Seçkilərin taleyi: əvvəl və sonra

Azərbaycanda daxili problemlər çoxaldıqca, rəsmi Bakıya super güclərin təzyiqləri üçün əlavə şans yaranır

Source:


Azərbaycanda  daxili problemlər çoxaldıqca, rəsmi Bakıya super güclərin təzyiqləri üçün əlavə şans yaranır

Parlament seçkilərinə sayılı günlər qaldı. Lakin ölkədə  siyasi mübarizə hiss edilmir.  Siyasi müstəvinin dağıdılması cəmiyyətin tam deqradasiyası ilə başa çatmaqdadır. Azərbaycanda indiyənə qədər seçkilərə bu qədər biganə münasibət olmamışdı. Ölkədə siyasi hava ölkənin iqlimi ilə üst-üstə düşür. Yaz, yay, payız – “üçü birlikdə” təsirini bağışlayır. Hakimiyyətə beynəlxalq  təzyiqlər artmaqdadır.  Siyasi məhbus problemi rəsmi Bakı üçün ciddi problemlər yaradır. Lakin Azərbaycanda işarəni yalnız xaricdən gözləmək ənənəsinə də son qoymaq lazım gəlir. Azərbaycan hakimiyyətini Qərbin “daxili məsələlərə burnunu soxması”, demokratiya tələblərini artırması qəzəbləndirir. Hər seçkidə olduğu kimi, bu dəfə də “rəngli inqilablar” barədə hakimiyyət təbliğatı əsas prioritet kəsb edir.

İqtidar sakit görünməsinə baxmayaraq, sıravi obıvatelin belə seçdiyi dərəcədə narahatdır. Son prezident seçkilərində ABŞ-la “atəşkəs” elan etməyə nail olan Bakı Vaşinqtonun seçki ərəfəsində təzyiqləri artıracağını gözləyir. Lakin hakimiyyəti indi daha çox Rusiyanın planları narahat edir. Moskvanın planında demokratik dəyişikliklər deyil, konkret geosiyasi tələblər durur.

Azərbaycan hakimiyyəti Qərbin demokratiya tələblərini müəyyən mənada nəzərə ala bilir, lakin Rusiyanın tələblərinə əməl etmək özünü alovun içinə atmaq deməkdir. Belə vəziyyət uzun müddət davam edə bilməz. Bu baxımdan, rəsmi Bakı özünü qorumaq üçün tərəflərdən biri ilə anlaşmaq zorundadır. İstər Qərb, istərsə də Rusiya seçkilərə qədər Bakını diz çökdürə biləcəyini nümayiş etdirir.

Xarici təzyiqlər önəmli dəyişiklik üçün kifayətdir. Lakin müxalifət parlament seçkiləri ərəfəsində birlik modelini gücləndirərsə, konkret fəaliyyət proqramına malik olarsa, xarici güc mərkəzləri də planlarını sərtləşdirə bilər.

Bütün ümidlərin yalnız xarici amil ilə əlaqələndirilməsi də yanlış olardı. Əgər seçki ərəfəsində Rusiya prezidenti və yaxud “Ağ ev”in sahibi İlham Əliyevi qəbul edərsə və rəsmi Bakını müdafiə etdiyini bəyan edərsə, gözləntilər puça çıxa və protest elektoratını xəyal qırıqlığına uğrada bilər. Bu baxımdan, xarici amil olmadan da, protest elektoratı ilə iş gücləndirilməli, vahid koordinasiya və mübarizənin taktiki, strateji tərəfləri nəzərə alınmalıdır.

Azərbaycanda  daxili problemlər çoxaldıqca, rəsmi Bakıya super güclərin təzyiqləri üçün əlavə şans yaranır. Daxili problemlər super güclərin manevr predmetinə çevrilməkdədir.  Bu isə ona gətirib çıxara bilər ki, vəziyyət qəlizləşərsə, iqtidar müxalifətlə deyil, bu narazılıqlardan məharətlə istifadə edən xarici güclərlə anlaşa bilər. Bir sözlə, müxalifət üçün oyundan kənar qalmaq təhlükəsi mövcuddur. Bu baxımdan, müxalifətin hazırkı dövr üçün “deputatlığa vahid namizədlər” siyahısının elan olunması, seçkidə vahid siyahı ilə çıxış etməsi son dərəcə vacibdir.

Vahid  siyahısız və situasiyanın dəyişdirilməsinə nail olmadan protest elektoratını meydanlara, yaxud seçki məntəqələrinə səsləmək perspektiv vəd etməyəcək. Unutmaq lazım deyil ki, bu gün özünü müxalifətin deputatlığa namizədi kimi təqdim edənlərin çox az bir qismi gerçəkdən bu missiyanın  daşıyıcılarıdır. Yaxın zamanlarda Azərbaycanın siyasi həyatında nələrin baş verəcəyini isə proqnozlaşdırmaq çətindir.

Müxalifət seçkilərlə bağlı vahid mövqe sərgiləməlidir. Əslində boykot və ya seçkidə iştirak məsələsi ciddi müzakirə edilməli  və bununla bağlı yekdil qərar qəbul edilməlidir. Əgər, vəziyyət dəyişməyəcəksə, seçkidə iştirak mənasızlaşır. Lakin boykot ideyası da situasiyanın dəyişməsi baxımından böyük uğur vəd etmir.

İnsanların həddən ziyadə praqmatikləşdiyi dövrdə  özünü fəda etməyə hazır olan siyasətçiləri tapmaq da çətindir. İstənilən baxımdan, qarşıdan gələn parlament seçkilərində müxalifətin vahid siyahı ilə çıxış etməsi optimal variantdır. Əgər bu gün protest elektoratı vahid siyahıda olanları az qala idealizə edərsə, seçkidən sonra məğlubiyyət yaşanarsa, səmalara qaldırdığı liderlərdən qisas almaq istəyəcək.  Odur ki, post-seçki dövrünə də indidən hazırlaşmaq lazım gəlir. Seçkilərdə qələbənin həzzini hamı dadmaq istəyəcək, ona hamı şərik olmaq arzusunda olacaq. Məğlubiyyətə görə isə yalnız seçkidə iştirak edənlər cavab verməli olacaq və cəmiyyət tərəfindən linç olunmaq təhlükəsi ilə üzləşəcək.

Əslində müxalifətin vahid siyahısını yaratmaq, məsuliyyəti üzərinə götürmək və gələcəyini riskə atmağı ehtiva edir.  Əgər yuxarıda söz açdığımız xarici təzyiqlər azalarsa, seçkidən sonra küçə mübarizəsinə çıxmaq istəyənlərin sayı da azala bilər.

Yalnız bir partiyanın nümayəndəsi kimi seçkiyə getmək məsuliyyəti tərəfdarları qarşısında daşımaq anlamına gəlir.  Lakin müxalifətin parlament seçkilərinə vahid siyahı ilə qatılması yaranmış çətin situasiyada ən optimal variant kimi dəyərləndirilə bilər. Unutmaq olmaz ki, əsas proses seçkidən dərhal sonra başlayacaq. Seçkinin taleyi də seçkidən sonra həll ediləcək. Buna hazır olmaq lazımdır…

Ana səhifəXəbərlərSeçkilərin taleyi: əvvəl və sonra