Səfərbərlik, yoxsa hərbi təlim?

Hüquqşünas Xalid Ağəliyev də orduya aparılıb

Source:


Hüquqşünas Xalid Ağəliyev də orduya aparılıb

Ötən həftənin sonundan başlayaraq Azərbaycanın bir sıra hərbi hissəsində hərbi təlimlərə hazırlıq gedir.

Bu barədə Meydan TV-yə bir neçə hərbi hissədən bildiriblər.

“Ötən həftənin sonlarından hərbi hissəmizə komissiya və yüksək rütbəli zabitlər gəlib. Bizə bu həftə təlimlər keçiriləcəyi bildirildi. Deyilənə görə, bir çox bölgədəki hərbi hissələrdə eyni təlimlər keçiriləcək. Əslində təlimimiz yeni bitmişdi, dediklərinə görə yenə başlayır”, – adının açıqlanmasını istəməyən hərbçi Meydan TV-yə deyib.

Sentyabrın 21-dən ehtiyatda olan hərbçilər də qeydiyyatda olduqları hərbi komissarlığa çağırılıblar. Sosial şəbəkələrdə müxtəlif rayonların hərbi komissarlığı önündən fotolar paylaşılıb.

Meydan TV əməkdaşları da Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən hərbi komissarlığın önündə qələbəliklə rastlaşıblar.

Zabit kimi hərbi təlimlərə aparılanlar arasında hüquqşünas Xalid Ağəliyev də var. Hazırda onunla əlaqə saxlamaq mümkün olmasa da, hüquqşünas ən son danışığında hərbi təlimə aparıldığını söyləyib. Bunun nə qədər sürəcəyi barəsində məlumatsız olduğunu deyib.

Baş verənlər ictimaiyyət arasında ajiotaj yaradıb. Sosial şəbəkələrdə səfərbərliyə başlandığı deyilir. Lakin rəsmi qurumlar deyiləni təkzib edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib ki, səfərbərlik elan olunmayıb, ehtiyatda olan hərbçilər xüsusi toplanışa çağırılırlar.

Qurumun açıqlamasına görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılır.

Yayılan məlumatlardan biri də “Pickup” modelli avtomobillərin yığılmasıdır. Avtomobili olan bir neçə şəxs Meydan TV-yə yazaraq bildirib ki, polis sentyabrın 21-də onları saxlayaraq eyni model avtomobillə qəza törədildiyindən cərmə meydançasına gedərək, aydınlaşdırma aparmağın lazım olduğunu deyib. Vətəndaşlar bildirirlər ki, cərimə meydançasına gedəndə onlara deyilib ki, avtomobilləri hərbidə lazım ola bilər. Ona görə siyahıya alırlar. Vətəndaşlar belə bir haldırsa, polisin onlara niyə yalan söylədiyini anlamadıqlarını deyirlər.

“Avtomobil nəqliyyatı haqqında” Qanunun 12-ci maddəsində deyilir ki, avtomobil nəqliyyatında səfərbərlik hazırlığının təmin olunması və avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi mümkündür.

12.1. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları avtomobil nəqliyyatının səfərbərlik hazırlığının zəruri səviyyədə saxlanmasını təmin etməlidirlər.

12.2. Təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə avtomobil daşıyıcıları onların nəticələrinin aradan qaldırılmasını idarə edən dövlət orqanlarının qanuni tələblərini yerinə yetirməyə borcludurlar.

12.3. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunmuş avtomobil daşıyıcılarının qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı çəkdiyi xərclərin və ya onlara dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

12.4. Avtomobil nəqliyyatının səfərbərlik hazırlığı və avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunur.

Sentyabrın 19-da Prezident İlham Əliyev yerli mediaya müsahibəsində Ermənistanın “yeni müharibəyə hazırlaşdığını” bildirmişdi.

Sentyabrın 20-də isə Baş Prokurorluq məlumat yaymışdı ki, Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb. Nəticədə əsgər Qurban Qurbanov sağ çiyin nahiyəsindən yaralanıb.

Bu gün, sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bu barədə hər hansı məlumatının olmadığı açıqlamasını verib.

Ana səhifəXəbərlərSəfərbərlik, yoxsa hərbi təlim?