“Səfir Aleksandr Mişenkonun iradları tamamilə haqlıdır”

“Mövcud hakimiyyət nəinki Almaniya kansleri Merkeli, hətta ABŞ prezidenti Obamanı da hədəfə alır. Hərdən həyasızlıq da görürük”

Source:


“Mövcud hakimiyyət nəinki Almaniya kansleri Merkeli, hətta ABŞ prezidenti Obamanı da hədəfə alır. Hərdən həyasızlıq da görürük”


Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenkonun Elxan Şahinoğlunun “Maydandan Maydana” kitabının təqdimat mərasimindəkli çıxışı onu hədəfə gətirib. Artıq hakimiyyətin təsiri altında olan media orqanları və bəzi deputatlar səfirin persona non-qrata edilməsinin vacibliyindən yazırlar.

A.Mişenko çıxışı zamanı əsas diqqətini Rusiyanın işğalçı siyasəti üzərində cəmləyib. Səfir həmçinin bu yaxınlarda AŞ PA-da keçirilmiş müzakirələrə və onun nəticəsində Rusiyanın səsvermə hüququndan mərhrum edilməsinə toxunub. Diplomat Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı həmin müzakirələr zamanı tutduğu mövqedən təəssüfləndiyini də gizlətməyib.

“Azərbaycan Ermənistanla birgə AŞ PA-da Rusiyanı dəstəklədi. Niyə? Özü də erməni deputatları heç səsvermədə də iştirak etmədilər, yəni daha diplomatik davrandılar. Azərbaycan həmişə ikili standartlardan şikayətlənir. Ədalət Azərbaycanın tərəfindədir. Bəs Ukraynanın günahı nədir?” deyə Mişşenko bildirib.

Səfir onu da bildirib ki, o, hansı görüşə gedirsə, Azərbaycan rəsmiləri ondan Rusiya barədə danışmamağı xahiş edirlər:

“Mən nə edim, çıxım deyim ki, Bakıda senzuraya məruz qalıram? Deyim ki, Bakıda senzura tətbiq edənlər ölkədə senzuranın olmadığını deyirlər? Harasa çıxış etməyə gedəndə mənə dərhal zəng vurub Rusiyanı tənqid etməməyimi xahiş edirlər. Ölkəsi Rusiyanın təcavüzünə məruz qalan bir ölkənin səfiri bəs nə danışmalıdır?”

Politoloq Hikmət Hacızadə yaranmış durumu Meydan TV-yə şərh edərkən bildirib ki, səfir bu cür danışmaqda doğru addım atıb, çünki ölkəsinin mənafeyini müdafiə edib. Diplomatın iradları tamamilə haqlıdır. Baxın, Azərbaycan və Ukraynanın vəziyyətinə, hər iki ölkə təcavüzə məruz qalıb.

“Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı mövqeyi heç cür anlaşılan deyil. Buna qədər Azərbaycanın Ukraynaya verdiyi mənəvi və başqa dəstəkləri AŞ PA-dakı münasibəti ilə biabırçılıq sayılmalıdır. Bizim deputatlar bitərəf də qala bilərdilər. Guya, həmin səsverməylə nəyəsə nail oldular? Rusiyanı aldatmaq olar? Ermənistan belə bitərəf qalıb, biz niyə qabağa düşmüşük, bu, mənə aydın deyil. Məncə, baş verənlər xarici siyasətin növbəti uğursuzluğudur. Hakmiyyətin diplomatın üstünə getməsi təbiidir. Mövcud hakimiyyət nəinki Almaniya kansleri Merkeli, hətta ABŞ prezidenti Obamanı da hədəfə alır. Hərdən həyasızlıq da görürük. Ona görə mən son hadisələrə görə təəccüblənmirəm”,-deyə Hikmət Hacızadə bildirib.

Politoloq səfirin persona non-qrata ediləcəyinə inanmır: “Böyük qəbahətlər olanda bu cür qərar elan olunur. Amma “niyə bizi dəstəkləmirsiniz” sözlərinə görə bu addım atılmaz. Söhbət normal ölkədən gedir. Amma biz hələ normal ölkə səviyyəsində deyilik”.

Hikmət Hacızadə bildirib ki, Ukrayna dövləti Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıyıb. O cümlədən, Ukrayna ziyalıları və cəmiyyəti həmişə Azərbaycana dəstək verib: “Bəs biz silahları hardan alırıq, bir qismi Ukraynadan gəlir də.”

Ana səhifəXəbərlər“Səfir Aleksandr Mişenkonun iradları tamamilə haqlıdır”