Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında çıxış edərkən cəbhədə könüllü vuruşmaq üçün bu günlər ərzində 150 nəfərin müraciət etdiyini
bildirib
.
O, bu rəqəmi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərinə istinadən deyib.
“Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər Xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik”.
Səfərbərlik Xidməti bundan əvvəl isə mətbuata fərqli məlumatlar verirdi. İyulun 13-də, döyüşlər başlayandan bir gün sonra xidmət özünün “Facebook” səhifəsində ehtiyatda olan vətənpərvər Azərbaycan gənclərinin könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətlər etdiyini bildirmişdi. Bu barədə “
Report
” saytı da yazıb.
İyulun 15-də Prezidentin çıxışına qədər, Səfərbərlik Xidməti bununla bağlı gənclərə müraciət edərək, təşəkkür də edib. Xidmətə istinadən “
Report
” yazıb:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlara göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirirdi.
“Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır. Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir”.
Prezidentin çıxışından sonra isə belə bir sual yaranır; 150 nəfər Səfərbərlik Xidməti üçün çoxsaylı hesab olunur, yoxsa xidmət Prezident və mətbuata fərqli məlumatlar verir?