaycan hökuməti bu gün prezident cənab İlham Əliyevin komandasıdır və bu komanda 11 il ərzində çox böyük sıçrayışa nail olub. Heydər Əliyev siyasi kursu davam etdirilməklə Azərbaycan iqtisadiyyatı inkişaf edib, beynəlxalq nüfuzumuz artıb, insan hüquqlarının qorunması üçün maksimum işlər görülüb, demokratik imicimiz möhkəmlənib. Azərbaycan bu gün açıq multikulturizmin bərqərar olduğu cəmiyyətdir. Hesab edirəm ki, bu cür fikir monolit olan hökuməti qeyri-monolit görmək üçün edilən çox uğursuz bəyanatlardan biridir.



Ancaq səfir bildirir ki, prezidentin Qərbə, ABŞ-la münasibətlərin vacibliyinə inandığına əminliyini bildirsə də, hakimiyyətdə başqa adamlar da var. Düzdür, səfir ad çəkmir, amma mətbuatda deputat, komitə sədri Eldar İbrahimov Rusiyanın Ukrayna hadisələrindəki hərəkətlərini təqdir edən açıqlamaları yer aldı. Yaxud cənab Ramiz Mehdiyev Rusiyanın “Dostluq”, müdafiə nazirinin müavini. Baş Qərargah rəisi Nəcməddin Sadıqov Dağıstanın Milli Qəhrəmanı ordenini alıb. Bütün bunları media Azərbaycanda Rusiyameylli qüvvələrin olduğu kimi qiymətləndirir. Bu barədə nə deyə bilərsiniz?

– Çox səhv siyasi qiymətdir. Birincisi, Azərbaycanın daxili və xarici siyasətini dövlət başçısı cənab İlham Əliyev müəyyənləşdirir. Bu siyasət də Azərbaycana daxildə və xaricdə uğur gətirir. Cənab prezidentin komandası bu gün onun siyasətini yerinə yetirməklə məşğuldur. 1993-cü ildən, ulu öndər Heydər Əliyevdən başlayaraq Azərbaycan balanslaşdırılmış xarici siyasət yeridir. Ermənistandan başqa bütün dövlətlərlə yaxşı münasibətlərimiz var, bu gün Azərbaycan həm Qərbpərəst, həm Rusiyapərəst, həm İranpərəst, həm Gürcüstanpərəst, həm Türkmənitanpərəst, həm Cənubi Afrikapərəstdir. Kim ki Azərbaycanı bir ölkənin forpostu kimi görmək istəyirsə, yanlışlığa yol verir. Azərbaycanın maraqları harada yaxşı qorunursa, o mərkəzlə də əməkdaşlıq edəcəyik.



Yəni balans siyasəti qalır?

– Əlbəttə ki, qalır. Kimlərinsə xarici ölkə mükafatlarına təltif ediləməsinə gəlincə, bu gün adıçəkilən şəxslər ABŞ-nin da dövlət mükafatı ilə təltif edilə bilərlər. Bu məsələdə hər hansı bir problem yoxdur. Sadəcə, Azərbaycanın çoxvektorlu xarici siyasəti ola bilsin hansısa dairələrə sərf etmir. Amma bu, Azərbaycanın xarici siyasətidir, bu mənada biz, ilk növbədə, öz maraqlarımızı qoruyuruq. Azərbaycan beynəlxalq hüquq normalarına hörmət edir, başqa dövlətlərlə münasibətlərdə həmişə ortaq nöqtələr axtarır. Səfirin bəyanatına toxunduğunuz üçün ABŞ-la çox sıx diplomatik, iqtisadi, hərbi əməkdaşlıq praktikası var. Hər ilin aprelində Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq müzakirələri gedir. Bu gün Azərbaycanda ABŞ şirkətləri biznes fəaliyyəti ilə məşğuldurlar.



 Ancaq xarici siyasətdə artıq seçim vaxtının olduğunu deyənlər də var…?

-Azərbaycan seçimini 1993-cü ilin iyununda edib, 20 ildən çoxdur ki, bu seçim özünü doğruldur.



 Fikir verdinizsə, Fransa prezidenti Ollandın Bakı səfəri səfəri zamanı onun hakimiyyətdən seçim istədiyi barədə şərhlər oldu. Mətbuat kontekstində hətta onun tərəfindən vurğulandı ki, səfərə Ukrayna hadisələri kontekstində yanaşılmalıdır. Yəni Azərbaycan Ukrayna hadisələri hadisələrinə münasibətdə öz mövqeyini ortalığa qoymalıdır. Şərhlərə və bu fikrə münasibətiniz necədir?

– Birincisi, əgər belə bəyanatlar səsələnibsə, deməli, Azərbaycan xarici dövlətlər üçün maraq doğurur. Bu gün Azərbaycan uğrunda beynəlxalq aləmdə böyük bir vuruş gedir. Hər biri Azərbaycanı özünün yanında görmək istəyir, digəri ilə bölüşmək istəmir, bu, yaxşı bir haldır. Deməli, Azərbaycanın bütün tərəflərlə dostluq etməsi həm həmin ölkələr, həm dünya, həm də bizim üçün maraq doğurur. Ukrayna məsələsinə gəldikdə, Azərbaycan prinsipial şəkildə BMT-də bu ölkənin ərazi bütövlüyünün dəstəklənməsinə səs verdi, bu mövqe bizim rəsmi mövqeyimiz olaraq qalır.



Ancaq deputat Eldar İbrahimov bildirdi ki, Rusiyanın Krımı ilhaqı düzgün addımdır…

– Eldar İbrahimovun belə bəyanatı olmayıb. O, mətbuata dedi ki, Rusiyanın bu gün Qarabağı Ermənistandan alaraq Azərbaycana verməyi çox düzgün bir addım olardı. Mən bunu düzgün mövqe sayıram. Rusiyanın regiona və Ermənistana təsiri böyükdür, Dağlıq Qarabağ probleminin həllində Moskva çox fəal və aparıcı rol oynaya bilər.



Rusiya bunu edərmi?

– Biz bunu Rusiyadan istəyirik.



Siz Qüdrət Həsənquliyevin “Rusiya ordusu Azərbaycana qaytarılsın” fikrinə necə qiymət verərdiniz?

–  Mən onun dedikləri ilə razılaşmıram, şəxsən özünə də demişəm. Onun bu fikri səhvdir. Azərbaycan ona görə xarici qoşunları ərazisindən çıxartmayıb ki, nə vaxtsa həmin qoşunları çağırsın. Hərbi doktrinamıza görə, Azərbaycan ərazisində xarici qoşunlar ola bilməz.

(embedded content removed)

Ana səhifəXəbərlər“Səfir Azərbaycanın daxili işlərinə qarışır”