Keçmiş idarə rəisi həbs olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin vəzifəli şəxsləri istintaqa cəlb edilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, istintaq müəyyənləşdirib ki, 08.11.2016-cı ildən 08.05.2019-cu ilədək sözügedən idarənin rəisi işləmiş Rövşən Əlixan oğlu Babayev Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Yaşar Ağahüseyn oğlu Hüseynovla (hazırda SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə rüşvət alıb. Habelə vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Xidmətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
Rövşən Babayev və Yaşar Hüseynova Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Məlumatda deyilir ki, prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən Rövşən Babayev barəsində həbs, Yaşar Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
“Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Babayev Rövşən Əlixan oğlunun qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 – Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur”, – deyə məlumatda vurğulanır.