Sədrəddin Atakişizadə: Peyvəndlənmə pandemiya bitənə qədər davam etməlidir

“Bir yaxşı cəhət var ki, pandemiyanın müddəti uzandıqca, qarşıdan daha yüngül formalar gəlir”

Source: ATU


“Bir yaxşı cəhət var ki, pandemiyanın müddəti uzandıqca, qarşıdan daha yüngül formalar gəlir”

“Məhz peyvənd olunmayanların hesabına yoluxanların sayı günü-gündən artmaqda davam edir”.

Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə belə deyib. Onun sözlərinə görə, pandemiyanın qarşısının alınması üçün hələ ki mütəxəssislərin tövsiyə etdiyi iki yol var:

“İlk növbədə insanlar vaksinasiya olunmalıdır. İkinci yol isə sosial məsafənin qorunması, qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə olunmasıdır. Əgər biz hava-damcı infeksiyasının yayılmasının qarşısını almaq üçün lazımi sosial məsafəni gözləyəriksə, infeksiyanın xəstədən sağlam insana keçmə ehtimalı kəskin şəkildə aşağı düşər. Xəstə maska taxırsa, onun ətraf mühitə virus yayma ehtimalı aşağı olur. Eyni zamanda qarşı tərəf də maskadan istifadə edirsə, onun yoluxması ehtimalı sıfıra bərabərdir”.

Mütəxəssis deyib ki, xəstəlik keçirmək və peyvənd olunmaq – hər iki halda orqanizmdə immunitet yaradır: “Birincisi təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir. Buna nümunə üçün qızılca xəstəliyini göstərmək olar. Belə ki, qızılcanı keçirən və ya vaksinini qəbul edən şəxslərdə həyati immunitet yaranır. Onların ömürlərinin sonunadək əlavə peyvənd olunmağa ehtiyacları qalmır. İkincisi isə süni yaranan immunitetdir ki, o da vaksinasiyanın hesabına əmələ gəlir. Süni yaranan immunitetlərin davamlılıq müddəti bəzən 6 ay, 1 ilədək çəkir. Bu müddət ərzində vaksin olunan şəxsin immunitetində zəifləmə prosesi gedir. Əlavə dozanın qəbuluna ehtiyac yaranır. Elə koronavirusda olduğu kimi. Ona görə də pandemiya davam edərsə, yoluxmaların sayında azalmalar olmazsa, iki doza qəbul edənlər 6 aydan sonra 3-cü dozanı da qəbul etməyə məcburdurlar. Hətta ola bilər ki, pandemiya bitənə qədər 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yaransın”.

Sədrəddin Atakişizadə ATU əməkdaşının “3-cü doza əvvəl vurulmuş iki vaksinlə eyni olmalıdır, yoxsa fərqli” sualını belə cavablandırıb:

“Bu, mutasiyaya uğrayan bir virus olduğundan, bir formadan digər formaya keçir. Xatırlayırsınızsa, əvvəl COVİD-19 idi, sonra başqa ştamlar meydana çıxdı, indi “Delta” gəldi. Bunlar hamısı nəticə etibarilə koronavirusdur. Amma mutasiyaya uğradıqca, yüngül formaları üzə çıxır. Bu ştamlar bəzi xəstələrdə özünü ağır şəkildə büruzə verə bilər. Amma bir yaxşı cəhət var ki, pandemiyanın müddəti uzandıqca, qarşıdan daha yüngül formalar gəlir. O ki qaldı 3-cü dozanın qəbulunda hansı vaksin vurulmasına, eyni də ola bilər, fərqli də. Düzdür, praktikada vaksin həmişə konkret ştamlara qarşı hazırlanır. Amma ştamlar qısa müddətdə mutasiyaya uğrayır, vaksinin hazırlanmasına isə çox vaxt lazım olur. Odur ki, hazırda istifadə etdiyimiz vaksinlər ciddi ağırlaşmalar yaratmadığı üçün istənilən ştamma qarşı tətbiq etmək məsləhət görülür. Çünki əlimizdə olan vaksinin tətbiqi yalnız pandemiyanın yayılmasının qarşısının alınmasına xidmət edə bilər”.

Ana səhifəXəbərlərSədrəddin Atakişizadə: Peyvəndlənmə pandemiya bitənə qədər davam etməlidir